|
|
|
|
Sonra illərlə kəsilməyən alovunun çoxlarını bədbəxt edəcəyi o müdhiş ocaq çoxdan korun-korun yanırmış. Acı tüstüsünü o vaxt yuxu içində olan camaat hələ hiss etməsə də, yuxarıdakıların pərdə arxasını və alt qatları görən gözləri hər halda bu tüstülənmələrdən agah idi. Qıraqdan-bucaqdan ocağa bir ucdan da hey odunlar atılırdı. Bütün bunlardan agah olan yuxarılar sərt həqiqətləri özlərindən daha yuxarıdakılara da çatdırırdılar. Di gəl, daha yuxarıdakılar daha aşağıdakıların təşvişinə məhəl qoymayaraq hələ qımıldanmırdılar, "Yaş odun yanmaz" deyib yola verirdilər.
...Xoş bir payız günü idi. 1959-cu il oktyabrın 11-i. Şıdırğı futbol gedirdi. Gəncənin (o çağlar Kirovabad adlanırdı) "Spartak" stadionu ağzınacan dolu idi. Və heç də həmişə belə olmurdu. Stadionun bugünkü doluluğunun, oyuna xüsusi marağın əsas səbəbi o idi ki, yerli "Toxucu" (o çağlar komandanın adını tərcüməsiz elə birbaşa "Tekstilşik" yazırdılar. Necə ki, "Neftçi" də "Neftyanik" idi) Ermənistanın Leninakan şəhərindən gəlmiş "Şirak"ı qəbul edirdi.
Şəhər rəhbərliyi yaxşı bilirdi ki, bizimkilər ermənilərlə qarşılaşanda həmişə ehtirasların coşma ehtimalı var, o səbəbdən də asayişi təmin etməkçün həm stadiona xeyli hərbçi, milis qüvvələri, eləcə də mülki geyimli Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarını cəlb etmişdilər, həm də bərayi-ehtiyat göstəriş vermişdilər ki, tünlük əmələ gəlməməsi üçün oturacaqların sayından artıq bilet satılmasın. Ancaq axşam saat 4-ə 5-10 dəqiqə qalmış azarkeşlər seli giriş qapısını bağlayanları sıxışdıraraq içəri doluşdu və ayaq üstə dayananlar oturanlardan da çox oldu (nə yazıramsa, hətta o "5-10 dəqiqə" söhbəti də, sırf sənədlərə əsaslanır).
Birinci hissənin ortalarında uzun ötürmələrlə hücumçularını irəli çıxaran "Tekstilşik"in vurduğu qol ləbələb stadionu lərzəyə gətirdi. Bir neçə dəqiqə gurlayan alqış dalğası səngidi, oyun adi məcrasında davam edirdi və hakimin fiti gəncəli futbolçular növbəti dəfə rəqiblərin cərimə meydançasına daxil olanda fasiləyə çağırdı. 15 dəqiqəlik fasilədə də, saat 5-də başlanan ikinci hissənin ilk dəqiqələrində də nisbi sakitlik idi. Qəfildən qonaqların "Tekstilşik"in qapısına yaxınlaşan hücumçusunu gəncəli müdafiəçinin kobudluq göstərmədən çiyinlə sıxışdırıb ondan topu almasını hakim penalti sayaraq 11 metrlik nöqtəni göstərdi.
Cavab qolundan sonra tribunalarda gərginlik yaranmağa başladı. Açıqca "Şirak"a tərəfkeşlik edən hakimin hər fiti camaatın daha gur fitinə qarışıb eşidilməz olurdu və bu arada qonaqlar bir qol da vurdu. Tribunalardan meydana xırda daşların, boş su şüşələrinin atıldığını görən hakim oyunu bir neçə dəqiqəliyə dayandırmalı oldu. Ancaq stadion daha toxtayana oxşamırdı. Hakimin "Tekstilşik"in qapısına təyin etdiyi və yetərincə mübahisəli cərimə zərbəsi növbəti qolla nəticələnəndə artıq yalnız tribunalar nəzarətdən çıxmadı. Stadionun ətrafındakı evlərin çoxunda ermənilər yaşayırdı. İndi onların balkonlarından birbaşa azarkeşlərə doğru çay daşları atılmağa başlandı. Tribunadakı adamlar qorunmaq üçün bir-birini itələyə-itələyə meydançaya qaçmağa başladılar.
