|
|
|
|

AĞASƏFA
XÜSUSİ TƏYİNATLI ŞEİR
Yol bilən, Haqqa varan
Boz Qurduq...
Hey... Hey... Hey...
Bu ağır məmləkəti
Biz yaradıb,
Biz qurduq...
Hey... Hey... Hey...
Tülkü düşmən, yeri hey,
Biz qurduq...
Hey... Hey... Hey...
Babamız harda yatırsa,
Balamız orda şəhid,
Əkilir bayraq ilə
Torpağa ard-arda şəhid
.
Gəlmişəm mən də olum
Burda şəhid...
Hey... Hey... Hey...
Ocağa, yurda şəhid...
Hey... Hey... Hey...
Tuta bilməz
Sözümüz, söhbətimiz
Bizə düşmən kəs ilən,
Yaşamaz, var ola bilməz
Bizə düşmən kəsilən!
Yeri hey!
Hey... Hey... Hey...
Ora Xan kəndidir ey,
Tülküyanın kəndi deyil.
Sənə çoxdan bələdik,
Tülkülüyün indi deyil.
Baxma marıqdan
Bəri, hey!
Gəlirik, qaçma, dayan,
Biz gəlirik...
Hey... Hey... Hey...
Bu nədir? Olmadı ki...
Qulağın kardı məgər?
Qaçma da... Yan...
Biz gəlirik....
Gə... li... rik...
Yeri hey...
Hey... Hey... Hey...
AZƏRBAYCAN QORUYUR
Qoca, cavan qurur, tikir,
Yurd salır, ünvan qoruyur.
Düşmən önündə səd çəkir,
Yurdu mərzban qoruyur.
Unutmadıq biz onları,
Dədəm Qorqud yazanları.
Yağmalanan qazanları
Qaraca Çoban qoruyur.
İgiddir eli, elatı,
Beşbarmaq göyə əl atır,
Çıraqqala məşhəl tutur,
Yolları Şabran qoruyur.
Ərənlərə dərsdir bu da,
Aman vermir namərd yada,
Mübarizlər girir oda,
Ərköyünlər can qoruyur.
Arzuların ən yaxını:
Qarabağa el axını.
Öz üçrəngli bayrağını
Mərd Azərbaycan qoruyur.
NƏ DEYİM BƏS?
O fransız deyir ki:
Laçın yolundan keçən
Eşşəyə "Hoş! Hoş!" demə.
Tez-tez keçir bu yoldan
Maşınlar beş-beş demə.
Qırt düşən Vardanlara
Düş, sürüş, kiş-kiş demə.
İslatmısan, geymisən
Şalvarı yaş-yaş demə.
Yalan-malan üyütmə,
Danışma boş-boş demə.
İtini çomaqla qovma,
Pişiyinə piş-piş demə.
Aşıb-daşsa səbrimiz,
Düşərsiz leş-leş demə.
O yanda bərk-bərk demə,
Bu yanda xoş-xoş demə.
Arxa çıxır, dəm tutur
Gündə Filankəs buna...
"Hoş!" deməyim,
"Kiş!" deməyim,
"Piş..." deməyim,
Ay imansız
Fransız,
Mən nə deyim bəs buna?
KEÇMƏ NAMƏRD KÖRPÜSÜNDƏN...
Əlləri qabarlının,
Yorğunun, üzgünündür,
Dəni sən səpməmisən,
Günəşə gülümsəyən
Sünbülü öpməmisən,
Bu zəmi özgənindir...
Biçmə! Biçmə!
Çox da umu-küsü var,
Deyinməyə kürsü var,
Öyünməyə kürsü var.
Çox namərd körpüsü var,
Daşqın çaylar üstündə
Körpülər də kürsüdür,
Ərənlər körpüsüdür,
Gəl, keç Xudafərindən,
Küsməsin körpü səndən...
Keçmə namərd körpüsündən...
Keçmə... Keçmə...
Ağrı-acı ötəndir,
Bu torpaq ki sənin var,
Bütün dünyaya təndir,
Vətəndir ey! Vətəndir!
Vuruş, öl! Şəhid ol burda...
Yad diyara, özgə yurda
Köçmə... Köçmə...



