
ADA Universitetində 8 Noyabr - Zəfər Günü münasibətilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film ingilis dilində nümayiş olunub.
ADA Universitetinin Tələbə Xidmətləri və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə universitetdə təhsil alan əcnəbi tələbələr, müəllimlər, universitetin əməkdaşları iştirak ediblər.
525.az x'b'r verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin tələbəsi Cavid Şahməmmədli tədbirin əhəmiyyətindən bəhs edib.
Tələbə Xidmətləri şöbəsinin meneceri Günel Əsgərova bildirib ki, ADA icması 8 Noyabr - Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva diqqətə çatdırıb ki, “Şuşanın dağları başı dumanlı” filminin həm Azərbaycan, həm də ingilis dillərində ərsəyə gəlməsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İctimai Televiziyanın texniki və təşkilati yardımı ilə mümkün olub.
Müsəllim Həsənovun ssenarisi əsasında çəkilən filmi ingilis dilində BBC televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndirib.
Filmin quruluşçu rejissoru Nəsimi Məmmədlidir.
ADA Universiteti tələbələrinin ifasında Şuşa mövzusunda ifa olunan ədəbi bədii kompozisiyalar rəğbətlə qarşılanıb.
Tədbir zamanı Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi də nümayiş olunub. Tədbir iştirakçıları Azərbaycanın tanınmış rəssamlarının, habelə istedalı gənc rəssam Nərminə Vəliyevanın və onun tələbələrinin Şuşa mövzusunda əsərləri ilə tanış olublar.





