|
|
|
|

Avropa İttifaqının Ermənistana göndərdiyi müşahidə missiyasının fəaliyyətinin ilkin "nəticələri" özünü çox gözlətmədi. Belə ki, xeyli müddətdir, daha dəqiq desək, ötən ilin dekabr ayının sonundan bu yana davam edən sakitlik məhz bu missiyanın gəlişi ilə pozuldu. Fransanın lobbiçiliyi ilə Aİ-nin missiyasının gəlişinə nail olan Ermənistan bu addımdan cəsarətlənərək ordumuzun mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz və Naxçıvandakı mövqeləri snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə 15 dəfə atəşə tutulub. Atəş təkcə Ermənistan ərazisindən deyil, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən də açılıb. Bunu əlbəttə ki, İrəvanın Münhen görüşündən sonra normallaşma prosesinin canlandırılması istiqamətində göstərilən səylərə qarşı təxribatı kimi qiymətləndirmək olar. Çünki Ermənistan müstəqil hərəkət edə bilmir, Fransanın diqtəsi ilə qalan məsələlərin həllindən müxtəlif bəhanələrlə yayınır, təxribatlarla, pozuculuq addımları ilə prosesi uzadacağına, vaxt qazanacağına ümid edir. Təəssüf ki, bəzi beynəlxalq güclər də həm İrəvanın, həm də Parisin bu pozuculuq səylərinə alət olurlar.
Onu da vurğulayaq ki, rəsmi Bakı Aİ missiyasının regiona gəlişinə etirazını dəfələrlə bildirib, yəni bu missiyanın hansısa perspektiv vəd etmədiyi, sabitliyə deyil, daha çox vəziyyəti gərginləşdirməyə xidmət göstərəcəyi əvvəldən bəlli idi. Son hadisə, yəni mövqelərimizin atəşə tutulması da bunun bir sübutudur.
Baxmayaraq ki, Aİ Şurası "sərhəd ərazilərdə sabitliyə töfhə vermək" məqsədi ilə Ermənistana missiya göndərdiyini bəyan etmişdi.
Avropa İttifaqının müşahidəçiləri fevralın 20-dən Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayıblar. Mülki deyilən missiyanın yarısının əslində silahlı şəxslərdən ibarət olduğu da aydınlaşıb. Belə ki, Avropa İttifaqının yaydığı açıqlamada bildirilir ki, missiyada iştirak edən 100 nəfərdən 50-si "silahsız müşahidəçidir". Yəni, rəsmi açıqlandığı kimi tam yarısı silahlı olan missiyasını "mülki" adlandırmaq mümkün deyil. Bu missiyanın səlahiyyət müddəti 2 ildir. Bundan əvvəlki missiya isə bölgədə 2 ay müddətində qaldı. Əlbəttə ki, Avropa İttifaqının bu qədər uzun müddətə Ermənistana müşahidə missiyası göndərməsi başadüşülən deyil və bunun arxasında hansı maraqların dayandığını anlamaq çətin deyil. Fransa amilini yuxarıda qeyd etdik. Onu da yada salaq ki, Fransanın xarici işlər naziri Katron Kolonna 2022-ci ilin oktyabrın 20-dən Ermənistanda olan Aİ-nin müşahidə missiyasının mandatının uzadılmasının vacib olduğunu bildirmişdi və o, bunu missiyanın sərhəddəki monitorinqinin "eskalasiya riskini azaltması" ilə izah etmişdi. Fransanın bu gün istədiyi regionda təsir imkanlarını artırmaqdır və bunu da İrəvanın vasitəsilə etməyə çalışır. Missiya göndərilməsinin məqsədlərindən biri də budur.
Xatırladaq ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".
