|
|
|
|

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
Qədim zamandan bəri gözünü qıcadığı Bakıya bu surətlə malik olduqdan sonra Rusiya hökuməti yüz sənəyə qədər burasını əldə bulundurmuşdur. Bu zamanda Bakı idarətən şəkildən-şəklə girmişdir. İbtidada Prikaspiyski kray denilən vilayətin mərkəzlərindən birisini təşkil edərək bədə Şamaxı quberniyasının uyezd şəhərlərindən birisi hökmündə qalmışdır. Daha sonra böyük Şamaxı zəlzələsini mütaqibən Bakı quberniya mərkəzi olub qubernator dairəsi də buraya köçürülmüşdür. 1907-ci ildə Bakının gündən-günə artmaqda olan əhəmiyyəti-fövqəladəsi nəzərə alınaraq qradonaçalstvo namilə qubernatora tabe olmayaraq bir vilayəti-mümtaza halına qoyulmuşdur.
Bakı mühüm bir ticarət mərkəzi və ələlxüsus nefti ilə məruf olaraq cahanca şöhrət bulmuşdur.
Neftindən əlavə ta qədimdən bəri İran, Türküstan, Rusiya yolları üzərində bir nöqteyi-müvasilə və münaqilə olduğundan əlavə burası Qafqasiya müsəlmanlarının ələlümum və Azərbaycan türklərinin ələlxüsus mühüm bir mərkəzi-ürfanı olmuşdur.
Yeni Azərbaycan məktəbi, mətbuatı, ədəbiyyatı, sənayei-nəfisə və səhneyi-tamaşası həp burada nəşvü-nüma bularaq nəhayət, Azərbaycan təşkilati-ictimaiyyə, iqtisadiyyə və siyasiyyəsi dəxi burada bina tutmuşdur.
Rusiya inqilabı zühur etdikdə ilk Zaqafqasiya qurultayı burada toplanıb mərkəzi müsəlman komitəsi dəxi burada təsis etmiş, Azərbaycan muxtariyyət fikri burada möhkəmləşərək muxtariyyətçilər burasını Azərbaycan bədəninin ayrılmaz bir təfləsi, paytaxtı elan eləmişlərdir.
Bu fikrə qarşı mübarizə edən bütün rusiyaçı firqələr müxtəlif növ və şəkillərlə Bakının Azərbaycan paytaxtı fikrinə qarşı mübarizə eləmişlər, bu məqsədlə də Bakı türklərinin başına mart faciəsini açmışlar və bakılı müsəlmanları altı ay tamam təzyiq və əsarət altında bulundurmuşlardır.
Nəhayət, Bakıyı qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyə dövlətinə müraciət eləmiş, igid qardaşlarımız vaxtında yetişərək Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşaların komandasında olaraq 1918 sənəsi sentyabr ayının 15-də qanlı bir müsadimədən sonra Bakı təkrar əsl sahibi olan Azərbaycan türklərinin əlinə keçmişdir.
Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür.
Bakının əhəmiyyəti işbu müxtəsər mütaliədən gördügümüz kibi yalnız keçmişdə degil, daha böyük vəzifəsi gələcəkdədir.
Müqəddimatən Bakının azərbaycanlılardan ötrü bir amal məscidi olduğunu zikr eləmişdik. Fəqət doğru və daha səhih bir təriqlə:
Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşlərilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 2, 6, 19, 31 dekabr 1918,
7 fevral 1919,
№55, 57, 68, 75, 108,
“İstiqlal” məcmuəsi, 28 may 1919, №1
M.Ə.Rəsulzadənin məqalə ilə bağlı izahları
1) Əski türklər üç türk gölündən – Baykal, Aral və Kaspi – böyügü olan Kaspiyə “Quzğun dəniz” derlərdi. Bunun türklərcə digər bir adı da “Türk dənizi” idi.
2) Şirvan vilayətinin, hazırki Bakı quberniyasının yerində qüruni-əvvəlidə “Albaniya” adilə məruf bir qövm yaşıyordu. Bu qövm olduqca cəngavər olub Roma imperiyası ordularına müqavimət eləmişdi. Sonra şimaldan axın edib gələn türk seylaninə dayanamayıb Xəzər türkləri tərəfindən münqəriz olub məmləkətləri tutulmuş və türk qəbilələri tərəfindən oturaq edilmişdir.
3) Əski iranilərdə bir üç atəş əfsanəsi vardır. Bu əfsanə Azərbaycan ənənatı ilə əlaqədardır. Bu əfsanədəki həmişə yanar üç atəş “odunsuz yanar, sudan qorxmazmış” ki, Bakının yerdən çıxar və suda yanar təbii qazına kinayə edilmişdir.