"Şirak"ın futbolçularını, oyunun hakimlərini tələm-tələsik maşınlara oturdub aradan çıxartdılar. Şəhərdə isə artıq gecəyədək çaxnaşmalar davam etdi. Gəncənin "İkinci hissə" adlanan ərazisində ermənilər Caparidze, Şaumyan küçələrindən keçən tramvayların, avtobusların şüşələrini daşlarla vurub sındırırdılar, Krılov, Qorki küçələrində isə azərbaycanlılar əllərinə keçən daş-kəsəyi evlərin pəncərələrinə doğru tolazlayırdılar.
Sonra araşdırmalar başlanacaq, məlum olacaq ki, qarşıdurmanın ilk qığılcımını saçan starşina Mkrtıçev imiş. Məhz o, qonşuları Baxşi Xaçaturyanı, Qrant Zərgəryanı, İşxan Qazaryanı və daha neçə ermənini (adətən belə hallarda yazırıq ki, hadisələr realdırsa da, adlar uydurmadır. Uydurma-filan deyil! İndiki halda elə öz adlarıdır ki, yazıram) cəlb edərək balkonlardan tribunadakı azarkeşləri daşlamağa təhrik edibmiş. Təbii, o tamaşaçılar arasında ermənilər də vardı. Demək, bunları "daş öz ermənimizin də başına dəyər" narahatlığı yoxmuş, əksinə, "qoy bizimkilərə də dəysin, deyə bilək ki, bunu da azərbaycanlılar etdi" qərəzi, "təki bir-birinə qeyzlənənlərin sayı daha da çoxalsın" hiyləsi, mütləq iğtişaş salmaq, aranı qızışdırmaq qəsdi varmış.
Sən demə, bütün bunlar da yox yerdən törənməyibmiş, cərəyan edənlər filmin ikinci seriyası imiş.
Komandalar avqustda Yerevanda görüşmüşdülər. Orada da hesabı azərbaycanlılar açmışdılar. Həmyerlilərinin qol vurmasına sevinən bir azərbaycanlını ermənilər yaxasından dartaraq skamyaların altına soxmuşdular, Gəncədəki toxuculuq fabrikinin direktor müavini Xocayevin isə azərbaycanlı futbolçuları alqışladığı üçün başını yarmışdılar. Oyundan sonra restoranlardan birində yemək yeməyə hazırlaşan gəncəli futbolçulara isə hücum edərək masalarını dağıtmış, özlərinə zərbələr vurmuşdular.
Ancaq Gəncədə qarışıqlıqların törədildiyi günün ertəsi - 12 oktyabr axşamı Şaumyan küçəsində Zabitlər evi ilə üzbəüz divara yapışdırılmış (və sonradan şəhərin çox yerində də yayıldığı aşkarlanan) şagird dəftərinin bir vərəqində əllə, ermənicə yazılmış bir vərəqə bütün bu gedişatda futbol ehtiraslarının sadəcə əlverişli bəhanə olduğunu üzə çıxartmışdı: "Sevimli atalar, qardaşlar, bacılar! Bizi nə vaxtacan onların əsarəti altında saxlayacaqlar?! Biz işləyirik, çalışırıq, bu kifir azərbaycanlılarsa yeyib-içib kef edirlər, bizim arvadlarımızı, bacılarımızı, analarımızı zorlayırlar, kiçikdən böyüyə hamısı bizi lağa qoyur. Biz hamımız yaxşı bilirik ki, ayın 11-də 15 yaşlı bir qızın və qadının döşlərini kəsiblər, onlarla gənci və uşağı yaralayıblar, köhnə bazardan qayıdan qızları zorlayaraq saçlarını kəsiblər. Sevimli xalqım, hamınız bilirsiniz ki, işləyənlərin 70 faizi ermənilərdir. Hamınızı çağırırıq ki, işə çıxmayın, hamınız şəhər sovetinin həyətinə gəlin və Moskvadan adamlar tələb edək".
