
Oktyabrın 20-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyində (MAKA) dünya şöhrətli alim, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, "Lütfi zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, professor Rafiq Əliyevlə görüş keçirilib.
Görüşdə agentliyin rəhbərliyi, əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözüylə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov kollektiv adından hörmətli qonağı salamlayıb, onu rəhbəri olduğu qurumda görməkdən məmnunluğunu bildirib.
Sonra agentliyin əməkdaşı Rafiq Əliyevin müəllifi olduğu kitabdan parçalar oxuyaraq onu auditoriyaya daha geniş şəkildə təqdim edib.
Daha sonra söz qonağa verilib. Professor Rafiq Əliyev belə bir mötəbər auditoriya ilə görüşündən məmnunluğunu ifadə edib və bu görüşün maraqlı keçəcəyinə inandığını bildirib. O, süni intellekt, onun müxtəlif sahələrə tətbiqi, dünya elminin hazırkı vəziyyəti, Azərbaycanda elmin inkişafı və bunu şərtləndirən amillər haqqında geniş məruzəylə çıxış edib, özünün şəxsi təcrübələrini və xatirələrini bölüşüb. İki il öncə Azərbaycanın şanlı qələbəsiylə yekunlaşan Vətən müharibəsini xatırlayan professor hərb sahəsində süni intellektin önəmindən danışıb, bunun gələcəkdə sözügedən sahədə daha geniş tətbiq olunacağını bildirib.
Tədbirin davamında qonaq agentlik əməkdaşlarının və mətbuat nümayəndələrinin müxtəlif mövzulu suallarını geniş və səmimi şəkildə cavablandırıb. O, ustadı və elmi varisi olduğu Lütfi Zadə haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, böyük insanlar hər zaman sadə olurlar. Lütfi Zadə də hər zaman öz sadəliyi ilə seçilən, bunu yüksək tutan bir şəxsiyyət idi. O, ustadının müxtəlif dünya auditoriyalarında, mötəbər tribunalarda bir gənc alim kimi dəfələrlə ona söz verməsini hörmətlə xatırlayıb və bunu Lütfi Zadənin təkcə onun elminə deyil, bütünlükdə Azərbaycan elminə xidməti kimi dəyərləndirib. Bildirib ki, olduğu yerdə azərbaycanlı gənc elm adamlarını təqdim edərək Lütfi Zadə o auditoriyalarda, tribunalarda "Azərbaycan" adının çəkilməsinə, dünya alimlərinin Azərbaycan elm adamlarını tanımasına çalışırdı.
Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor Elçin İsgəndərzadə çıxış edərək Azərbaycan elmində Rafiq Əliyev fenomenindən danışıb, onun yüksək xidmətlərindən söz açıb.
Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov Agentliyin "Fəxri fərman"ını Rafiq Əliyevə təqdim edib. Həmçinin, Qarabağ qələbəmizin rəmzi kimi Şuşa xalçasını qonağa hədiyyə edib.
Professor R.Əliyev də öz növbəsində yeni çıxan kitablarını Agentliyin kitabxanasına hədiyyə edib.
Şahanə MÜŞFİQ



