
Narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə "Səhnə" teatrı "Qaranlıqdan işığa" adlı tamaşa hazırlayıb.
Bundan öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan, Əmircan və Mərdəkanda nümayiş olunan tamaşa sentyabrın 20-də Nardaran Mədəniyyət mərkəzində oynanılıb. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib. Günay Firudinqızının aparıcılığını etdiyi tədbiri izləyənlər arasında məktəblilər və gənclər üstünlük təşkil edib.
Əsərdən öncə ilk söz "Liatris Holding"in rəhbəri Ruhi Əliyevaya verilib.
Daha sonra "Qaranlıqdan işığa" tamaşası nümayiş etdirilib. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir. Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.
Səhnə əsərini izləyən Sabunçu rayonu İcra Hakimiyyətinin ictimai - siyasi-humanitar məsələlər üzrə şöbə müdiri Ədalət Teymurov və "VMR" şirkətlər qrupunun baş direktoru Vüsal Həsənov öz müsbət fikirlərini bildirib, bu cür maarifləndirici əsərə görə "Səhnə" teatrına təşəkkür ediblər.



