|
|
|
|

Bir müddət əvvəl Qarabağdan Rusiyaya qaçan milyarder oliqarx Ruben Vardanyanın bir daha geri dönməyəcəyi ehtimalı böyük idi. Çünki bu layihə ilk gündən uğursuz oldu və müəlliflərin gözləntisini doğrultmadı. Eyni zamanda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardı. Məsələ ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi lazımi dairələrin diqqətinə çatdırılıb. Amma görünür, Vardanyana olan "ümidlər" hələ tam bitməyib. Ona görə də bu şəxs yenidən Xankəndidə peyda olub.
Erməni mətbuatının yazdığına görə, özünü qondarma rejimin "dövlət naziri" elan edən Vardanyan tabeliyində olan işçilərlə görüş keçirib və onlara "blokada şəraitində" yaşamaq barədə göstərişlər verib. Oliqarx "Qarabağda mövcud olan böyük güc"dən də danışıb. Onun fikrincə, bu "böyük güc" kənardan görünmür, lakin ondan çətinlikləri aradan qaldırmaq üçün istifadə etmək olar. Qeyd edək ki, separatçıların rəhbəri Arutyunyan, ardınca Vardanyan Moskvada olub. Onların gizlin şəkildə rus hərbçilərinin təminat yük maşınında bölgədən qaçdıqları bildirilirdi. Görünür, getdikləri şəkildə də geri dönüblər. Eyni zamanda erməni mətbuatı Arutyunyan və Vardanyan arasında ciddi fikir ayrılıqları və ziddiyyətlərin olduğunu yazır. Bu ziddiyyətlər əsasən Qarabağın ermənilər yaşayan hissəsinin "status məsələsi" və onun gələcəyi ilə bağlıdır. Azərbaycan mətbuatının əldə etdiyi məlumatda isə vurğulanır ki, Moskvada olarkən Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşırıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb. Lakin ciddi təzyiqlərlə Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb. Vardanyan-Paşinyan münasibətlərinin yeni təfərrüatları da məlum olub. Əvvəllər yaradılan təəssürata görə, Paşinyan Vardanyanla gərginlik yaşayıb və onlar ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, belə ki, Vardanyanla Paşinyan birgə hərəkət edirlər. Hətta Qərb dairələri də bu şoudan xəbərdar olub.Vardanyanın Qarabağa qaytarılması təbii ki, bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq.
Vardanyan Moskvaya niyə qaçmışdı, yenidən qayıtmasının səbəbləri nədir? Hansı yeni təlimatlar alıb? Ümumiyyətlə, proseslər necə inkişaf edəcək? Bu və digər suallara aydınlıq gətirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "525"ə bildirib: "Biz başa düşməliyik ki, Vardanyan Kremlin layihəsidir. Amma eyni zamanda aydın olur ki, Qərbdə də bəzi dairələr bu layihəyə dəstək verir. Çünki görürük ki, Qərb mediasında ona geniş imkanlar yaradılır, Vardanyan bu vasitə ilə bəyanatlar verir. Bu onu göstərir ki, Qərbin bir hissəsində, yəni bəlkə də bəzi Avropa ölkələrində fikirləşirlər ki, Vardanyan layihəsi eyni zamanda hansısa mərhələdə onların xeyrinə də ola bilər. Vardanyan layihəsi və onun əsas məzmunu nədən ibarətdir? Çoxlu bəyanatlar verilir, amma başa düşməliyik ki, Qarabağda qalan 25-30 min ermənini üç hissəyə bölmək olar. Birinci hissə reallığı yaxşı dərk edərək başa düşür ki, onlar Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu, yeganə bir yoldur