Bu hadisələrin çox təfərrüatlarını əks etdirən məxfi arayışın ilk səhifəsində o zaman artıq respublika əks-kəşfiyyatının rəhbərləri sırasında olan Heydər Əliyevin dərkənarı var: "Zəruri tədbirləri həyata keçirməli!" Çox ciddi araşdırmalar və təhlillər aparılır və bəlli olur ki, bütün bu hadisələrin təşkilatçıları bilavasitə ermənilərmiş. Vərəqədə yazdıqları da hamısı iftira, yalan. Qazanı qaynadan özləri, amma qanlarına xas irinliliklə bəlkə də bütün bu ssenarini cızmış Moskvadan guya kömək istəyirdilər.
Bu isə 1966-cı ilin 27 yanvarıdır. Heydər Əliyev artıq Azərbaycan DTK-sı sədrinin müavinidir. Azərbaycan Mərkəzi Komitəsinin katibi Pyotr Yelistratova həyəcanlı təqdimat yazır. O dövrdə SSRİ-yə daxil respublikaların hərəsinin öz "Yelistratov"u vardı. Onlar ikinci katib sayılsalar da, birbaşa Kremlə tabeydilər və əslində canişin vəzifəsini daşıyırdılar. Bu təqdimatın məhz ona ünvanlanması da səbəbsiz deyildi. DTK sədrinin müavini yazırdı ki, daxil olan siqnalların yoxlanması nəticəsində Yerevanda öz nizamnaməsi və proqramı olan, "Erməni gənclərinin ittifaqı" adlı gizli təşkilat barədə məlumatlar aşkarlanıb.
Bəs niyə Ermənistanda yaradılmış qeyri-leqal təşkilatla bağlı araşdırmanı Bakı aparırdı?
İş ondadır ki, 1965-ci ildə həmin təşkilatın 2 üzvü Azərbaycanın ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti kitabxanasının Martunidə ezamiyyətdə olan metodisti, elə həmin il Yerevan Universitetinin Tarix fakültəsini bitirmiş Benik Saakyanla görüşmüş, təşkilatlarının proqram və nizamnaməsinin 4 və "Qarabağ ermənilərinə müraciət" adlı mətnin 200 nüsxəsini verərək tapşırmışdılar ki, bütün ehtiyatlılıq tədbirlərinə riayət etməklə DQMV-də bu gizli təşkilatın eynisini yaratsın.
Bu gəlişin hansı hədəfləri güddüyü və nə kimi təhlükələr vəd etdiyi haqda Heydər Əliyev Mərkəzi Komitə katibinə yazırdı: "Yerevandan gələnlərin deməsinə görə, "Erməni gənclərinin ittifaqı"nın əsas məqsədi əhali arasında bütün əvvəlki erməni ərazilərinin, o cümlədən, Dağlıq Qarabağın və Naxçıvanın birləşdirilməsi ideyasının təbliğatıdır. İş elə aparılmalıdır ki, 1966-cı il martın 29-dək - XXIII partiya qurultayının açılışı gününə qədər bu məsələnin nəzərdən keçirilməsi və bütün keçmiş erməni ərazilərinin birləşdirilməsinin müsbət həll edilməsi ilə bağlı mümkün qədər çoxlu açıq çıxışlar təşkil edilsin".
Azərbaycan çekistlərinin sayıqlığı nəticəsində tezliklə nəzarətə götürülən Saakyan artıq 100 müraciəti yaymışdısa da, onda qalan digər sənədləri təhvil verir, guya tapşırıq alsa da, hələ heç bir iş görmədiyini bildirir və danışdırılarkən bir sıra qapalı mətləbləri də açıqlamaq məcburiyyətində qalır. Etiraf edir ki, əvvəllər də onu və Dağlıq Qarabağdan olan digər erməniləri Yerevana imtahanlar verməyə gedərkən gizli təşkilata cəlb etmək istiqamətində çox təşəbbüslər olub və birbaşa da izah ediblər ki, bizim təşkilatın məqsədi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaqdır.
