
Avropa İttifaqı ölkələrinin Rusiyadan dizel və maye yanacaq kimi müxtəlif neft məhsullarının idxalına qadağası fevralın 5-dən başlayacaq.
525.az xəbər verir ki, ötən ilin iyun ayında Aİ ölkələri tərəfindən qəbul edilən Rusiyanın neft məhsullarının idxalına qadağanın daxil olduğu 6-cı sanksiya paketi 8 aylıq keçid dövrü bitdikdən sonra fevralın 5-i bazar günü qüvvəyə minəcək.
Həmçinin, Qərb şirkətləri Rusiya neftinin daşıyıcılarına sığorta, maliyyələşdirmə və broker kimi müxtəlif xidmətlər təklif edə bilməyəcək.
Aİ və G7 Rusiyanın neft məhsullarının üçüncü ölkələrə ixracına da məhdudiyyətlər qoymağa hazırlaşır. Bu kontekstdə Aİ və G7 ölkələri Rusiyaya iki fərqli tavan qiymət tətbiq etmək üzərində işləyirlər: yüksək dəyərli və aşağı dəyərli neft emalı məhsulları.
Aİ Rusiyanın dizel yanacağı və kerosin üçün qiymət həddinin bir varili üçün 100 dollar, maye yanacaq və açıq rəngli neft məhsulları üçün isə 45 dollar olmasını istəyib.
Bu məsələ ilə bağlı üzv dövlətlər arasında danışıqlar hələ də davam edir.
Qiymət həddi ilə bağlı razılıq əldə olunarsa, Qərb şirkətləri Rusiyanın neft məhsullarının üçüncü ölkələrə ixracına yalnız sözügedən məhsulun müəyyən ediləcək qiymət həddindən aşağı satılması şərti ilə xidmət göstərə biləcək.
Fərid Sançar