ki, onlar yaşadığı yerdə qalsınlar. Bu düşüncədə olan insanların böyük hissəni əhatə edib-etmədiyini bilmirik. İkinci hissə bu variantı qəbul etmir və fikirləşirlər ki, heç olmasa hansısa mərhələdə öz mülkünü satıb gedib başqa bir yerdə ailəsi üçün həyat qursun. Üçüncü hissə fikirləşir ki, 30 il bundan öncə "Miatsum" ideyası (birləşmə), yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddiasının əks olunduğu layihəni bu və ya digər şəkildə davam etdirmək olar. Vardanyan layihəsi məhz bu hissəyə aid olan bir layihədir. İndi hamı başa düşür ki, 2020-ci ildən sonra artıq vəziyyət tam olaraq dəyişib. Ermənistan imkanları geniş olanda, Azərbaycan torpaqlarını işğalda saxlayanda, Rusiyanın hərbi dəstəyinə malik olanda, eyni zamanda Qərbin maliyyə dəstəyini alanda bu müharibəni uduzdu. Demək olar ki, "Miatsum" ideyasına Azərbaycan dövləti və xalqı son qoyub. İndi bu layihəni bərpa etməyə çalışmaq təbii ki, sadəcə olaraq gələcəyi olmayan bir iddiadır və onun hansısa nəticə verməsinə ümid bəsləmək mümkün deyil. Bu baxımdan Vardanyanın bu layihəni israrla davam etdirmək istəməsi qismən də olsa Azərbaycanın xeyrinədir. Çünki bu cəhdlər o vəziyyətdə baş verəcək ki, Azərbaycanın bölgədə güclü imkanları mövcuddur. Geopolitik vəziyyət dəyişib, Rusiyadan dəstək yoxdur, Qərbin dəstəyi də sual altındadır, amma Azərbaycan-Türkiyə müttəfiqliyi göz önündədir. Bu baxımdan bu layihənin iflasa uğraması heç kəsdə şübhə doğurmur. Sadəcə olaraq Vardanyan layihəsi hesab edirəm ki, qısa bir müddətdə mən dediyim nəticəyə gətirib çıxaracaq. İndi onun Moskvaya gedib getməməsi hansısa bir dəyişikliyə səbəb olmayacaq. Çünki Moskva indiki vəziyyətdə Vardanyana real dəstək verə bilməz. Müqayisə etsək ki, 5- 10 il əvvəl Moskva onlara silah verirdi, maliyyə dəstəyi göstərirdi, indi birmənalı olaraq buna qadir deyil. Yəni hazırkı vəziyyətdə Moskva dəstək verə bilməz, Əfqanıstandan sonra Qərbdə də böyük güclər bura güc sərf etməyə hazır deyil. Bu baxımdan yenə də deyirəm, Vardanyan layihəsi məntiqi nəticəni dolayı yolla da tezləşdirir".
Sabiq XİN rəhbəri təəssüf edir ki, erməni ictimaiyyətindəki Vardanyan tərəfdarları, yəni üçdə bir hissə hələ də başa düşməyib ki, onlar artıq Qarabağ müharibəsini uduzublar: "Lazım olarsa, Azərbaycan yenə də bunu onlara sübut edəcək.
Arutyunyan-Vardanyan ziddiyyətinə gəlincə, Vardanyan radikal strategiyanın, yəni müqavimət göstərməyin tərəfdarıdır. Amma daha ağıllı ermənilər öz maraqlarına uyğun olaraq başa düşürlər ki, bu və ya digər yollarla bölgədə qalıb, sözdə də olsa Azərbaycan qanunlarını qəbul etsələr belə, onların gələcəkdə guya öz siyasətinə qayıtmaq kimi imkanları olacaq. Burda "İlanın ağına da, qarasına da lənət" ifadəsi yada düşür. Yəni ilanların sadəcə rəngi fərqlənir. Onların həm bu məsələdə fikirləri fərqlidir, həm də bəllidir ki, o bölgədə hansısa kriminal birləmələri təmsil edirlər. Maraqlarının toqquşması təbiidir. Öz kriminal maraqların müdafiə etmək üçün bu və ya digər siyasi donları geyindirməyə də meyillidirlər".