Artıq qarmağa keçmiş Saakyan əslən Qarabağdan olub Yerevanda təhsil almış, bu səmtdə fəal iş aparan Levon adlı birinin adını çəkir, hətta Yerevan universiteti professor və müəllimlərinin ona işlərini daha rahat apara bilməsi üçün yığışaraq maşın almağı boyun olduqlarını da xəbər verir.
Azərbaycan çekistləri tezliklə həmin adamın 1931-ci il təvəllüdlü, 1960-cı ilədək Əsgəran kəndində klub müdiri işləmiş, sonra isə ali təhsil alması ilə əlaqədar Yerevana köçmüş Levon Bəyləryan olduğunu müəyyənləşdirirlər. Sən demə, bu Bəyləryan hər tətildə Xankəndidəki - keçmiş Stepanakertdəki qohumlarının yanına gələr və mütəmadi olaraq da Qarabağ tarixi ilə bağlı araşdırmalar aparması bəhanəsiylə müxtəlif kəndlərə baş çəkərmiş. İmkansız adam olmasına baxmayaraq, kəndlərə gedib-gəlmək üçün 400 rubla bir motosikl də alıbmış. Ancaq 1963-cü ilin iyulunda elə həmin motosikllə qəzaya uğrayır, canını tapşırır. Dəfninə Yerevandan 40-dək tələbə və universitetin 2 müəllimi də gəlir. Üstəlik, elə onlar Levonun qəbir daşını da Kiyevdə hazırlatdırıb gətirirlər.
Bu məxsusi diqqət və qayğı, əlbəttə, təsadüfi deyildi. Bunu məhz mərhumun xidmətlərinə görə edirdilər və həm də bu əməlləriylə Qarabağdakı digər ermənilərə də nümayiş etdirirdilər ki, bax, bizimlə əməkdaşlıq edənlərlə həmişə birlikdəyik.
Yerevanın tapşırığı ilə vərəqlər yaymağa başlamış Benik Saakyan 1966-cı il yanvarın 16-da verdiyi ifadəsində təsdiqləyirdi ki, Yerevanda bir neçə dəfə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olan mayor ona yaxınlaşaraq söhbət aparıb, evinə dəvət edib, sonra ardınca universitetə gəlib. Məqsəd onu həmin gizli təşkilatla bağlı işlərə cəlb etmək idi.
Başqa sözlə, Azərbaycandan ərazilərin qoparılaraq Ermənistana birləşdirilməsi çağırışlarının guya sadə ermənilərdən gəldiyi iddia edilsə də, Ermənistan xüsusi xidmət orqanları bu məsələ ilə bilavasitə bağlıymışlar. Yəni iş həm aşağıdan, həm yuxarıdan və belə məlum olur ki, əl-ələ aparılırmış.
Bu hesabat verən isə azərbaycanlı yox, ermənidir. O vaxt Azərbaycan DTK-sının Stepanakertdəki müvəkkili podpolkovnik Makarov komitə sədri Heydər Əliyevə hesabat göndərir: "1962-63-cü illərdən başlayaraq ayrı-ayrı şəxslər tərəfindən Stepanakertdə və vilayətin başqa rayonlarında DQMV-nin Ermənistana birləşdirilməsi ilə əlaqədar müraciət üçün imzalar toplanmağa başlanılıb. Daha sonra - 1963-1964-cü illərdə Ermənistandan müvafiq söhbətlər aparmaq və gizli millətçi təşkilat yaratmaqdan ötrü tək-tək və qrup şəklində adamlar gəlib".
