|
|
|
|

Ötən həftə bütün dünyanın diqqəti Münhenə yönəldi. 59-cu dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransında beynəlxalq gündəmin aktual məsələləri diqqət mərkəzində oldu. Konfransda 40 ölkənin dövlət və hökumət başçılarının, müxtəlif ölkələrin rəsmilərinin iştirakı onun əhəmiyyətini, vacib platforma rolunu oynadığını bir daha nümayiş etdirdi. Gözlənildiyi kimi, tədbirin əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, digər ölkələrlə bağlı problemlər, məsələlər də gündəmdə idi. Eyni zamanda, Cənubi Qafqazla bağlı vəziyyətin müzakirəsi də maraqla qarşılandı. Bu da təbiidir, çünki Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Gürcüstan Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, qlobal layihələrin həyata keçirilməsində rolu danılmazdır. Ona görə də bu regionda sabitliyin, sülhün olması olması vacibdir. Prezidentin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı və çıxışı bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərdi.
Münhen Konfransı həm də üçtərəfli görüşlə yadda qaldı. Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü oldu. Bu, 44 günlük müharibədən sonra ABŞ-ın vasitəçiliyi ilə baş tutan ilk görüş idi. Azərbaycanın normallaşma prosesi ilə bağlı mövqeyi aydındır və bu mövqe beynəlxalq ictimaiyyətə təqdim olunub. Məlumdur ki, müharibədən sonra qalan məsələlərin həlli üçün Brüssel formatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşlər keçirilib. Bu format Qərb, o cümlədən, ABŞ tərəfindən dəstəklənir. Amma sonuncu Praqa görüşündən sonra Fransanın tutduğu mövqe, Makronun prosesə müdaxiləsi onun dayandırılması ilə nəticələndi. Ümumiyyətlə, Paris normallaşma prosesinə mane olmaq cəhdlərini hər fürsətdə davam etdirir. ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşün əhəmiyyətinə gəlincə, vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev üçtərəfli birgə görüş haqqında jurnalistlərin suallarını cavablandırarkən onun yaxşı, konstruktiv keçdiyini deyib.
Sitat: "Bir çox məsələlər, o cümlədən, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz".
Görüşdə vacib məqamlardan biri də sərhəddə Ermənistan və Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaratması barədə təklif olub. Azərbaycan əvvəl də bu təklifi səsləndirib, amma Blinkenlə görüşdə təklif rəsmən ölkə lideri tərəfindən verilib. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilməyib, yəqin ki, onlara bunu müzakirə etmək üçün bir qədər vaxt lazımdır: "Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".
Azərbaycanın bu təklifi beynəlxalq hüquqa söykənir. İrəli getmək, tərəflər arasında qalan məsələlərin həllində tərəqqi əldə etmək, nəhayət sülh sazişi imzalamaq üçün əlbəttə ki, Fransa kimi ölkələrin pozuculuq səylərinə imkan verməmək, masada olan təklifləri dəyərləndirmək lazımdır. Çünki münaqişə döyüş meydanında həll olunub və artıq arxiv olan Minsk qrupunu dirçəltmək, onların hansısa keçmiş təkliflərinə istinad etməyə çalışmaq prosesin uzadılması deməkdir. Üstəgəl, Laçın yolundan ermənilərin ölkəmizin ərazisinə mina daşıması və bu minaların dinc insanların, hərbçilərimizin həyatlarını itirmələrinə səbəb olması, erməni hərbçilərinin, silah-sursatın, digər ölkələrin vətəndaşlarının qanunsuz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə gətirilməsi heç kimə sirr deyil. Sonuncu nümunə iranlı diversantların Qarabağa gətirilməsinə dair Azərbaycanın açıqladığı təkzibolunmaz faktlardır. Bütün bunların qarşısını almaq üçün əlbəttə ki, Azərbaycanın ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaratmaq təklifi məqbuldur və dəstəklənməlidir.
Digər tərəfdən, beynəlxalq güclər yaxşı anlayırlar ki, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək bu dəhliz təkcə nəqliyyat deyil, digər xüsusiyyətlərinə görə də əhəmiyyətlidir. Bu, Avropaya yaşıl enerji ixracında da mühüm rol oynaya bilər.
Bu gün Qərb, ABŞ Rusiyanın regionda güclənməsini istəmir. Ukrayna müharibəsində getdikcə zəifləyən Rusiyanın bu regionda da təsir gücü azala bilər. Bundan çıxış etdikdə, ABŞ-ın Azərbaycanın təklifi dəstəkləyə biləcəyini düşünmək olar. Bir sözlə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında bir hərəkətlilik müşahidə olunmaqdadır. Vasitəçilik missiyasını üzərinə götürənlər Azərbaycanın təkliflərinin məqbul olduğunun fərqindədirlər. Amma dəstəyin, Ermənistana təzyiqin nə dərəcədə olacağını zaman göstərəcək.



