Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Krallığın Media Nazirliyində Beynəlxalq əlaqələr üzrə nazir müavini Xalid Əl-Həmdi ilə görüşüblər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yüksək səviyyədə keçirilən İkinci Səudiyyə Media Konfransı haqqında fikirlərini bölüşüb. O, dünyada medianın durumunu özündə əks etdirən dəyərli fikirlərin səsləndirildiyi belə bir tədbirə dəvətə görə təşəkkürünü bildirib. R.Məcid qeyd edib ki, konfransda medianın çağdaş problemlərinin sahənin tanınmış mütəxəssislərinin baxış bucağından təqdimatı böyük maraqla qarşılanıb.
MŞ sədri konfrans çərçivəsində Səudiyyə Ərəbistanının tarixinə həsr olunmuş konsert proqramının təəssürat zənginliyi ilə yadda qaldığını vurğulayıb. O, "Dünya bulvarı" adlı yeni məkanı yüksək qiymətləndirdiyini deyib, ölkənin tarixi yerlərinə ziyarət imkanının yaradılmasından məmnunluğunu dilə gətirib.
Nazir müavini Xalid Əl-Həmdi xoş sözlərə görə təşəkkürünü bildirib, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Azərbaycan mediası arasında əlaqələrin sistemləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət rəsmisi çıxışında təmsil olunduğu qurumun Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi ilə münasibətlərinə diqqət çəkərək bildirib ki, diplomatik missiya Səudiyyə Ərəbistanında, xüsusilə, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qeyri-dəqiq informasiyalar yayılarkən operativlik göstərir, yanlışlıqları aradan qaldırır, ictimai rəyin düzgün məlumatlandırılmasını təmin edir.
Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyi ölkənin mediası ilə sıx və səmərəli əlaqələrinin mövcudluğundan söz açan Xalid Əl-Həmdi onu da bildirib ki, Azərbaycanda Səudiyyə Ərəbistanına maraq böyükdür, həmçinin, Krallığın jurnalistləri də Azərbaycan mediası ilə əlaqələrdə maraqlıdırlar.
Görüşdə iştirak edən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev da iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, mövcud istiqamətdəki xarakterik məqamları diqqətə çatdırıb.
Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında media təmaslarının inkişafı üçün qarşılıqlı jurnalist səfərlərinin təşkili istiqamətində işlərin daha da intensivləşdirilməsi qərara alınıb.
MŞ sədri R.Məcid Xalid Əl-Həmdiyə, eyni zamanda, hazırda ölkənin media nazirinin səlahiyyətlərini yerinə yetirən Məcid Əl-Qəsabiyə təşəkkürünü bildirərək, nümayəndə heyəti adından Azərbaycan xalçasının süvenirlərini və AMEA Şərqşünaslıq İnstitutunun Qarabağ, Şuşa, Xocalı ilə bağlı dərc etdiyi kitabçaları nazir müavininə təqdim edib.