|
|
|
|

Ukrayna-Rusiya müharibəsinin ildönümündə Ukrayna Prezidenti Vladimir Zelenski ictimaiyyətə müraciət edib.
525.az xəbər verir ki, Zelenski müraciətində: “Daimi kütləvi raket hücumlarına və elektrik enerjisinin kəsilməsinə baxmayaraq, biz bu qələbənin işığını görürük. Biz məğlub deyilik. Bu il isə qələbə qazanmaq üçün hər şeyi edəcəyik”, - deyib.
Ötən il müharibənin ilk günündə 67 saniyəlik bəyanatla Ukrayna xalqına müraciət etdiyini xatırladan Zelenski: “24 fevral 2022-ci il belə başladı. Həyatımızın ən uzun günü. Müasir tariximizin ən ağır günü. Həmin gün tez oyandıq və o vaxtdan bəri yatmadıq”, - deyə bildirib.
Zelenski deyib ki, müharibə başlayanda çoxlu insan hərbi bölmələrə və regional müdafiə birliklərinə yazılmışdı.
Zelenski müharibənin Ukraynada çox şeyi və bir çox ailənin taleyini dəyişdiyini qeyd edib. “Müharibə bir çox ailənin taleyini dəyişdi. Adət və ənənələrimizi dəyişdi. Əvvəllər nənə və babalar nəvələrinə nasistləri necə məğlub etdiklərini danışırdılar. İndi isə nəvələrinə rasistləri necə məğlub etdiklərini danışırlar. Əvvəllər analar, nənələr şərflər toxuyurdular, indi kamuflyaj torları toxuyurlar. Uşaqlar əvvəllər Şaxta babadan smartfon istəyirdilər, indi isə əsgərlərimiz üçün pul yığırlar. Əslində, keçən il hər bir ukraynalı qohumunu itirib. Ata, oğul, qardaş, ana, qızı, bacısı, yaxın dostu, həmkarı, qonşusu, tanışı”, - Ukrayna Prezidenti bildirib.
Zelenski Rusiyanın işğal etdiyi bölgələrdə yaşayan ukraynalılara da səslənərək, bütün torpaqların azad ediləcəyini bildirib: “Hazırda müvəqqəti işğal altında olan vətəndaşlarımızı, Ukrayna tərk etməyib, unutmayıb. Biz döyüşüb əsir düşən əsgərlərimizin də hər birini geri qaytaracağıq. Daimi kütləvi raket hücumlarına və elektrik enerjisinin kəsilməsinə baxmayaraq, biz bu qələbənin işığını görürük. Biz məğlub deyilik. Bu il isə qələbə qazanmaq üçün hər şeyi edəcəyik”, - deyə Zelenki əlavə edib.
Fərid Sançar



