
Bu il yanvarın sonlarında Türkiyədə prezident və parlament seçkilərinın may ayının 14-də keçiriləcəyi haqqında məlumat yayılmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında prezident və parlament seçkilərinin normal vaxtının iyunun 18-i olduğunu, lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduqlarını bildirmişdi. Dövlət başçısı bu tarixin Qurban bayramı ilə üst-üstə düşdüyünü, ona görə də 14 may tarixinin daha məqbul sayıldığını vurğulamışdı. Amma ölkədə fevralın 6-da baş verən və ağır faciələrlə nəticələnən zəlzələdən sonra təxminən 10 gün sonra mediada Türkiyə Ali Seçki Komissiyasının prezident və parlament seçkilərinin təxirə salınması təşəbbüsü ilə çıxış edə biləcəyi haqqında xəbərlər işıq üzü gördü. Lakin çox keçmədi Türkiyə prezidenti və hakim partiya bu fikirləri inkar edərək seçkilərin təxirə salınması barədə səslənən fikirləri yalanladılar.
Artıq Türkiyədə əsas diqqət qarşıdakı prezident və parlament seçkilərinə yönəlib. Hətta qardaş ölkədə baş tutacaq seçkilərə Azərbaycan cəmiyyətində belə böyük maraq var. Seçkinin son olaraq mayın 14-ü baş tutacağı qərarlaşdırılsa da, ölkənin cənub əyalətlərində ard-arda baş verən şiddətli zəlzələlər və zəlzələlərin yaratdığı fəlakətlərə görə seçkinin ertələnəcəyi ilə bağlı iddialar hələ də səngimir. Bəs bu iddialar nə dərəcədə doğrudur?
Böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələdən sonra Türkiyədə prezident və parlament seçkilərinin təxirə salına biləcəyi ilə bağlı müəyyən fikirlər səsləndiyini xatırladan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "525"ə açıqlamasında bildirib ki, seçkilərin təxirə düşəcəyi ilə bağlı fikirlər səsləndirilsə də, Türkiyə prezidenti və hakim partiya seçkilərin öz vaxtında keçiriləcəyini bəyan etdilər: "Bu xəbərdən çıxış etsək, deyə bilərik ki, seçkilər ya iyunun 18-i, ya da mayın 14-ü keçiriləcək. Yəni seçkilər təxirə salınmayacaq".
Bu gün Türkiyədə müxalifət qüvvələri seçkidə qalib olmaq üçün əllərindən gələni etməyə çalışır. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də, şübhəsiz, müxalifətin vahid namizəd üçün ittifaq yaratması oldu. Bir il öncə Türkiyənin əsas müxalifət partiyaları - CHP, İYİ Partiya, Seadet Partiyası, DEVA Partiyası və Gələcək Partiyası "Altılı masa" adlanan vahid ittifaqı yaratdı. Bunu son 20 ildə Türkiyə müxalifətinin atdığı ən qətiyyətli addım kimi dəyərləndirənlər də oldu. Lakin "Altılı masa" hələ ki öz vahid namizədini müəyyənləşdirə bilməyib. Bu isə müxalifətin prestijinə zərər vurmaqla bərabər, Türkiyədəki müxalif kəsimin özündə də narazılığa səbəb olub. Ümumiyyətlə, Türkiyə müxalifəti və yaxud "Altılı masa" hakim qübbəyə rəqib olacaq vahid namizədi niyə müəyyən edə bilmir?
Elxan Şahinoğlu qeyd edib ki, müxalifət böyük ehtimalla CHP liderinin namizədliyi üzərində dayanacaq: "Türkiyə müxalifətinin vahid namizədinin kim olacağı yəqin ki, yaxın həftələrdə bilinəcək. Müxalifət artıq bunu uzatmağın özlərinin zərərinə işlədiyini anlayır. Müxalif partiyaların qurduğu "Altılı masa" artıq Millət İttifaqı kimi fəaliyyət göstərir və böyük ehtimalla CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanacaqlar. Çünki CHP parlamentdə ana müxalifət partiyasının lideridir".
Son illər ölkədə iqtisadi durumunun pisləşməsi, inflyasiya, türk lirəsinin dollar qarşısında dəyər itirməsi, habelə ölkəyə çox sayda suriyalı və əfqanların axın etməsi Türkiyə cəmiyyətində müəyyən narahatlıqlara yol açıb. Ölkədə mənfiyə doğru gedən bu proseslər təbii olaraq hakimiyyətin mövqelərinə də mənfi təsir göstərib. Bu arqumentlərdən çıxış edənlər builki seçkilərdə hakimiyyətin işinin heç də asan olmayacağını, əksinə, çətinliklərlə üzləşəcəyini proqnozlaşdırırlar.
Politoloq E.Şahinoğluya görə, Türkiyədə qarşıdan gələn seçkilərdə kimin qalib gələcəyi seçki kampaniyasından asılı olacaq: "Türkiyəda bu gün iqtisadi vəziyyət qənaətbəxş deyil, inflyasiya, qiymət artımı yüksəkdir və bu da təbii ki, hakim partiyanın, onun liderinin reytinqini müəyyən qədər aşağı salıb. Həmçinin, zəlzələnin nəticələri də Türkiyə cəmiyyətində ciddi müzakirə olunur. Bunlar əlbəttə, prezident Ərdoğanın səslərinə müəyyən qədər mənfi təsir edə bilər, amma Kamal Kılıçdaroğlu rəqibi olarsa, məncə başa-baş mübarizə gedəcək.
Kimin qələbə qazanacağını isə indidən söyləmək çətindir. Bu, seçki kampaniyasından asılı olacaq".
Fərid SANÇAR



