
Noyabrın 5-də AYB-nin Natəvan klubunda Yazıçılar Birliyinin Plenumu keçirildi. Mərasimi Xalq yazıçısı, AYB-nin sədri Anar açaraq yazıçıların XIII Qurultayının keçirilməsinə göstərdiyi diqqətə və yaratdığı şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə etdi.
Sonra Anar müəllim Qurultayda seçilmiş katibləri, İdarə heyətini, təftiş komissiyasını, Ağsaqqallar Şurasını, seksiya və bölmə rəhbərlərini təbrik etdi.
Bu barədə 525.az-a Azərbaycan Yazıçılar Birliyin mətbuat xidmətindən məlumat verilib.
AYB sədrinin müavini, Mətbuat şurasının sədri Rəşad Məcid qurumun ədəbi orqanlarına təklif olunan Baş redaktorların və redaksiya heyəti üzvlərinin adlarını açıqladı. Təkliflər nəzərə alınmaqla AYB İdarə heyəti üzvlərinin yekdil səsverməsi şəraitində ədəbi orqanların Baş redaktorları və İdarə heyəti üzvləri təsdiq olundu. “Dünya ədəbiyyatı dərgisi Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi təsdiqləndi”.
Sonra Anar müəllim AYB katiblərinin iş bölgüsünü açıqladı. Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Əhmədovun Plenumun işində iştirakını nəzərə alaraq “Yazıçı” Nəşriyyatının yenidən fəaliyyətə başlamasına dövlət səviyyəsində köməklik göstərilməsinin vacibliyini vurğuladı. Eyni zamanda AYB sədri gələcəkdə həyat keçiriləcək vacib məsələlərdən söz açdı. Qeyd etdi ki, Ağsaqqalar Şurası ilə Gənclər Şurasının birgə iclasının keçirilməsini vacib hesab edir. Sonra Anar müəllim gələn il “Azərbaycan” jurnalının 100 illik yubileyinin qeyd olunacağını nəzərə alaraq bu barədə ölkə başçısının xüsusi Sərəncam imzalamasına ehtiyac duyulduğunu da ifadə etdi.
Anar müəllim yazıçıların üzvlük haqqı sahəsində olan problemlərlə bağlı diqqətə çatdırdı ki, müəyyən səbəbləri nəzərə alaraq ötən illərin borclarının silinməsini təklif edirəm: “Ancaq növbəti ildən ilk 6 ayda üzvlük haqqı ödəməyənlərə xəbərdarlıq edilsin, bir il ərzində ödəməyənlər isə qurumun üzvlüyündən azad olunsunlar“.
AYB sədri eyni zamanda AYB katibi Səlim Babullaoğluna qəbulla bağlı məsələlər barədə tapşırığını verdi, “Tənqid” jurnalının nəşri ilə bağlı fikirlərini bölüşdü, “Ulu çinar” jurnalının fəaliyyətini davam etdirməsinin vacibliyini vurğuladı.
Millət vəkili Jalə Əliyeva da öz növbəsində dilimizin qorunmasının vacibliyindən, dövlətimizin bu sahəyə göstərdiyi diqqətdən söz açdı, təklif etdi ki, bu istiqamətdə əlaqədar qurumların birgə müzakirələrinin keçirilməsinə ehtiyac duyulur.
Yazıçı Yunus Oğuz dramaturgiya və roman janrı üçün alt qurum yaradılması, AYB Gənclər şurasının sədri Fərid Hüseyn Vaqif Səmədoğlu adına şeir ödülünün təsis edilməsi, şair Elçin Mirzəbəyli vətənpərvərlik mövzusunda yaradılan əsərlərin keyfiyyətinə diqqət yetirilməsi təklifləri ilə çıxış etdilər.
Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Əhmədov səsləndirilən fikirlərə münasibətini açıqladı.
AYB sədri Anar plenumun işini yekunlaşdırdı.



