|
|
|
|

Əziz KƏRİM
Sevmirsən
Demirəm uzaqlaş, çəkil yolumdan,
Mən sənə sevməyi öyrədəcəyəm.
Məhəbbət güclüdür gələn ölümdən,
Mən sənə sevməyi öyrədəcəyəm.
Ardımca baxarsan - qanın qaynayar,
Bu donmuş hisslərin qəfil oynayar.
Qəlbin təlaşlanar, ruhun boylanar,
Mən sənə sevməyi öyrədəcəyəm.
Sən də çəkəcəksən sevgi yükünü,
Gecikmə, Simurğun yandır tükünü.
Nura qərq edəcəm könül mülkünü,
Mən sənə sevməyi öyrədəcəyəm.
Qəfildən sevməyin çox asan olar,
Sevgidən doğulan pak insan olar.
Dünyamız sevgidən gülüstan olar,
Mən sənə sevməyi öyrədəcəyəm.
Olanda
Gözlərimə nur dolur
Sən yanımda olanda.
Bu dünya mənim olur
Sən yanımda olanda.
Qəm bürüməz çöhrəni,
Külək əyməz pöhrəni.
Kədər, qüssə köhnəlir
Sən yanımda olanda.
Gül ömürlü yaz adam,
Bunu duyar az adam.
Hər qayğıdan azadam
Sən yanımda olanda.
Aydın olsun
Aydın olsun səhərin,
Aşıb-daşsın bəhərin.
Mübarəkdir qələbən,
Mübarəkdir Zəfərin.
Həqiqətə, paklığa
Heç bir ləkə düşməsin.
Budaq üstə meyvələr
Saralıb büzüşməsin.
Ədalətə səs verək,
Qələbəni tez çalaq.
Həqiqətin yanında
Bayraq kimi ucalaq.
Üzlərdə sevinc, şadlıq,
Hamı azad yaşasın.
Silah yüklü qatarlar
Daha beşik daşısın!



