
21 oktyabrda “Beynəlxalq məktəb kitabxanalar günü” ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yazarlarımızı tanıyaq və mütaliə edək” layihəsi çərçivəsində uşaq yazarı Raziyyə Rəhimzadə ilə görüş keçirilib.
525.az xəbər verir ki, görüşdə Kaspi litseyinin 3-cü sinif şagirdləri və müəllim heyyəti iştirak edirdi. Raziyyə Rəhimzadənin rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabında
11 hekayəsi yer alıb. Sanki müəllif öz hekayələrində bir sehrbaz kimi tarixi Odlar Diyarının şəkilli xalçasını toxuyur - burada hər naxış, hər ilgək ayrıdır.
Kitabda "Yer planeti hələ çox gənc olanda" kökləri dərin, tarixdən əvvəlki antik dövrü əhatə edən əfsanə, digər mif və əfsanələr, palçıq vulkanları haqqında əfsanələr, muğam, bülbül, qızılgül, çobanyastığı, güvə, Atəşgah, Xəzri və Gilavar, Qız qalası və sair, müəllifin orijinal, maraqlı təfsiri ilə təqdim edilmişdir. Müəllif tərəfindən“Qədim Bakı haqqında əfsanələr” kitabı haqqında ətraflı məlumat verilib və oxucuların çoxsaylı sualları cavablandırılıb. Kitabda gənc rəssam Nigar Mustafayevanın rəsmləri yer alıb.
Görüşün sonunda uşaqlarla imza saatı keçirilib və 3-cü sinif şagirdləri yazıçıya özlərinin çəkdiyi rəsmi hədiyyə ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.



