
Bu gün fevralın 28-i erməni millətçilərinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birgə Sumqayıtda törətdikləri hadisələrdən 35 il ötür. Əslində Sumqayıtda baş verənlər 1987-ci ildə SSRİ DTX ilə erməni millətçilərinin Azərbaycana qarşı hazırladıqları məkrli planın tərkib hissəsi idi. Çünki onlar həmin vaxtdan başlayaraq Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırırdılar. Artıq separatçı meyillər özünü göstərirdi. Sumqayıtda iğtişaşı da ona görə törətdilər ki, guya ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilməzlər, onların haqları tapdanır və s. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir.
Sumqayıtdakı məlum hadisələrdən əvvəl müxtəlif vərəqələr paylanırdı. Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar Sumqayıtda yerləşdirilmişdi. İğtişaşın təşkilatçısı və icraçısı Eduard Qriqoryan dəstəsi ilə birlikdə 1988-ci il 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə hadisəni törətməyə başlayırlar. Məlumata görə, zor tətbiq edilən, öldürülənlər Xankəndi şəhərində yaradılmış Krunk (Durna?) adlı terror təşkilatına pul ödəməyən ermənilər olub.
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı 10-a yaxın ermənini şəxsən öldürüb. Təxribat zamanı ümumilikdə 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Prezident İlham Əliyev Sumqayıt hadilərindən danışarkən deyib: "Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir".
Qeyd edək ki, hadisənin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov heç bir sübut olmadan güllələndi. Onun məhkəmə prosesi qanuna zidd olaraq Azərbaycanda deyil, Moskvada keçirildi.
Sumqayıt hadisələri zamanı yüzlərlə azərbaycanlı ailəsinin və öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qorudular, onları kütlənin təhlükəsindən xilas etdilər.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Prezident İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.
İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.
Bunu hadisə şahidləri də etiraf ediblər. SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko 2016-cı ildə deyib ki, Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kim məsuliyyətə cəlb olunmayıb.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu".
Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.
Toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.



