|
|
|
|

Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirfdən əvvəl iştirakçılar Ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
Gəncə şəhəri Nizami Gəncəvi Muzeyinin akt salonunda keçirilən elmi-praktik konfransda açılış nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi gündən etibarən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən, strateji məqsəd daşıyan amillərdən hesab edib: "Təsadüfi deyil ki, o dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatı və dərsliklərdən tutmuş, bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatr, kino və televiziyaya, musiqi əsərlərinə dərindən sirayət edib".
Akademik F.Əliyev Ümummilli lider Heydər Əliyevin daim Azərbaycanın tarix və mədəniyyətində əlamətdar şəhər olan Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini, elə Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunan bu mötəbər elmi toplantının da mövzularının bu məsələləri əhatə edəcəyini nəzərə çatdırıb.
Gəncə şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Ulu öndər Heydər Əliyevin dahi mütəfəkkirimiz Nizami Gəncəvi irsinə xüsusi yanaşması məsələlərini əhatə edən tədbirin iştirakçılarına şəhər rəhbərliyi adından uğurlar arzulayıb.
Elmi-praktik konfransda "Heydər Əliyevin Gəncə şəhərinə tarixi səfərləri və Nizami Gəncəvi məqbərəsi ilə bağlı məsələlər", "Ulu öndər Heydər Əliyevin Azərbaycan nizamişünaslığının inkişafında rolu", "Heydər Əliyev və Nizami Gəncəvi dühası", "Nizami Gəncəvi yaradıcılığında dünyəvilik", "Heydər Əliyev və Nizami Gəncəvi irsi", "Nizami Gəncəvi əsərlərinin nəşrində Heydər Əliyevin rolu", "Heydər Əliyev Fondu və Nizami Gəncəvi irsi", "Heydər Əliyev dini-mənəvi dəyərlərin qoruyucusu kimi", "Heydər Əliyev və Nizami Gəncəvi məqbərəsi", "Ulu öndər Heydər Əliyevin natiqlik məharəti", "Xəlil Yusifli və Nizami Gəncəvi", "Heydər Əliyev şəxsiyyətində Azərbaycanın tarixi hökmdarlarının xüsusiyyətlərinin milli təzahürü" mövzularında məruzələr dinlənilib.
Konfransda o fikir də xüsusi vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-dan 11-dək keçirilən "Dünya bu gün: çağırışlar və ümidlər" mövzulu 10-cu beynəlxalq Forumda dünya qarşısında duran mühüm məsələlər müzakirə olunub. Qeyd edilib ki, Qlobal Bakı forumları, həmçinin, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərini, tolerantlığını, multikultural düşüncəsini, birgəyaşayış ənənələrini bütün dünya xalqlarının diqqətinə çatdırmaq məqsədlərinə xidmət edir. Ökə başçımızın bu forumunun açılış mərasimində söylədiyi "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir" ifadəsi də millətimizin müasir narahat dünyada haqq-ədalətin bərpasına həmişə töhfə vermək istəyi kimi səslənir.
Konfransda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransın gedişində Ulu öndər Heydər Əliyevin dahi mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin qorunması və dünya miqyasında təbliği üzrə strateji məqsədlərindən bəhs edən qısametrajlı film də nümayiş olunub.
Gəncənin musiqi məktəblərinin şagirdləri Nizaminin sözlərinə yazılan musiqi əsərləri ifası ilə tədbiri daha da rəngarəng ediblər.
Zakir MURADOV
Gəncə



