
Bank kartlarındakı vəsaitdən gələn gəlirdən faiz tutulacaq. Bu məsələ ilə bağlı "525"ə açıqlama verən iqtisadçı millət vəkili Vüqar Bayramov fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin azadolmalar siyahısına daxil edilmədiyini bildirib: "Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra bu il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazlar üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olunub. Bu məsələ məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azadolmalar siyahısında deyil".
Millət vəkilinin sözlərinə görə, Vergi Məcəlləsinin 123-cü maddəsində ödəmə mənbəyində faizlərdən vergi tutulması nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlərlə bağlı iki hal mümkündür: "Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat x 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb edilməsi nəzərdə tutulmur. Yalnız faizin gəliri vergiyə cəlb oluna bilər".
Bank kartları başqa hansı hallarda vergiyə cəlb olunur? İqtisadçı-ekspert Rəşad Hüseynovun "525"ə bildirdiyinə görə, xarici rezidentlərə münasibətdə ticarət əməliyyatlarının həyata keçirilməsi fəaliyyətində ƏDV birbaşa olaraq banklar tərəfindən tutulur və aidiyyatı üzrə Dövlət Vergi Xidmətinin hesabına ödənilir: "Vergi Məcəlləsi vergi öhdəliklərini aparılan əməliyyatların xarakteristikasına uyğun olaraq müəyyən edir. Yəni xarici rezidentlərə münasibətdə ticarət əməliyyatlarının həyata keçirilməsi fəaliyyətində ƏDV birbaşa olaraq banklar tərəfindən tutulur və aidiyyəti üzrə Dövlət Verti Xidmətinin hesablarına ödənilir. Lakin deyək ki, bu günlər zəlzələ ilə bağlı Türkiyəyə edilən yardımlar ticarət məqsədli ödənişlər sayılmır deyə, müvafiq ödənişlərdən əlavə dəyər vergisinin tutulması məntiqli deyil. Ola bilsin, bir sıra hallarda vətəndaşlar məhz müəyyən hüquqi subyektlərin hesablarına ödənişlər edirlər. Hüquqi subyektlərin hesablarına ödənişlər etdikdə isə sistemin nöqsanları səbəbindən bu hər hansı bir qeyri-rezidentə xidmət qarşılığında ödənilmiş vəsait kimi görünür və buradan vergi tutulmaları həyata keçirilir. Çünki faktiki olaraq bugünkü şərtlər daxilində yardımlar bir sıra istiqamətlərdə hesablara, hüquqi subyektlərin hesablarına, yəni məsələn, şirkət hesablarına, dövlət qurumlarının hesablarına və yaxud vətəndaşların hesablarına ödənilir. Yəni bu ödənişlər dövlət qurumlarının və şirkətlərin hesabına ediləndə hesablarda qarışıqlıq yarana bilər və sistem onu da ödəniş kimi görüb müvafiq vergiyə cəlb edər. Amma Dövlət Vergi Xidmətinin açıqlamasından belə başa düşmək olar ki, bu kimi hallarda banklara müraciət etməklə tutulmuş ƏDV-nin geri tələb edilməsi mümkündür".
Fərid SANÇAR



