|
|
|
|

Qəhrəman ƏLİYEV
(Lerik)
Qala
Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin xatirəsinə
Şeirimizin qoşa qanadı -
Nigar xanım, Rəsul müəllim.
Birinin təmkini, səbri
adamı heyrətə salırdı.
Birinin qeyrəti, inadı...
Biri vardı, biri yoxdu -
o söz fədailəri,
sadələri, adiləri,
şeirin min qatının qadirləri
döyüşdülər, vuruşdular.
Məna ənginliyinə qanad gərərək
nəhəng qala qurdular:
Ərk qalası, dərk qalası...
Sözün cəfakeşləri
adladılar bütün keşməkeşləri.
O söz vurğunları, keşikçiləri
axıracan arın-arxayın durdular.
Qıymadılar,
qoymadılar
bədii sözün çəkisi düşə.
Qafiyə harasa sürüşə,
misra əndazədən çıxa,
vəzn gedə vuruşa...
İki ağır oturub, batman gələn
alicənab, nəcib insan
könlü-gözü tox,
xəyanətkarlara kəlmələri ox...
Şeirimizin o qoşa cəngavərləri,
başçıları, sərkərdələri
qoymadılar Füzuli beytinin dadı itə.
Sarı Aşıqdan yadigar
bayatının adı itə.
Əbədiyyət qazandılar -
ölməzliyə tərəf yol gedə-gedə...