Xəbər verirdi ki, 1965-ci ildə bu hərəkata və hazırlanmış vərəqələri paylamağa hətta Stepanakertdəki orta məktəbin 16 nəfər onuncu sinif şagirdi cəlb edilibmiş. 1966-cı ilin aprelində Stepanakertdəki 2 saylı məktəbin komsomol komitəsi katibi Marset Petrosyan və vilayət partiya komitəsi metodkabinənin müdiri E.Bəyləryan və cəlb etdikləri daha 20 nəfər vərəqələr hazırlayıb yaymağa başlayır, 1966-cı il mayın 21-də isə yığışaraq bundan sonra fəaliyyətlərini "Arsax patriotlarının cəmiyyəti" adlı qurum çərçivəsində davam etdirməyə qərar verirlər.
Ermənilərin Azərbaycan əleyhinə belə qəsdləri planlaşdırdığı, Dağlıq Qarabağı, Naxçıvanı bizdən qoparıb Ermənistana culamaq üçün əlləşdiyi həmin illərdə Bakıda, Gəncədə, Sumqayıtda... ermənilər süfrəmizin yuxarı başında otururdular, toylar çalınırdı, erməni gəlinlər azərbaycanlı ailələrinə köçürdülər, Bakının ali məktəblərində Dağlıq Qarabağdan olan neçə tələbə təhsil alırdı ki, sən demə, onlar da həmin vərəqə paylayanların, imza yığanların cərgəsindəymişlər.
Bütün bunları ona görə yada salır, xeyli uzaqda qalan illərin könülbulandıran bu şahidlərini ona görə təzədən üzə çıxarıram ki, mürgüləməyək. Ermənilər o vaxt saman altından su yeridəndə, üzümüzə gülə-gülə nəfəs dərmədən öz mənfur məqsədlərinə çatmaqçün tələlər quranda zahiri sakitliyə uyaraq ovaxtkı kimi qəflətdə qalmayaq. Həmişə yadda saxlayaq ki, onlar o işi bir an dayanmadan həmişə aparıblar, daim də aparacaqlar.
1965-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü və tələbi ilə Moskvaya, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə məktub yazanlar 1980-ci illərin sonlarında artıq illər ötdükcə bir az da quduzlaşaraq eyni tələbi daha idbar şəkildə ortaya atan, qan-qada ilə gerçəkləşdirməyə çalışanlar idilər.
Onlardan biri 1931-ci il təvəllüdlü kommunist, Stepanakertdə tikinti idarəsinin rəisi işləmiş, sonra Yerevana köçmüş Arkadi Manuçarov idi ki, bir müddət keçincə yenə qayıdıb gəlmişdi Xankəndiyə, olmuşdu tikinti materialları kombinatının direktoru və 1988-ci ilin 13 fevralında Stepanakertin baş meydanında Azərbaycanı parçalamaq, Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışları ilə ən birinci mitinq başlananda əsas adamlardan idi. İctimai-siyasi-terror təşkilatı olan "Krunk"un rəhbəri kimi o, həmin meydanda söz sahibi idi.
Və bunu da xatırlayıram ki, həmin çalxantılı dövrdə onun bacısı Aida Manuçarova respublikanın, Bakıdakı Avakyan (!) küçəsində yerləşən ən güclü mətbəəsinin, bütün qəzet-jurnalların çap edildiyi indiki "Azərbaycan", ovaxtkı "Kommunist" nəşriyyatı istehsalat şöbəsinin müdiri idi və bunca həlledici bir vəzifənin sahibi olsa da, sanki basarat bağlanmışdı - həmin qadını qardaşının qan-qan dediyi o narahat günlərdə belə işindən kənarlaşdırıb eləməmişdilər. O da, Allah bilir, həmin günəcən "Krunk"a hansı xəlvəti xidmətləri göstərmişdi, həmin nigaran günlərdə daha nələri edirmiş.
Ya 1965-ci ildəki "qəhrəmanlardan" daha biri, əslən indiki Xocavənddən - Martunidən olan, 1926-cı il təvəllüdlü kommunist, o zamanlar DQMV üzrə Azərbaycan Yazıçılar İttifaqının katibi işləyən Baqrat Ulubabyan ki, çoxdan Yerevanda yaşasa da, 1988-ci ilin Stepanakert mitinqlərində, mikrofon qarşısından çəkilməyənlərdən idi.
