
Bir neçə gün öncə dövlət başçısı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Həmçinin, ötən il olan inflyasiyaya uyğun olaraq pensiya kapitalı məbləğləri də indeksləşdiriləcək.
Bəs pensiya kapitalının indeksləşdirilməsi nədir və bu artım necə hesablanır?
İqtisadçı millət vəkili Vüqar Bayramov "525"ə açıqlamasında bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur: "Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər ay ödəniləcək.
Əvəllər də qeyd etidiyimiz kimi, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistikası fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat alacaq. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq".
İqtisadçı Rəşad Hüseynov isə qeyd edib ki, illik 200 manat həcmində vətəndaşlara verilən maddi yardım onların pensiyasına əlavə edildi. Yəni vətəndaşlar maddi yardımdan sonra hesablanmış pensiya məbləğlərini artıq yanvar ayında aldılar. Bu isə onlara hesablamanı daha rahat aparmaq üçün imkanlar yaradır: "Gözlənildiyi kimi, artıq indeksləşdirmə ilə bağlı sərəncam da verildi və eyni zamanda ölkədə 2022-ci il ərzində orta aylıq əmək haqqının artım tempi məlum oldu. Sərəncama uyğun olaraq 14.7 faiz artım oldu və vətəndaşların yanvar ayında aldığı pensiyalar 14.7 faiz artacaq. Yanvar ayında alınan pensiyalarla bağlı olmasının səbəbi isə odur ki, yanvar ayında vətəndaşların pensiyasının məbləği sabitləşdirildi və 2022-ci il ərzində rübdə bir dəfə və illik 200 manat həcmində vətəndaşlara verilən maddi yardım onların pensiyasına əlavə edildi. Yəni vətəndaşlar maddi yardımdan sonra hesablanmış pensiya məbləğlərini artıq yanvar ayında aldılar. Bu isə onlara hesablamanı daha rahat aparmaq üçün imkanlar yaradır. Yəni, yanvar ayında aldıqları pensiyanın hər 100 manatı 14.7 manat artmış oldu. Vətəndaşlar səbirsiz olarlarsa, pensiyanın hesablarına keçməsindən öncə bunu bilmək istəyərlərsə və yaxud da onlara ödənilən məbləğ haqqında şübhələr yaranarsa, öz pensiyalarının hər 100 manat məbləğini 14.7 manat artırmaqla əslində ümumi məbləğin nə qədər olacağını aydınlaşdıra bilərlər, amma diqqət etməli başqa bir məqam da var ki, bu pensiya indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" qanunun tələbi olaraq ildə bir dəfə qüvvəyə minir və bu yanvar ayının birindən tətbiq olunur".
Fərid SANÇAR