Son baş verən proseslər dövlət başçısının bu proqnozunun nə dərəcədə doğru olduğunu göstərdi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, Aİ-nin birtərəfli qaydada Ermənistanda hərbi-siyasi iştirakçılıqla bağlı qərarı, üstəlik bu qərarın qərəzli olması artıq əməkdaşlıq cəhdləri deyil, öz iradəsini diktə etmə cəhdləridir. Ona görə də Aİ-nin belə cəhdləri əlavə gərginlik yaradır: "Sərhəddə atəşkəsin pozulması sübut edir ki, proqnozlar özünü doğrultdu. Onsuz da gərgin olan regionda vəziyyət Avropa İttifaqının hərbi iştirakçılığından sonra daha da gərginləşir. Monitorinq missiyası regiona gələr-gəlməz ilk "monitorinq" missiyasını yerinə yetirdi. Ermənistan mətbuatı isə dərhal yazmağa başladı ki, Aİ missiyası müşahidə apararaq, Laçın yolunun blokadada olduğunu təsdiqləyib. Bu, özlüyündə göstərir ki, Aİ missiyası əvvəldən düşünülmüş, qərəzli məqsədlə gəlir, ilk addımında bunu isbat etmiş oldu. Artıq bir missiyanın fəaliyyətindən cəmi bir neçə gün keçib və indiyə qədər müşahidə edilməyən geniş coğrafiyada ermənilər atəşkəsi pozublar. Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bu şəkildə kütləvi atəşkəsin pozulması halı şübhəsiz ki, Avropa İttifaqının monitorinq missiyası üçün gərəkli idi. Avropalılar bununla sərhəddə vəziyyətin sabit olmadığı, Azərbaycan tərəfinin guya atəşkəsi pozduğu barədə aktlaşdırılmalı faktlar əldə etmək niyyəti güdürlər. Biz əminik ki, həmin müşahidə missiyası bu təxribatların hamısını Ermənistanın lehinə, Azərbaycanın əleyhinə aktlaşdıraraq, sənədlər yığmağa başlayacaq. Sonda yığdığı qərəzli sənədləri Avropa İttifaqında müzakirəyə çıxararaq, yeni təzyiq vasitələri əldə etmək üçün istifadə edəcək. Azərbaycana qarşı addımların atılmasına, qərəzli qərarların qəbul edilməsinə çalışacaq. Ona görə, bu, əvvəldən proqnozlaşdırılan hadisə idi və artıq reallaşdırılır".
Deputat qeyd edib ki, Azərbaycan tərəfinin belə təxribatların qarşısını alacağı heç kimdə şübhə doğurmur: "Ancaq Ermənistan bu addımları atdığı üçün yenidən özü öz vəziyyətini bir qədər də pisləşdirmiş olacaq. Bununla sülhdən bir qədər də uzaqlaşan Ermənistanı yaxşı aqibət gözləmir. Çünki Avropa İttifaqının Cənubi Qafqazda hansısa real hərbi təzyiqi mümkün deyil, bu, yalnız siyasi və iqtisadi vasitələrlə ola bilər. Amma bunun üçün də müxtəlif qərarların qəbul edilməsi vacibdir. Bundan başqa, Aİ missiyasının addımları Ermənistanda daxili vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Ona görə, nə qədər ki, gec deyil, - onsuz da itirilmiş müddət çoxdur, - heç olmasa bundan sonra daha çox zaman itirməmək üçün Ermənistan düzgün qərar qəbul edib, Azərbaycanla sülh bağlamaq istiqamətində qəti addımlar atmalıdır. Çünki sülhlə bağlı müqavilə imzalanacaqsa, artıq heç bir missiyanın regionda qalmasına gərək olmayacaq. Rusiya və Avropa missiyaları regiondan çıxarılacaq. Ermənistanda əgər uzaqgörən siyasətçilər varsa, bunu görməli və konkret addımlar atmalıdırlar ki, yaşadığımız bölgədə sülh və əmin-amanlıq bərqərar olsun".
Deputat Vüqar İskəndərov isə hesab edir ki, ermənilərin mövqelərimizi atəşə tutmasını ilk baxışdan bu ölkənin ənənəvi təxribatından biri güman etmək olar. Lakin məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır: Söhbət ondan gedir ki, fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb. Bundan cəmi bir gün sonra isə erməni silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutublar. Missiyanın fəaliyyətə başlamasından bir gün sonra Ermənistanın bu təxribata əl atması, Aİ missiyasının sülhə, sabitliyə deyil, sabitsizliyə xidmət edəcəyinə dair ehtimalların təsdiqlənməsi deməkdir. Xatırladım ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Göründüyü kimi bunu çox gözləmək lazım olmadı. Yəni, missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması Azərbaycan tərəfinin narahatlığının əsassız olmadığını təsdiqlədi".
Deputat deyib ki, baş verənlər Ermənistanın bu missiyanın gəlişinə cidd-cəhdlə hazırlaşmağının əbəs olmadığına işarə edir: "Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün "təhlükəsizlik çətiri" hesab edirlər və bundan "cəsarətləniblər". Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Hər kəs bilməlidir ki, təxribat və təhdid davam edərsə, sərt şəkildə cavablandırılacaq".
O əlavə edib ki, Aİ öz missiyasını "mülki missiya" adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si "silahsız müşahidəçidir". Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb. Erməni ictimaiyyəti öz yerində, bəs sadə xarici diplomatı sərhədi yaxınlığında görəndə əndazəsini aşan İran rəsmiləri bu silahlı Aİ missiyasını niyə görməzdən gəlirlər? Yaxud, Rusiya Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, açıq-aydın onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür.