Ya 1927-ci il təvəllüdlü Qurgen Qabrielyan ki, o zaman DQMV radiosunda redaktor işləmişdi, üstündən 23 il sovuşandan sonra "Sovetskiy Karabax" qəzetinin şöbə müdiri idi və "Azərbaycansız Dağlıq Qarabağ" şüarları ilə yenə Stepanakert mitinqlərində meydan sulayanlardan idi.
Tək-tük ölənlər nəzərə alınmazsa, 1988-ci ildə Dağlıq Qarabağda coşdurulan erməni separatçı hərəkatında təsadüfi adam yox idi. Bu adların hamısı azı 1965-ci ildən DTK qovluqlarında idi. Geridə qalan 20 ildən artıq müddətdə susub durmamışdılar, öz ziyankar fəaliyyətlərini bir ucdan davam etdirmişdilər.
Hara baxırıqmış? Bəs o arxivlər, o qovluqlar niyə qorunur? Məgər həmin sənədlər yalnız tarix yazmaqçün yararlıdır? Daim diqqətdə saxlanılmalı olan dişi qıcanmış köhnə qurdların üstündən göz əskik olmasaydı, 1980-ci illərin sonlarında da hadisələr nə o cür başlayaraq o təhər davam edə, nə də bu sayaq nəhayətsiz ağrı-acılara gətirib çıxarardı...
...Qədim yunan müdriyi söyləyirdi ki, çox bilgidə çox dərd var.
Ulu Füzuli də "Bilməzlik ilə xoş idi halım" yazırdı.
Törədilən hər yeni erməni məkri haqqında Azərbaycanda hamıdan çox bilən Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev idi. Hamıdan çox ona görə ki, hətta ovaxtkı respublika rəhbəri Vəli Axundova da daxil olan bütün əməliyyat məlumatları deyil, ən vacib və yoxlanmış, araşdırılmış təfərrüatlar çatdırılırdı. Ancaq bu həssas məsələnin ən xırda hissəsi belə sədrin gündəlik diqqətində idi.
Xalq baş verənlərin yüzdə doxsanından xəbərsiz idi.
Söz yox ki, Azərbaycan DTK-sı Moskvaya - öz baş idarəsinə durmadan yalnız Azərbaycançün deyil, separatizm təzahürü olduğundan bütövlükdə SSRİ-dən ötrü qorxu daşıyıcısı sayılan erməni əməlləri barədə uzaqbaşı hansısa məxfi məlumatları, arayışları, təqdimatları ötürürdü.
Onlarsa profilaktikaya üstünlük verməyi tövsiyə edirdilər.
İndi dünyadan bixəbər cahillərin niyə o vaxt hansısa Azərbaycan ermənisi təltif edildi, ya fəxri ada layiq görüldü, niyə Heydər Əliyev Stepan Şaumyanın yubileyində o cür çıxış etdi, nədən onun imzasıyla qəzetdə bu qatı daşnakı, xalqımızın qatilini tərif edən iri məqalə dərc edildi kimi çürük iradları rişxənd doğurur. Erməninin hər üzünə və törətdiyi oçağkı fitnələrə cikinə-bikinə qədər bələd olan Heydər Əliyev siyasətini vəziyyətə, şəraitə, rəsmi dövlət xəttinə uyğunlaşdıraraq qurmağa və bu kələ-kötür müstəvidə məhz ola biləcəyi qədər sərbəst olmağa vadar idi.
Heydər Əliyev səlahiyyətlərinin və gücünün çatdığı qədər qan çıxa biləcək nöqtələri toxdadırdı, daha kəskin şəkil ala biləcək vəziyyətləri nisbətən sakit məcraya yönəldirdi. Gendən bunların heç biri görünmürdü.
Erməniçiliyin arxasında (mən hələ lobbini qoyuram bir kənara), elə Sovetin dağılmazdan əvvəlki illərində olduğu kimi, 1960-cı illərdə də SSRİ daxilində Kreml səviyyəsində havadarlar vardı.
