|
|
|
|

Valeh Heydər
Şair-publisist Valeh Heydər (Heydərov Valeh Yavər oğlu) 1962-ci il oktyabrın 17-də Cəbrayıl rayonunun Karxulu kəndində dünyaya göz açıb. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məzunudur. İki antologiya və səkkiz almanaxın həmmüəllifi, "Sonsuz təsəlli-sonlu ömür", "Vüsal rəqsi" adlı şeirlər və hekayələr, "Hamı bunu bilməli" təmsillər toplusunun müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yubileyi ərəfsində Valeh Heydərin bir neçə təmsilini oxuculara təqdim edirik.
Xain qarğa
Səhər açılan kimi
Çox xain ala qarğa,
Qarıldayıb səs saldı
Gül-çiçəkli bir bağa.
Yığışdılar buraya
Ətrafda olan quşlar
Dedilər, söylə görək,
Ay küyçül, yenə nə var?
Qarğa dedi, bilirsiz
Burda heç nələr oldu?
Bülbül cəh-cəh edərkən
Birdən dil topuq vurdu.
Eşidincə mən bunu
Ona hörmətim itdi,
Axı "cəh-cəh" yerinə
O, niyə "bəh-bəh" etdi?
Bu kələyə uyanlar
Həmən verdi səs-səsə,
Dedilər gərək bülbül
Tez salınsın qəfəsə.
O, hələ anlamır ki,
Çox şeylər itiribdir,
Bülbüllərin hörmətin
Zay edib bitiribdir.
Bülbül dedi, ey qarğa,
Mən nə günah etmişəm?
Gülə bəh-bəh söyləyib
Muradıma yetmişəm.
Quşlar bunu duyunca
Dönüb qarğaya baxdı,
O, tənəni anlayıb
Uçaraq yoxa çıxdı.
Xainlərdə peşədir
Pis fikirlə izləmək.
Uyduraraq yalanlar
Həqiqəti gizləmək.
Yaltaqlar
Bir gün xəbər yayıldı
Meymun vəzifə alıb,
Başlamağa işinə
Sayılı günlər qalıb.
Bunu tülkü eşitcək
Təbrik üçün tələsdi,
Quyruğunu sallayıb
Onun önünü kəsdi.
Dedi: Təbrik edirəm
Yeni işin mübarək,
Buyur görək əziz dost
Sənə nə qulluq edək?!
Bu xəbəri eşitcək
Porsuq da ora getdi,
Üz tutaraq meymuna
Belə bir xitab etdi.
Dedi: qurban meymuna
Bizim əziz canımız,
Kaş ki ayrı olmaya
Ondan bircə anımız.
Bu tərifə qoşuldu
Ayı, dovşan, hətta fil
Sanki yarış gedirdi
Onlar ötürdü dil-dil.
Nərildəyib bir pələng
Bu dəm göründü gözə
Sükut çökdü araya
O da başladı sözə.
Dedi: vəzifə alan
Meymun deyil, bir dələ,
Anlamadım mən sizi
Bu nə hay-küy vəlvələ?!
Düzün bilib yaltaqlar
Deyinməyə başladı,
Bayaq tərif edənlər
İndi onu daşladı.
Üz çevirib meymuna
Dələyə yan aldılar,
Ona xoş söz söyləyib
O ki var əl çaldılar.
Sən də bil ki, ey insan
Yox yaltaqda etibar,
Heç vaxt onda olmadı
Vəfa, nə də üzdə ar.
Vəzifədə kim olsa
Yaltaq quyruq buladı.
Amma işin itircək
Dalınca daş tulladı.
Boş qazan və ələk
İçi tamam boş qazan
Yersiz hay-küy salırdı,
Xoşlanırdı özündən
Guya çox şey qanırdı.
Bir gün isə söz atdı
Burda olan ələyə,
Lap mənasız yerə o
Başladı hey gülməyə.
Dedi: sənə baxıram
Çox köhnəlmiş diləksən
Söylə belə halınla
Axı nəyə gərəksən?
Tamam itib batmısan
Zəmanənin içində,
Sənə yoxdur ehtiyac
Tay əvvəlki biçimdə.
Heç anlaya bilmirəm
İndi sənin işini,
Yoxsa ata bilmirsən
Ələmək vərdişini?
Heç vaxt belə etməzdim
Olsam sənin yerinə,
Tərk edərdim buranı
İş getməmiş dərinə.
Ələk dedi: ey qazan,
Nə lovğalıq edirsən,
Sən məndəki hikməti
Az da olsa bilirsən?..
