
Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında “Şuşa ili” çərçivəsində “Şuşa, sən azadsan!” adlı elmi-ədəbi tədbir keçirilib. Tədbirdə öncə, torpaqlarımızın azad olunması, Dövlət müstəqilliyimizin, suverenliyimizin qorunması uğrunda canını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Yaqut Bahadurqızı açaraq qələbə qoxulu, xarıbülbül ətirli Şuşanın 30 ilə yaxın müddətdə əsirlikdən – düşmən tapdağından azad olmasını, Azərbaycanın ürəyinə qovuşmasını vurğulanıb.
525.az xəbər verir ki, səhnədə qoyulmuş monitor vasitəsilə “Şuşa – mədəniyyət paytaxtı” filmi nümayiş olunub. M.Ə.Rəsulzadə adına Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin tarix müəllimi Ülviyyə Şükürova “Şuşa işğaldandan öncə, işğal dövrü və bu gün” mövzusunda məruzə etdərək Şuşa şəhərinin tarixindən, şəhəri qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa etdirən Pənahəli xan və İbrahimxəlil xanın əhəmiyyətli fəaliyyətindən, XVIII- XIX əsrlərə aid olan abidə və tikililərindən bəhs edib.
“Şuşanı mədəniyyətimizin beşiyi edən şəxsiyyətləri” mövzusunda məruzə edən Yaqut Bahadurqızı Şuşa şəhərinin Azərbaycan mədəniyyət tarixində xüsusi bir yer tutmasından, bu bölgədən və şəhərdən milli mədəniyyətimizin inkişafına böyük töhfələr verən Xurşidbanu Natəvan, Gövhər ağa, Cəfərqulu xan, Uğurlubəy, Fərzəlibəy, Nəcəfqulu ağa, Hacı qulu, Səfibəy kimi tanınmış şəxsiyyətlərin Azərbaycan maddi və mənəvi mədəniyyətinin inkişafı üçün böyük işlər görməsindən bəhs edib. Natiq, eyni zamanda, təkcə XIX əsrdə Şuşada yaşamış 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 rəssam, 12 katib, 5 astronom, 18 memar, 16 həkim, 42-dək müəllim və başqa şəxsiyyətlərin şəhərin mədəni inkişafında oynadığı mühüm rolu vurğulanıb.
Tədbirin bədii hissəsində Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri Aişə Əsgərzadə, Rüfanə Məmmədova, rayonun Atakişili kənd tam orta məktəbinin şagirdləri İlahə Xəlilova, Məlahət Xaspoladova, Səbinə Məmmədova, Qacar Sadıqov adına Mollakən tam-orta məktəbinin şagirdi Behbud Alıyev Şuşaya həsr olunmuş şeirləri məharətlə ifa ediblər.
Tanınmış xanəndə Səfalı Əliyevin “Şuşanın dağları” mahnısını şövq ilə ifa etməsi tədbir iştirakçılarının alqışına səbəb olub.
Tədbirdə şəhid anası Simuzər Bağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı-publisist Əlisəfa Azayev, Kürdəmir rayon İH Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Vətənimizin ürəyi, mədəniyyət və incəsənətimizin beşiyi olan Şuşanın işğaldan azad olmasını Azərbaycan tarixinin şanlı səhifəsi olmasından, bizi zəfər qoxuyan Şuşamıza qovuşduran şəhid oğullarımızın, qazilərimizin, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi hünərdən bəhs etdilər və təsirli anlar üçün “Şuşa, sən azadsan!” başlıqlı tədbirin təşkilatçılarına təşəkkür ediblər. Tədbir Xan Şuşinskinin ifasında “Qarabağ şikəstəsi”nin lent yazısının sədaları altında alqışlarla sona çatıb.







