
Bu günlərdə "Azərbaycan" ədəbi-bədii jurnalının növbəti, Şuşanın 270, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sayı işıq üzü görüb. Jurnalın bu sayında Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin şeirləri və Gülay Tahirlinin "Hüseyn Cavid dramaturgiyası-onun lirikasının davamı və inkişafıdır" başlıqlı yazı yer alıb. Həmçinin, "Azərbaycan"da Adil Mirseyidin "Payız metaforası", Rafail Tağızadə, Sabir Yusifoğlu, Bəsti Əlibəyli, Rərəm Kəlbəcərli Sarıdaşlınin şeirləri verilib.
Ədəbi-bədii jurnalın bu sayında həmçinin, Rüstəm Kamalın "Şuşa ədəbiyyatımızda "meteoroloji mif"kimi yazısı, Yusif Həsənbəyin "Dağıntılar" altında romanı, Mübariz Cəfərlinin "Qasid ", "Qonaq", "Yaşıl xalıdakı rəngbərəng naxışlar" adlı kiçik hekayələri və Nizami Əlioğlunun "Mələklərlə görüş" adlı hekayəsi çap olunub.
"Azərbaycan"da yapon poeziyasından Toki Dzömmaro, Sumako Fukao, Horiqutti Dayaqaku, Nisivaki Dzündzaburo, Takahasi Sinkiti, Dzyun Takami, Nakahara Tyuya, Sekine Hirosinin və Avropa poeziyasından Silvi Marinin şeirlərinin tərcümələri yer alıb.
Jurnalın "Ədəbi söhbətlər" bölümündə yer alan "Baş redaktorun profili" başlıqlı müsahibədə Kamran Qasımovun həmsöhbəti tənqidçi, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə ilə maraqlı söhbəti verilib. "Yazıçının arxivində" adlı bölümdə Sevda Əlibəylinin "Ümidinin keşiyində dur, əzizim" adlı yazısı, "Tənqid və ədəbiyyatşünaslıq" bölümündə isə Təyyar Salamoğlunun "Bir romanın izi ilə" yazısı yer alıb.
Jurnalın "İsti-isti" adlanan bölümündə filologiya elmləri doktoru Vaqif Yusiflinin "Davam edir Nizami" başlıqlı yazısı, Paşa Əlioğlunun "Tərzi Əfşarın anadili şeirləri" adlı yazısı çap olunub.
"Azərbaycan"da sonuncu bölüm olan "Kitab rəfi"ndə Qəzənfər Paşayevin "Azərbaycanda və İraqda bayatlar", Rahid Uluselin "Azərbaycan mədəniyyətində Rəsul Rza və Anar", "Azərbaycan: bütöv, güclü, yenilməz", Rasim Nəbioğlunun "Mədəniyyət. İncəsənət. Ədəbiyyat" və Mahmud Əhmədin "Dünyanı bəladan türk qurtaracaq" adlı kitabları haqqında məlumatlar var.
SEVİNC



