|
|
|
|

Nurəngiz GÜN
İlahi! Sən Onlara rahatlıq ver...
İlahi! Təskin et!...
Sən onlara səma nəğmələri göndər,
təsəlli səp...
Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda...Torpağın altında
Dipdiri ölülər var!
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı, ey Rüzgar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar!
lll
Onların sümük xatirəsində,
indi yalnız dip-diri
torpağa əndərilmiş Böyük Hürkü,
şaşqın qışqırıqlarının yaddaşı yaşayır!
Bir də ki... " Lənət sənə, Faşizm!
Lənət sənə!" - hayqırıqları yaşayır!
İndi Onlar dərin uğultularda
Simvolik Marsilyoza vıyıltısı oxuyur...
Sivil dünya bir şey anlasın deyə!
Xor oxuyurlar Onlar, Vəhşətə!!!
Dünya bir şey eşidə bilsin deyə!
Hə, rüzgar! Al Onların güclü faciəsini
qarışdır fırtınalı hirsinə, Səsləri....
Apar ötür onlara da -
O tay, bu tay Okeanı zəbt edib oturmuş,
Zorunlara! Atları Əflatun Fironlara da!
lll
Bəli, cahan!
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib...
Hərdən soruşuram Ondan
xəyalən:
"-Xocam!... Xocalım!... Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd Qonşu?-
Drammatik "Yazıq Erməni" ilə
Məşhur Qırmızı Qospodin?" -
Nə "incə təlaş" etmişdir
Köhnə Sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın maşını? -
"Möhtəşəm" bir Alay!!!
Ah, mənhus düşüncə!
Necə yəni, Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
Əhsən, ey İnsan, əhsən,
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın faciəsini
Çox-çox arxada qoydun!
Bəs əsir-yesirlər?
Bir deyil, on deyil,
Min-mindir, yüz mindir əsirlər!
Sarsılan, əzilən həyatlar -
yüz min, yüz min... yüz mindir!
lll
Məryəm Anaaa! Müqəddəs!...
Bəlkə sən cavab verəsən,
Nədir bu? Nə demək " Xof və İnsan?"-
Hardan axır axı kilsə zəngləri?
Zor edir, zorunluqla soxulur
müsəlman obasına.
Sizlərdə beləmi zorakıdır Kəlisa?-
Allahın müqəddəs evləri?...
Faydasızdır belə isə
Sizdən gözlənən etina...
Axı Dünya çox məşğul!
Axı Dünya özbaşına!
lll
Bəs, Rüzgar, o Nəhəng Ananı
Ən Böyük Qüssəni gördünmü?...
O sənə heç bir şey demədiii?
Demədimi, bütün Oyaq Kölgələr
Naləyə çevriliblər?!
Mən ki eşidirəm Onu!
Eşidə bilirəm mən
Onların hamısını!
Bir-birinin ətəyini dartışdıran
Heç bir şey anlamadan
sızlayan uşaqların
Ölüm Şərqilərini
Mən eşidə bilirəm!
lll
Və varındısa... sən Allah, ey Rüzgar,
fırça gətir!
Mən bu Qlobal Ahın şəklini çəkərəm!
Çəkə bilərəm Onu -
Zülmün Nəhəng Pannosunu!
lll
İndicə Dünya üçün
himn oxuyub qalxacaq,
O məğrur, əsrarəngiz, o Yek Ana-
Mübarizə Simvolu Vətən qızı!
Hayqıracaq!
rüsvay edəcəkdir O
Cahanın Canavar İştahlı
Cümlə Adamyeyən Kolunun...
Cümlə Yırtıcılarını!
lll
Kilsə zəngləri çalxanır yenə də...
O bu səsi istəmir!...
Gözlərində alov var,
Alov alışır Onun, bütün sümüklərində;
Xocalı yanırmış,
Xocalı alovda... Of, Allah, Allah, Allah!
Onun qulaqlarında
yerlə-yeksan olub qalmış
uşaqlarının səsi, yiyəsiz avazlar,
toz kimi, qum kimi ələnən
azan səsləri yaşayır!
lll
İlahi! Kömək ol! O təkdir!... Anadır...
Tək qalıb... torpağın üstündə...
O Ruhdur!.. Güc gəlib torpağa...
Gəlib ki,
Oxusun laylasın üst qatda!...
Gəlib ki,
Duysun Onu Dünya üst qatda!..
Axı qalın yorğan çəkir,
Nəhəng faciə üstünə
Üst Qatlar!
lll
Cavabdehsiz!
Cavabdehsiz, Cavabdehsiz,
Cavabdehsiz, belində hərb gəzdirən
Cahanşümul Şümürlər!
Müntəzirsiz cavaba, Cahan Goreşənləri!
Dünyanı bazar bilən
Müsrəsna "alış-veriş əmiləri!"...
Ah, göyərçin balaları neylədiz?
Neylədiz, Nəfəsləri? Əmilər!...
Hanı Səslərrr?!!...
Heç girirmi yuxunuza
sönən işıqlar, həyatlar,
lal baxan ləpirlər...
Üşüdürmü Sizləri hərdənbir
xərək-xərək Ölülər?
Təbəssümü qəfil kirimiş olan
Uşaqların məzlum pıçıltıları?
Əmilər!!!...
Bu ayrılıq felinə Sizsiniz günahkar,
Bəşəri Zalımlar!
lll
Əl çəkin! Qırın hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz Məliklər!
Dünya Kələkbazları!
Dü-şü-nünn!!!..
Dünya yalnız sizin deyil!
Düşünün!!!!!!
Düşünməyə çox dəyər!...
lll
İlahi! Sən onları rahat et...