Erməniçiliklə bağlı siyasətini Heydər Əliyev həmişə elə ağılla və səliqə ilə qurub ki, ona qarşı açıq heç nə deyə bilməyiblər. Ancaq erməniçilik həmişə anlayıb ki, bu şəxsiyyət onların bir çox işlərinin irəliləməsinin qarşısını kəsən başlıca maneədir. Həmin səbəbdən də həmişə onu ən müxtəlif vasitələrlə yollarının üstündən kənarlaşdırmağa cəhd ediblər. Zamanında ona qarşı belə hərəkətlər hətta Dövlət Təhlükəsizlik Komitəsinin divarları arasında da olmuşdu.
Ən böyüyünü isə hər kəs bilir. Gözəlcə dərk edirdilər ki, nə qədər Heydər Əliyev Kremldədir, Siyasi Bürodadır, onların böyük xülyası elə röya kimi qalacaq. Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan dərhal sonra tərpəşdilər və Qarabağ məsələsi pırtlayıb çıxdı üzə.
O günlərdə yaranan məsələ deyildi ki! Mövzu ermənilər üçün həmişə aktual olmuşdu, sadəcə Heydər Əliyevə görə cınqırlarını çıxara bilmirdilər.
Heydər Əliyev olmayanda nələr baş verə bilərmişi hamı gördü...
Axı çox adam bixəbərdir ki, həmin 1960-cı illərin ortalarında və ikinci yarısında Azərbaycan ictimaiyyətinə hiss etdirilmədən nə qədər iyrənc erməni həyasızlıqlarının qarşısı alınıb.
Elə biri bu - 1968-ci ilin 16 iyulunda Heydər Əliyevin tanış olunca dərhal necə hərəkət etməyin istiqamətlərini müəyyənləşdirdiyi sənəd.
1968-ci il iyunun 25-də Azərbaycan DTK-sının Yerevana səfərdən qayıdan agenti xəbər verir ki, hara gedirdimsə, söhbət yalnız bir mövzuda - Sasun kəndində Andronikə abidə ucaldılması ilə bağlı idi. İndi heykəlin qoyulduğu yer hətta Eçmiədzindən də müqəddəs bir ziyarətgaha çevrilib. Camaat arasında söz gəzir ki, repatriantlar Andronikin dəstəsində xidmət etmiş adamların adlarını dəqiqləşdirirlər ki, onların da xatirəsini əbədiləşdirsinlər.
Sədr Heydər Əliyev bu məlumatı DTK 5-ci şöbəsinin rəisi R.Məmmədzadəyə yönəldir, çünki çekist fəhmi ilə hiss edir ki, ermənilərin bu heykəl "yaradıcılığı" Azərbaycan tərəfə də sıçraya bilər. Məhz sədrin bu səmtləndiməsi səbəb olur ki, lap az sonra baş verə biləcək ciddi bir təxribatın qarşısı alınır. 1969-cu il iyun ayının 25-də Daşkəsənin Bayan kəndində 1941-1945-ci illər davasında (o vaxtlar sovetlərin qəbul etdiyi kimi yazsaq, Böyük Vətən müharibəsində) həlak olmuş döyüşçülərin şərəfinə abidə qoyulur. Amma daha əvvəl həmin abidənin yaradılması üçün Bayan kəndinin sakinlərindən və bu kənddən çıxaraq hazırda SSRİ-nin müxtəlif guşələrində yaşayan tanınmış adamlardan ibarət 40 nəfərlik təşkilat komissiyası yaradılmışdı, onlar abidə üçün ianələr toplanmasını da təşkil edirdilər. Həmin 40 nəfərin hamısı erməni idi.
Daşkəsən rayonunun rəhbərliyi belə bir abidənin qoyulacağını irəlicədən bilirdi, ancaq işlərin gedişi ilə heç maraqlanmamışdılar.
Abidə Yerevanda memar R.İsraelyan və heykəltaraş A.Arutyunyan tərəfindən hazırlanmışdı. Abidəni iyunda gətirib quraşdırırlar, açılışı isə 1969-cu ilin sentyabrına saxlayırlar.