Yalnız saf olan keçir
Mənim xırda
gözümdən,
Pis, ələnib atılır
İncisə də, sözümdən.
Çox diqqətlə seçirəm
Zay olanı yaxşıdan,
Xəyanət də etmədim
Bu işimə bircə an.
Səsin ha gur gəlsə də,
İçin boşdur, bilirəm,
Qərəzlidir dediyin
Çox təəssüf edirəm.
Qazan gördü ələyin
Həqiqətdir sözləri,
Tez ayırır hər şeyi
Onun sərraf gözləri.
Bunu başa düşüncə
Tez ağzını qapadı,
O ələyin önündə
Deməyə söz tapmadı.
Sən də görsən, ey insan,
Hay-küy edən, içi boş,
Bil ki belə kəslərin
Olur ağlı da naxoş...
İki çayın qovğası
Hökmü ilə həyatın
Qonşu oldu iki çay,
Biri sakit axsa da,
Saldı digəri haray.
Dedi: sənin bilinmir
Varlığınla yoxluğun,
Xoşuna da gəlmirsən,
Təbiətdə çoxluğun.
Görürsənmi mən necə
Çağlayıram, coşuram,
Səsim elə yayılır
Sanki nəğmə qoşuram.
Yaz ayları gəlincə
Lap keçirəm sədləri,
Asanlıqla yıxıram
Önümdəki bəndləri.
Dinlədikcə sakit çay
Gördü qonşusu çaşır
Yersiz lovğalıq edir
Bütün hədləri aşır.
Dedi: Dinlə, ey qonşu,
Deyim düzünü sənə,
Sözlərindən görünür
Həsəd çəkirsən mənə.
Bil ki səsli axmağın
Dayazlığa bağlıdır,
Səni belə çaşdıran
Fəslin şıltaq çağıdır.
Dərinliyə bağlıdır
Mənim sakit axışım,
Ətrafıma bu qədər
Sevgi ilə baxışım.
Axı yaxşı bilirsən
Çox-çox uzaqdır yolum,
Səhralara can verir
Neçə ayrılan qolum.
Gur sularım dəryadı
Zənginlik var içimdə,
Şükr edirəm, nə yaxşı
Yarandım bu biçimdə.
Dinlədikcə dayaz çay
Tərslik edərək durdu,
Ancaq isti yay gəlcək
Onun suyu qurudu.
Dedi: indi anladım
Dərin su sakit axar,
Hay-küy isə həmişə
Dayaz olandan çıxar.
Bülbül və nadan sərçə
Bülbül ilə boz sərçə
Bir bağçada qalırdı,
Bülbül cəh-cəh vurduqca
Sərçə də zövq alırdı.
Bir gün ağız büzdü o
Tər güllərin ətrinə,
Hətta bülbül nəğməsi
Dəydi onun xətrinə.
Dedi: Mən də istərəm,
Sənin kimi oxuyam,
Cəh-cəh dolu nəğmədən
Gözəl çələng toxuyam.
Artıq mənim cik-cikim
Bezdiribdir hər kəsi,
Hətta ala qarğalar
Tənə edir bu səsi.
Bülbül onu dinləyib
Gördü sərçə üzülür,
Elə dolub gözləri,
Yaş, üzündən süzülür.
Dedi: dostum biləsən
Sənə artdı hörmətim,
Əgər varsa istəyin
Lap cəh-cəh də öyrədim.
Bunu sərçə eşitcək
Qanad açdı fərəhlə,
Dedi, qəbul edirəm
Bu sözünü "şərəflə".
Beləcə bu sərçənin
Bacarığı çoxaldı,
Əvvəl etdiyi cik-cik
Lap cəh-cəhə oxşadı.
O, nəhayət gördü ki,
Bülbül kimi oxuyur,
Təbiət də bu səsi
Gözəl anlayır, duyur.
Dedi: Yaxşı olar ki,
Bülbül burda durmasın,
Təqlid edib səsimi
O da cəh-cəh vurmasın.
Bülbül bunu duyunca
Canı od tutub yandı,
Dedi, bu nadan sərçə
Nə tez haqqımı dandı?!.
Sonra üzüldü yaman
Sübhədək fəğan etdi,
Xəyanətə dözməyib
Qonşu bağçaya getdi.
İbrət götür, ey insan,
Heç vaxt uyma nadana,
Min yaxşılıq eyləsən
Çətin ki, birin qana.



