
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfərlə Bakıda oldu. Bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında səfərin ötən il fevralın 22-də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının birinci ildönümü ilə əlaqədar olduğu vurğulanıb.
Lavrov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.
Məlumdur ki, bu gün Moskvanın Cənubi Qafqazla, xüsusilə Ermənistanla bağlı bir sıra narahatlıqları var. Çünki Avropa İttifaqının uzunmüddətli missiyasının Ermənistana yerləşdirilməsi, İrəvanın Rusiyanın maraqlarına zidd addımları, Qərbə yaxınlaşmaq istiqamətində siyasətini fəallaşdırması Rusiyada xoş qarşılanmır. Moskva bir tərəfdən vasitəçilik missiyasında dominatlığını əldə saxlamaq istəyir, digər tərəfdən isə regionla bağlı siyasətində ikili oyun oynayır. Yəni Rusiya üçtərəfli bəyanatın müddəalarının tam yerinə yetirilməsində, sülh sazişinin imzalanmasında hələ ki, maraqlı görünmür. Məqsəd əlbəttə ki, bu vasitə ilə regiona təsir imkanlarını saxlamaqdır. Rəsmi Bakı isə qalan məsələlərin həllini və İrəvanla tez bir zamanda sülh müqaviləsinin imzalanmasını istəyir.
Prezident İlham Əliyev Lavrovla görüşdə bu barədə deyib: "Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub".
Son günlər Qərb yenidən bu istiqamətdə fəaliyyətini aktivləşdirib, Münhendə ABŞ-ın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdən sonra Aİ-nin vasitəçiliyi ilə yeni bir görüş nəzərdə tutulub.
Milli Məclisin deputatı Asim Mollazadə "525"ə Lavrovun səfərinin əsas məqsədlərini və hansı nəticələri ola biləcəyini şərh edib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan-Rusiya münasibətləri və bu istiqamətdə ölkələrimizin hansı sahələrdə əməkdaşlıq edə biləcəyidir: "Çünki məlum olduğu kimi, Rusiyaya qarşı bir sıra istiqamətlərdə sanksiyalar tətbiq olunub. Rusiya demək olar ki, iqtisadi nöqteyi- nəzərdən qapanmış vəziyyətdədir. Ona görə də Rusiyanın Azərbaycana ehtiyacı var. Moskva Bakı ilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək istəyir. O ki qaldı bölgədəki vəziyyətə, Rusiya Ermənistana görə çox narahatdır. Çünki Ermənistan sürətlə Qərbə inteqrasiya yolunu seçib və Rusiya Ermənistanda hərbi bazasını itirmək təhlükəsi ilə üzləşib. Bu gün Ermənistan bir növ gözləyici mövqedədir. Yəni, Ukraynadakı müharibənin sonunu gözləyir və qərarlarını ondan sonra verəcək. Bunun üçün də Rusiya hazırda Ermənistana təzyiq imkanlarına malik deyil və çox güman ki, Ermənistanda özlərinə yaxın olan hakimiyyəti formalaşdırmaq istəyi var. Lakin Rusiya Qarabağ münaqişəsinin tam həllini çox güman ki, istəmir. Çünki o zaman bölgəyə təsir imkanları tam məhdudlaşacaq. Ona görə də düşünürəm ki, Ruben Vardanyan hadisəsi bir növ bu söylədiyimiz məqsədləri nümayiş etdirir".
A.Mollazadə düşünür ki, sadəcə olaraq Rusiyanın imkanları hərtərəfli şəkildə məhduddur: "Çünki Azərbaycan və Türkiyə Rusiyanın iqtisadi baxımdan xilası üçün çox önəmli ölkələrdir. Ona görə də Rusiya həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini qorumalıdır. Düşünürəm ki, Lavrovun səfərinin əsas məqsədi, ümumiyyətlə, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və bu istiqamətdə zəruri addımlar atmaq istəyindən irəli gəlir. Hesab edirəm ki, Azərbaycan Rusiya qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək tələbi ilə çıxış edəcək. Bu da səfərin əsas mahiyyətidir".
Deputat əlavə edib ki, Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməlidirlər: "Söhbət erməni silahlı qüvvlərini Qarabağdan xaric etməkdən, Laçın yolunda Azərbaycanın nəzarətini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı, ətraf mühitlə bağlı mövcud olan hazırkı vəziyyəti dəyişdirmək üçün Rusiyanın zəruri addımları atmasından gedir. Bütün bunlar səfərdə müzakirə olunan əsas mövzuları təşkil edib".
Nəticələrə gəlincə, A.Mollazadə deyib: "İlk növbədə onu nəzərə almaq lazımdır ki, Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistanla sülh sazişini imzalanmalıdır. Bunun hansı platformada olması Azərbaycan üçün fərq etməz. Bizim mövqeyimiz məhz beynəlxalq hüquq normaları çərçivəsində problemi həll etməkdir. Beynəlxalq hüquq normaları deyəndə, hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi burda ən əsas amildir. Rusiyanın problemləri Ermənistanın daxilində olan problemlərdir. Çünki Ermənistan əhalisi dəfələrlə sülh istəyib, Rusiyanın tərəfdarları isə müharibə istəyirlər. Bunlar keçmiş hərbi cinayətkarlardır. Ona görə də Rusiya demək olar ki, Ermənistanın daxilində bütün təsir imkanlarını itirib. Rusiyanın problemləri daha çox Ermənistanla bağlıdır".
Deputat deyib ki, sülh sazişi ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından ibarət olmalıdır. Bu istiqamətdə də işlər gedir.
Laçın yolunda birgə sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Bakının təklifinə gəlincə, A.Mollazadə deyib ki, Azərbaycanın tələbi beynəlxalq hüquq normalarına əsaslanır: "Laçın Azərbaycanın ərazisidir. Bu ərazidə təhlükəsizliyi təmin etmək Azərbaycan dövlətinin məqsədlərindən biridir. Azərbaycan düşünmürəm ki, hansısa güzəştə gedəcək".