Ancaq abidəyə ermənisayaq olmayan ilk baxışdanca aydın olur ki, bu kompleksin 1941-1945 müharibəsi qəhrəmanlarına heç bir aidiyyəti yoxdur. Abidədəki qanadları sallanmış qartal surətinin və digər elementlərin Yerevanda qoyulmuş, Türkiyədəki 1915-ci il Sərdarabad döyüşünə həsr edilmiş, erməni soyqırımını təcəssüm etdirən memorialla səsləşdiyi üzə çıxır. Rayon partiya komitəsi qərar qəbul edir və iyulun 25-də abidədəki qartal sökülür.
Təbii, dərhal o xəbəri Ermənistana çatdırırlar. Oradan da nə göstəriş gəlirsə, ertəsi gün - iyulun 26-da, guya ki, qartalın nə demək olduğunun fəlsəfəsinə dərindən bələd olan kolxozçular etiraza qalxır.
Elə həmin gecə naməlum şəxslər Daşkəsən və Xanlar (indi Göygöl) rayonu sərhədindəki Oraq və Çəkic emblemini, Azərbaycan herbini dəmirkəsən mişarla yerindən qoparırlar. Bayan kəndinin öyrədilmiş adamları o gecə kənddən keçən maşınları daşa tuturlar.
Daşkəsən partiya komitəsinin birinci katibi - oçağkı idarəçilik meyarları ilə rayonun başçısı Süleymanov soyadlı azərbaycanlı idi.
Əgər erməninin erməniliyi unudulmasaydı, neçə aylar əvvəldən bu işlər nəzarətsiz buraxılmasaydı, bu qədər erməninin bir yerə toplaşıb Azərbaycanda gördüyü işin içərisindən hökmən bir qənbərqulunun olacağı ehtimalı yaddan çıxarılmasaydı, əlbəttə ki, nə o cür abidə düzəldilərdi, nə o təhər hadisələr baş verərdi.
Heydər Əliyevin dövlət təhlükəsizlik şəbəkəsində yolu tamamlanırdı, o, Azərbaycan SSR-in rəhbərliyinə başlayırdı və sələfindən fərqli olaraq, bu vəzifəyə həm də cəmiyyətin üzdən görünməyən çox incəliklərinə vaqif olan təcrübəli şəxs kimi gəlirdi. Respublika onun gözü önündə rentgen ekranında görünən kimiydi. O, yalnız zahirə deyil, daxilə də nüfuz etmək gücündəydi. Ona görə də Heydər Əliyevin respublikaya rəhbərliyi dönəmində daha belə ehtiyatsızlıqlara yol verilməyəcək.
Ancaq erməni də xislətindən əl çəkməyəcək, qazanı altdan-altdan qaynatmaqda davam edəcək.
Heydər Əliyevin varlığı, mütəmadi ciddi nəzarəti imkan verməyəcək ki, nə qədər qaynasa da, o qazan daşsın. Elə ki Azərbaycandan ayrılacaq, Moskvaya gedəcək, onun oradakı səlahiyyətlərinin daha çox olduğunu, elə bir gözünün də bu tərəflərdə qaldığını anlasalar da, ermənilər hər halda bilavasitə nəzarətin olmaması baxımından bu gedişi də əl-qol açmaqdan ötrü girəvə sayacaqlar.
Hələ bunlar bir qədər sonranın söhbətləridir. Hələliksə, 1960-cı illər idi, hələ 1980-ci illərin sonları çox uzaqdaydı.
Hələ sanki dünyanın düz vaxtlarıydı, hələ yüz minlərlə insanı evsiz-eşiksiz qoyacaq, saysız ailələrə bədbəxtliklər gətirəcək, şiddətlənən alovu yalnız yan-yörəni deyil, gələcəkdəki çox taleləri də yandıracaq fəlakət ocağı alışmamışdı. Ocaq hələ çatılırdı. O müsibətlər ocağını çatanların ağlına gələrdimi ki, yarım əsrdən də çox keçəndən sonra çatdıqları, alovlandırdıqları ocaq son ucda elə ən çox onların özlərini qarsacaq, ən çox onların öz başında çatlayacaq?!.
28 fevral, 2023