Əli HƏSƏNLİ
BAYRAQ
Göyün gömgöy, ipək kimi
hamar üzündə
Parlaq bir ulduzu
Yenicə ovxarlanmış bir
gecəlik təzə-tər ayın
Önündə görsən
Bil, o, türkün bayrağıdı,
Türkün bayrağı göylər kimi ulu
göylər kimi ucadı
Türkün bayrağı Yer üzünün
ən hündür dağıdı
Başı göylərdə, kökü yerdə
Yerin özü boyda dərinliyində.
Ona görə bu gün də
yerin bitib boyatdığı yerdə
Türkün bayrağı
çiynində saxlayır göyləri...
Səhər-səhər günəşdən öncə
Dəryaların qoynundan sıyrılıb çıxan
Dəryalarda bitmiş qızıl zanbaqlar kimi
Boy verib üfüqlərdə allanan
Türk atının nalından od aldıqca
Göylə çitənib müqəddəs süfrə kimi
göy üzünə salınan
Qıp-qırmızı dan yerini görsən
Bil, o, görünməz günəşlərdən
nur, sehr alan
Görünməz günəşlər kimi
varlığı, yoxluqdan alan
Türkün bayrağıdı
Gündoğandan çıxıb
günbatanda batır
Gündoğandan günbatana
türkün vətənidi.
Gündoğandan günbatana
torpağın hər qarışının yetirdiyi
gülü-çiçəyi, otu-yarpağı
arısından-quşundan
Arısının pətəyi,
quşunun uçuşundan
Göyünün buludu,
buludunun qarından, yağışından
Dağındakı qartalı, çölündəki
əcəm boylu ağacından, kolundan
Hər ağacın həzin mehlə yallısı
Hər kolun canındakı
qopuzu, sazından, udundan
Türkün səsi, ünü, baxışı, duruşu
Türkün həniri, nəfəsi, qoxusu
Uçuşu, sabahkı qurtuluşu dadır
Yazda, payızda
Bölük-bölük durnaları-qazları
Türk elatını, tərəkəmə köçünü
Nizami türk ordusunun
göylərdəki əksini andırır
Bir bayraq sıyrılır
içimizdən göylərə
Yaralı bayraq kimi səpilib
türk şəhidləri göylərə
Göydəki ay-ulduzlu bayrağa
qovuşub bir olur
Türkün bayrağı
göylərdən də geniş olur
Türkün bayrağına dar gəlir Yer üzü
Türkün bayrağı altında
Dünyalar birləşir
aləmlər qovuşur, yenidən doğulur.
1975-ci il
YARIMÇIQ QALMIŞ ÖMÜR
Bu gün də qəfil gələcək axşam
Bir də görəcəksən, xışıldayır yarpaqlar
Səssizcə dərələrdən sürünəndə gecə
Qalxıb örtəcəksən pəncərəni
Kimsə ovutmayacaq səni
Qohumdan, qardaşdan
heç nə ummayacaqsan
Bərk-bərk sıxacaqsan bağrına körpəni
Silib şalının ucuyla gözlərini
Həmişəki laylanı çalacaqsan,
Yuxusunda səni görəcək körpən
Bu gün də ay girəcək pəncərəndən
Alacaqsan əlinə yarımçıq corabını,
Toxumayacaqsan ancaq
Baxışların zillənəcək tavana.
Bir hörümçək enəcək tavana
Asacaq özünü
əlindəki zərif teldən
Çırpınıb-çırpınıb öləcək
Astaca döyüləndə qapın
Sevgilinin ruhu əlində qanlı ürəyi
Qəhqəhəylə içəri girəcək
Səni asılı görüb,
ölmüş hörümçəyin telindən
O da asacaq əlindəki qanlı ürəyini
O zərif, incə, əbədi teldən
Gülüşsüz, qəhqəhəsiz,
ürəksiz çıxıb gedəcək
Əlində yarımçıq qalmış corabın
Yarımçıq qalmış ömrün tək.
1968-ci il
DAŞ MEŞƏ
Dedim, daşam, inanmadın.
Əkdin də yerə, daş bitdim.
Qaldırıb daş barmağımı
Səni, onu hədələdim.
Bu dünya binə olandan
Gor - ömürün yaddaşıdı.
Saymısanmı o daşları,
Hər biri bir yad daşıdı.
Nəyisə unudar deyə
Uşaqtək o daşla sayır.
Ömrümüzü atıb tutur,
Bizimlə "beşdaş" oynayır.
Talenin yayını çəkib,
Atdığı daş oxlara bax.
Hədəfi - öncə ömrümüz,
Sonra sancıldığı torpaq.
Bu yüzillik kirpi kimi
Necə sıx tikan bitirib.
Bu yüzillik bağban olub
Daş əkib, meşə yetirib.
Min ildi daş rişəsiylə
Torpaqdan şirə çəksə də,
Bu daş meşə boyatımaz
Zamanın durduğu yerdə.
1970-ci il