
Oktyabrın 25-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana-filialında yazıçı, jurnalist Şahanə Müşfiqlə görüş keçirilib.
Görüşdə kitabxana rəhbərliyi və 248 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözüylə açan Binəqədi rayon MKS 1 nömrəli kitabxana-filialının müdiri Esmira Əliyeva qonağı məktəblilərə təqdim edib. Bildirib ki, Şahanə Müşfiq artıq 10 ildir aktiv ədəbi fəaliyyətlə məşğuldur. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, Dünya Gənc Türk Yazarlar Birliyinin sədr müavini, Prezident Təqaüdçüsüdür. Qeyd edilib ki, dörd kitab müəllifi olan yazıçı, həmçinin, jurnalist kimi də fəaliyyət göstərir. O, "525-ci qəzet"in müxbiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifələrində çalışır.
Daha sonra Şahanə Müşfiq öz yaradıcılığı haqqında məlumat verib, müasir Azərbaycan ədəbiyyatı və onun inkişaf perspektivləri, məktəblərdə ədəbiyyat fənninin tədrisi, kitabxana-oxucu əlaqələri, mütaliə ilə bağlı fikirlərini bölüşüb, tövsiyələrini bildirib.
Tədbirin davamında məktəblilər Ş.Müşfiqin bədii-publisistik yaradıcılığı, ədəbiyyat və mütaliə ilə bağlı onları maraqlandıran sualları qonağa ünvanlayıblar.
Sonda yazıçı müəllifi olduğu "Hərənin öz romanı" adlı nəsr kitabını görüşdə aktiv iştirak edən şagirdlər üçün imzalayıb.
MEHRİ



