Amerika kosmik gəmisi və raket istehsalçısı "SpaceX" ABŞ Aerokosmik Agentliyinin (NASA) missiyası üçün dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya daşıyacaq raket buraxılış cəhdini texniki nasazlıq səbəbindən təxirə salıb.
525.az xəbər verir ki, "SpaceX" rəsmilərinin verdiyi açıqlamaya görə, Kennedi Kosmik Mərkəzindən həyata keçirilməsi planlaşdırılan raketin buraxılış cəhdi mühərrikinin alışma sistemində yaranan nasazlıq səbəbindən buraxılışa 2 dəqiqə qalmış dayandırılıb. Səlahiyyətlilər problemin mühərrikin alışma mayesini doldurmaq üçün istifadə edilən yerüstü avadanlıqla bağlı olduğunu düşünür.
Qeyd edək ki, raketin buraxılış cəhdi üçün yeni tarix müəyyən edilməsə də, iki ABŞ astronavtı, bir rus kosmonavtı və bir BƏƏ astronavtını daşıyacaq kosmik gəminin bölgədəki hava şəraiti uyğun olarsa, sabah kosmosa göndəriləcəyi gözlənilir.
Məhəmməd Tağıyev