Aysel NƏSİRZADƏ
Yol bir nəfəs
"Öz dibinə kölgə salmaz şam ağacı",
Dərd gözünü zilləyər,
Sevinc baxar qıyğacı.
Ömür yolun ölçər zaman -
Həyat adlı.
Bir gün gəlib keçmək bilmir,
İllər isə yel qanadlı.
Uzaq gəlir, hər şey uzaq,
Ümid əsir, arzu əbəs.
Bu dünyadan o dünyaya
Uzaq deyil, yol bir nəfəs.
Təbiətin bəstəsi
Budağıyla vidalaşan
Xəzəllərin xışıltısı
Təbiətin bəstəsidi.
Aynabəndi döyəcləyən
Sərçələrin civiltisi
Payız zümzüməsidi.
Noyabrın bir qucaqlıq darıxmağı
Gəlib qoynuna sığınar.
Anlayarsan,
Hamı hər kəsin heç kəsidi.
Gəl, sahib çıx ömrümə...
Saat yenə səni gözlədiyim vaxtdadır,
Əqrəblərdi zamanın başına dolanan...
Qürub çağı... şəfəq vaxtı..,
Günlər növbələşir yalandan.
Fəsillər tez dəyişir zamanından,
Hər fəsil bir az payız qəribliyində...
Ömrün bir küncünə sığışdırılmış kimiyəm,
Sevmədiyim mahnılar belə dilimdə dolaşır.
Mürvətsiz arzuların ürəkdə duracağı yox,
Gəl, sahib çıx ömrümə...
Bu eşqin
Qəlbindən başqa sığınacağı yox...
lll
Hilalın əksi düşür dənizə
Zülmətin yarıb gecənin.
Sanki almış şəhəri qoynuna
layla çalır.
Göy üzü yaxın gəlir,
yerə ulduz səpilir,
Bir baxışdan min baxışa
özgə bir nəzər salır.
Sığal çəkir dalğalar
xəfifdən narın qumlara
Dəniz coşub daşdığı sahilin
könlün alır.
lll
Bütün olmaz nə var cəm olmuş məndə,
Bütün olmazlara oldu deyən mən.
Baxdım ki, ortada bir mən qalmamış,
Bütün olmazlara oldu deyəndən.
Qırılmış ruhumun qolu-qanadı,
Məndə mənə aid arzu, dilək yox.
Əlimi qoydum sinəm üstünə,
Duyğuyla yaşayan həzin ürək yox.
Hanı dünyanı qurtaran o qız,
Xəyalı göylərdə pənbə buludlu.
Kim aldı qəlbimdən o qəhrəmanı
Bu qız o saf qızı harda unutdu?