Son vaxtlar bir çox ölkələrdə rəqəmsal valyutaya maraq xeyli artıb. Bu gün bir çox ölkələrin mərkəzi bankları rəqəmsal valyuta yaratmağın təhlil və araşdırmaları ilə məşğuldur. Rəqəmsal valyutaların başlıca üstünlüyü bütün maliyyə əməliyyatlarının dövlət nəzarətinə açıq olmasıdır. Rəqəmsal pulların müsbət cəhətlərlə yanaşı, mənfi tərəfləri də var. Məsələn, bir çox insanlar maliyyə sahəsindəki şəffaflıqdan çəkinirlər. Nağdsız əməliyyatlar ucuz başa gəlsə də, rəqəmsal pulların tətbiqi nisbətən bahalıdır. Bu işin qurbanına çevrilənlər rəqəmsal valyutadan yetərincə xəbəri olmadan addım atan və ondan istifadə etməyi bacarmayanlardır.
Kriptovalyutalar üzrə ekspert, blockchain startapçısı Ömər Qurbanlı "525"ə açıqlamasında elektron pullardan söz açıb: "Kriptovalyutalar kriptoqrafiyadan, xüsusi şifrələmədən istifadə edilməklə yaradılıb. Bir vaxtlar insanlar metal pullardan istifadə edirdilər. Daha sonra bunlar kağız pullarla əvəz eldildi. Kriptovalyutalar master viza kartların üst mərhələsidir. Bunlara gələcəyin valyutası da deyə bilərik. Kriptovalyutaların bu günə qədər yaranmış bütün pullardan üstünlükləri daha çoxdur. Amma əskikləri də var. Kriptovalyutalar 2008-ci ildə dünya iqtisadi böhranından sonra yaranıb. İlk yaranmış kriptovalyuta bitcoindir. Adından da göründüyü kimi, "az sayda" deməkdir. Bu artıq kriptovalyutaların kağız pullardan üstünlüyünü göstərir. Bitcoinə internetin dolları da deyə bilərik. Bir bitcoinin emalı 8000 dollara başa gəlir. Dünyanın nüfuzlu şirkətləri bununla bağlı müsbət fikirlər bildirdikdə, onun texnologiyasından istifadə etdikdə dəyəri yüksəlməyə başlayır. Kriptovalyutalara güvənin əsas səbəbi onun arxasında blockchain texnologiyasının dayanmasıdır. Blockchain elə bir texnologiyadır ki, müasir dövrdə ona hansısa müdaxilə mümkünsüzdür. Bitcoinə qədər internetdə müxtəlif kriptovalyutalar yaradılmışdı. Kriptovalyuta alarkən ora qoyduğumuz pul sonradan bizi narahat etməməlidir. İnsanlar bunu aldıqda o yüksəlir, satdıqda isə düşür. Pandemiya elan ediləndə onun qiyməti 13 min dollar idi. Pandemiyanın tüğyan etdiyi zamanlarda isə 69 min dollara qədər qalxdı. Bir insan ən azı 5 il səbrlə gözləyə bilməyəcəksə, kriptovalyuta sektorundan uzaq durmalıdır. Diqqət edilməli əsas məqamlardan biri də budur. Digər məqam maksimum sağlam psixologiyaya malik olmaqdır. Çünki xakerlər müxtəlif mesajlarla insanların psixologiyasını pozaraq və panika yaradaraq insanların pulunu mənimsəməyə çalışırlar. Dünyanın ən böyük yatırım məsləhətçisi Buffetin gözəl bir sözü var: "Əgər uzun müddət gözləyə bilməyəcəksinizsə yatırım etməyin". Əgər insanlar məlumatsızdırsa, yalnız bitcoin alsınlar. Çünki bitcoin yavaş-yavaş qalxan və ən etibarlı valyutadır. Bugünki gündə isə kriptovalyutaların böyük əksəriyyəti çox təəssüf ki, mərkəzi birjaların əlindədir. Kriptovalyutalarda spekulyativ addımlar ata bilirlər. Bu onu göstərir ki, bütün dünya əhalisinin kriptovalyutalara gəlişi yalnız mərkəziyyətsiz birjaların hökmranlığı zamanı olacaq. Amma insanlar kriptovalyutalardan istifadə etsələr belə, yenə də onun risk amilləri nəzərə alınmalıdır. Çünki bitcoindən başqa bütün kriptovalyutaların arxasında kriptostartaplar dayanır. Kriptovalyutaları dəstəkləyən şirkətlər, əksərən böyük şirkətlər olmur. Əlavə olaraq, onu qeyd edim ki, insanlar kriptovalyutaya yatırım etmək istəyərkən fırıldaqçılardan qorunmaq üçün maksimum diqqətli olmalıdırlar. Bu gün internetdə tanınmış insanların adından istifadə edən, xüsusi dələduz qruplaşmaların sayı-hesabı yoxdur. Əgər bir yerə yatırım etmək istəyirsizsə, öncə onun təlimini alın. Daha da önəmlisi, kriptovalyuta almaq fikrinə gələrkən maliyyə piramidalarının tələsinə düşməkdən qaçmaq lazımdır. Bunun üçün araşdırma etmək, öyrənmək və məsləhətləşmələr aparmaq vacibdir".
Faktiki olaraq kriptovalyutalar yüksək riskli maliyyə aktivi olmasına baxmayaraq investorları üçün son 10 ilin ən gəlirli investisiya alətinə çevrilib. 2019-cu ilin aprel ayından başlayaraq kriptovalyuta sektorunda bir canlanma müşahidə olunmaqdadır. İqtisadi bilikləri, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatı olmayanlara bu sahədə hansısa addımlar atmaq tövsiyə edilmir.
Havar ŞƏFİYEVA