Əyyub Türkay
Təmizkar Lalə
Tozsoranı işlətdi,
Balaca, dəcəl Lalə.
Guya ki, iş görürdü,
Sevinib gülə-gülə.
Anası gəlib gördü
Lalə oyun çıxarıb.
Tozsoran udub xırda
Əşyaları aparıb.
Lalə dedi: - ay ana,
Mənə sağ ol denən sən.
Bax, otağımı necə,
Tərtəmiz etmişəm mən.
Ağacları qoruyaq
Emin əlində mismar,
Ağacları cızırdı.
Ağlına gələn sözü
Qabığına yazırdı.
Bir gün də atasının
Adın yazdı budağa.
Fikirləşdi, atası
Əhsən deyər "qoçağ"a.
Sevimli atasına
Göstərdi əl işini.
Sevinclə, gülə-gülə
Ağardırdı dişini.
Atası dedi: - oğlum,
Yaralama ağacı.
Axı anlamırsan ki,
Onlar da çəkir acı?
Yaralanmış ağacı
Qışda şaxta vuracaq.
Yayda isə istidən
Yanaraq quruyacaq.
İlk qar
Hər tərəf ağ örpəkdi,
İlk qar yağdı çöllərə.
Qış ağappaq donuyla,
Qonaq gəldi ellərə.
Uşaqlar, isti paltar,
Geyib həyətə düşək.
Xizəklə qar üstündən,
Biz sürətlə sürüşək.
Qarı yumru eləyib,
Şaxta Baba düzəldək.
İlk qarın sevincindən,
Çoxlu əylənib, gülək.
Durnalar
Durnalar qatar-qatar,
Köç eləyib uçurlar.
Havanın soyuğundan,
Baş götürüb qaçırlar.
Artıq payız fəslidir
Xəzan gəlib çöllərə.
Durnalar qayıdarmı,
Bir də bizim ellərə?
Tələsməyin, a dostlar,
Qış bitər, bahar gələr.
Quşlar da geri dönər,
Günəş nur yerə ələr.
Qaraqulaq dovşanım
Qaraqulaq dovşanım,
Az hoppan bu çəməndə.
Uzağa getsən, səni
Bir qurd salar kəməndə.
Yaxınımda gəz, dolan,
Mənim atam ovçudur.
Yırtıcılardan bizi,
Qorumağa borcludur.
Ovçu atam
Mənim atam ovçudur,
Daim çöllərdə durur.
Ov mövsümü başlayıb,
Çoxlu ördək, qaz vurur.
Atam deyir ovçuluq,
Çətin peşədir Asif.
Quşları tanımaqda,
Gərək olasan arif.
Nəsli kəsilmiş quşu
Vurub, ovlamaq olmaz.
Yoxsa ki, təbiətdə,
Ondan nümunə qalmaz.