
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq və investisiya yatırmaq istəyən xarici şirkətlərin müraciətləri arasında Macarıstan şirkətləri əsas yerlərdən birini tutur".
525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Budapeştdə keçirilən Macarıstan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
Biznes forum Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində təşkil edilib.
O. Məmmədov vurğulayıb ki, KOBİA Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq istəyən sərmayədarlara dəstək göstərməyə hazırdır: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici şirkətlər üçün perspektiv imkanlar mövcuddur".
O.Məmmədov hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, KOBİA-nın hər iki ölkənin KOB-ları arasında lazımi əlaqələndirməni həyata keçirməyə hazır olduğunu vurğulayıb. Agentlik sədri KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verərək Agentliyin təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib.
Səfər çərçivəsində O.Məmmədov Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında iştirak edib.
Komissiyanın iclasındakı çıxışında KOBİA sədri Macarıstanın müvafiq qurumları və Agentlik arasında əməkdaşlığın vəziyyətinə, KOBİA-nın fəaliyyətinə dair məlumat verib.
O.Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyində (HEPA) və Ticarət və Sənaye Palatasında görüşlər keçirib.
HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə görüşdə Azərbaycan və Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Macarıstanın Ticarət və Sənaye Palatasında keçirilmiş görüşdə isə ticarət əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.



