|
|
|
|

Fevralın 14-də Böyük İslam Ensiklopediyası Mərkəzinin əməkdaşı, Tehran Dövlət Universitetinin professoru Ali Mir-Ansari Milli Kitabxanada olub.
525.az xəbər verir ki, Nizami Gəncəvi əsərlərinin kataloqçusu Ə.Munzəvinin tələbəsi olan qonaq görüş zamanı son 30 ildə Nizami Gəncəvi əlyazmaları ilə bağlı tədqiqatlarından bəhs edib.
O, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi ilə birgə N.Gəncəvinin bütün əsərlərinin Azərbaycan, fars, ingilis və rus dillərində kataloqunun yaradılması və Nizami tədqiqatları haqqında biblioqrafiya yaratmaq ideyasından bəhs edib.
Qeyd edib ki, apardığı tədqiqat zamanı 3500-ə yaxın əlyazmanı nəzərdən keçirib və bütün bu əlyazmalar kataloqda öz əksini tapacaq.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd edib ki, Nizami Gəncəvinin ilk kataloqu hələ Sovet dövründə professor Cahangir Qəhrəmanov və professor Azadə Rüstəmova tərəfindən tərtib olunub. Lakin o dövrdə dünya kitabxnalarında tədqiqat aparmaq çox çətin olduğu üçün bunları təbii ki, mükəmməl hesab etmək olmazdı. Məhz bu gün dünyaya çıxış imkanlarının geniş olmasını və eləcə də zəngin dünya kitabxanalarının elektron kataloqlarının mövcud olması Nizami Gəncəvi əlyazmalarının mükəmməl kataloqunun yaradılması imkanlarını xeyli genişləndirir və Azərbaycan Milli Kitabxanası belə bir kataloqun hazırlanması layihəsində böyük məmnuniyyətlə iştirak etməyə hazırdır.
2021-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsindən sonra Milli Kitabxananın bu istiqamətdə artıq işə başladığını və 2019-cu ildən Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli mədəniyyət sərvətlərimizin Vətənə qayıdışı” birgə layihəsi çərçivəsində böyük Azərbaycan şairinin dünya kitabxanalarında mühafizə olunan 157 əlyazmasının elektron nüsxəsini əldə etdiklərini bildirən K.Tahirov bu işin gələcəkdə də davam etdirilməsinə hazır olduqlarını qonağın diqqətinə çatdırıb.
Daha sonra direktor axtarışlar zamanı əldə etdikləri hələlik Nizami Gəncəvinin ilk əlyazması hesab olunan nüsxənin çap olunmuş variantını qonağa göstərib.
Görüş zamanı Milli Kitabxananın filialı kimi, Gəncə şəhərində N.Gəncəvinin əsərləri, onun haqqında tədqiqatları və dahi şairin əlyazmalarının çap və elektron nüsxələrinin toplandığı “Nizami Gəncəvi Kitabxanası”nın yaradılması ideyası da irəli sürülüb.
Qonaq daha sonra Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olan əlyazmalarla tanış olub. Görüşün sonunda qonağa Nizami Gəncəvinin Milli Kitabxana tərəfindən çap olunmuş fundamental biblioqrafiyası və digər kitablar hədiyyə edilib.



