Xuan Ramon Ximenes
Gecə və gecə yolları
Gecə və gecə yolları
Eyni şeylərdi
Sənin sevginin sirrinə sarı
Qaranlıq və çətin yollarla gəlirəm.
Sənin sevginin sirrinə sarı
Həyəcanlı dəniz küləkləriylə
Dağ zirvələrinin işığıyla,
Çiçək ətirli yollarla gəlirəm.
Antonio Maçado
Yolçu, yol yoxdu...
Yolçu, yol sənin ayaq izlərindi
Başqa bir şey sanma yolu
Yolçu,
Yol yoxdu
Yol yeridikcə yol olur
Yol olur gəzə-gəzə
Baxışlarını geriyə çevirincə
Bir daha ayaq basa bilməyəcəyin uzaqlar olur
Yolçu,
Yol yoxdu
Yalnızca gəminin köpükləri var dənizdə.
Migel Hernandes
Ayrılıq nəğməsi
Üç yara ilə gəldi
Eşq yarası
Ölüm yarası
Həyat yarası
Üç yara ilə gəlir
Həyat yarası
Eşq yarası
Ölüm yarası
Üç yaram var
Həyat yarası
Ölüm yarası
Eşq yarası
Bu üç adı
Yazdım qumlar üstünə
Həyat, eşq, ölüm...
Köpük-köpük köpürən
Bir dalğa gəldi dənizdən
Hamısını yudu apardı.
Rafael Alberti
Talesiz mələyin mahnısı
Gedən sənsən
Sənsən məni aparıb
O dənizdə tərk edən
Dalğalarda axtar məni
Sonsuz olan sənsən
Kölgələrin uzağında
Yanıb, sönən rüzgar
Qarda axtar məni
Bilinməyən sənsən
Heç kimlə danışmayan
Həyəcanlı torpaq
Küləklərdə axtar məni.
Tərcümə: Malik Atilay