
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 8-ci Beynəlxalq Kitab Sərgisində Zahirə Cabirin "Şuşa İli"nə həsr edilən "Əvvəl Zaman İçində" adlı kitabının təqdimatı olub.
Oktyabrın 9-da "Bülbül" təqdimat zonasında "Təhsil" Nəşriyyat Poliqrafiya Müəssisəsinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə Zahirə Cabirin Qarabağ haqqında nağıl və əfsanələri özündə ehtiva edən kitabı oxuculara təqdim edilib.
Kitabda "Özümdən özümə məktub" adlı esse, Qarabağın qədim tarixi mədəni abidələri haqqında 7 nağıl və 7 əfsanə yer alıb. Nəşr olunan nağıl və əfsanələr müəllifin zəngin təxəyyülünün məhsuludur. Müəllifin fikrincə, Qarabağ haqqında nağıl və əfsanələri yazmaqda əsas məqsədi bu gözəl diyarın qədimliyini oxucuya çatdırmaqdır. Nağıl və əfsanələr uşaq və yeniyetmələrin bir vətəndaş kimi formalaşmasında rol oynayır, ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir.
Kitabın redaktoru uşaq yazarı Sevinc Nuruqızı, rəssamı Nərmin Abdullayevadır. "Əvvəl Zaman İçində" kitabı orta yaş qrupu oxucular üçün nəzərdə tutulub.




