
Suriyanın mərkəzində yerləşən Hümsda, demək olar ki, zədələnməmiş 1600 illik Roma mozaikası tapılıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, eni 20 metr, hündürlüyü 6 metr olan bu mozaika Hümsdə, Rastandakı binanın altından tapılıb. Bu yer 2018-ci ilə qədər Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların əlində olub.
Troya və Amazon müharibələrinin mifoloji səhnələrini əks etdirən mozaikanın nadir nümunələrdən olduğu bildirilir.
Suriyada 10 ildən çox davam edən müharibə nəticəsində ölkədəki bir çox arxeoloji xəzinələrə ziyan dəyib. Bu mozaika Suriyada 2011-ci ildə münaqişə başlayandan bəri ən mühüm arxeoloji kəşfdir.
Suriyadakı Muzeylər və Qədim Əsərlər Baş Direktorluğunun baş direktoru Hamman Saad “Associated Press”ə: "Bu, qlobal miqyasda nadir hallarda görülən bir kəşfdir", - deyib. Mozaikanın təfərrüatlı təsviri olduğunu deyən Saad, Roma dəniz tanrısı Neptunun 40 sevgilisi ilə birlikdə göstərildiyi səhnənin və Heraklın Amazon kraliçası Hippoliti öldürdüyü bir səhnənin olduğunu söyləyib. Rastan 2018-ci ilə qədər Suriyada üsyançıların nəzarətində olan şəhərlərdən biri olub.
Suriya arxeoloqlar üçün “sahibsiz xəzinə” kimi təsvir edilir. Keçmiş sivilizasiyalara aid ən möhtəşəm tarixi əsərlər arasında Dəməşqdəki Əməvi məscidi və qədim Palmira şəhəri var.

Malik Atilay