4) “Ey morğe səhər eşq ze pərvanə beyamuz
Kan suxtera can şod-o avaz nəyaməd”
Sədi
5) Tapmaq, tapınmaq – türkcədə ibadət və təəbbüd etmək mənasındadır.
6) Mötəkif – günlərlə məsciddə oturub da bu yenə ibadətə (etikafa) oturan zatə denilir.
7) “Aqşam” qəzetəsində Köprülüzadə Məhəmməd Fuad bu fəqərə həqqində əlavə ediyor ki: “Müvərrixən icra edilən tədqiqat nəticəsində elm aləmində bir həqiqət şəklində tələqqi edilən bu rəvayətin heç əsli olmadığı və atəşpərəstlik bu sahəyə ancaq 18 əsrdə hindlilər və hindli parsilər tərəfindən idxal edildigi təhqiq etmişdir”.
8) Hüseyn Hüsaməddin, “İqdam” qəzetəsi
9) Övliya Çələbi Bakıya gəldigi zaman xanın toy məclisi varmış.
10) Övliya Çələbi Rəvan xanı ilə birlikdə Bakıya varid olmuşdur.
11) Sultan İran nizamincə bir mənsəbdir.
12) Naxçıvan dəmirindəndir.
13) Şəhərin əskəri olmayan digər qismi ki, o da hasarlı imiş.
14) “Aqşam” qəzetəsi, Köprülüzadə Məhəmməd Fuad
Lüğət
Rüəsa – rəislər
Müzayiqə – çətinlik
Sur – qala divarı
Təəbbüd – ibadətlə məşğul olma
Münqəbə – sərt, qaba, sıxılmış
Müsəmma – adlanma
Müərrib – tərcümə edən
Məvadd – maddələr
Həvali – ətraf
Zair – ziyarətçi
Məcus – atəşpərəst
Mücaviz – pir, məscid xidmətçisi
Mötəkif – ibadətlə vaxt keçirən
Etikaf – təklikdə yaşama
Xövf – qorxu
Zahib – gedən, yoxa çıxan, məhv olan
Müxəffif – yüngülləşdirən, asanlaşdıran
Bilad (bələd) – ölkə
Məmurə – tikintili, abad
Müqəyyid – qeyd edilən
Mülhəqat – qatılmış, ilhaq edilmiş
Zikr – adını çəkmə, söyləmə
Cədd – ata, baba
Mumaileyn – yuxarıdakı, həmin
Müfrəz – dəstə, hissə
Üzar (izar) – yanaq
Ribat – möhkəm bina, bağ
Nəhb – çapobul
Əsəl – bal
Ruğən – yağ
Səmur – dərisi qiymətli bir heyvan
Zübdə – seçilmiş hissə
Mürəbbə – kvadrat, dördlük
Hədid – dəmir
Təndürüst – boylu-buxunlu
Suri – şadlıq, sevinc
Suri-zifaf – gəlinlə bəyin görüşdüyü ilk gecə
Hədoya – hədiyyələr
Ehraz – qazanma
Tariq – dan ulduzu, zöhrə
İtab – məzəmmət, danlaq
Reyət – icazə, tabe olma
Mənqəbə – hədsiz mədh, mədhiyyə
Ləjan – şişirtmə, mədhiyyə
Xodsəranə – özbaşına
Təsmiyə – adlandırmaq
Kan – mədən; mənbə
Dər – qapı
Qeyd: M.Ə.Rəsulzadənin “Azərbaycan paytaxtı” məqalələrinin 5 hissəsi “Azərbaycan” qəzetində (№55, 57, 68, 75 – 1918, №108 – 1919), axırıncı hissəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin bir illik yubileyi ilə əlaqədar 1919-cu il mayın 28-də işıq üzü görmüş “İstiqlal” məcmuəsinin 1-ci nömrəsində dərc edilmişdir – Ş.H.
Süni böhran
“İttihad” firqəsinin bezdən başlayaraq mütləqa hökuməti düşürmək qəsdilə ortaya atdığı “sorğu” parlaman firqələrinin əhvali-hazirə həqqindəki nöqteyi-nəzərlərini dövlət məsələsində kimlərin hissiyyat və nəzəriyyat ilə, kimlərin əməliyyat və mühakimə ilə hərəkət elədigini göstərdi.
Qarabəyin firqəsi – gediniz, siz məmləkəti idarə edəməzsiniz, diyordu. Buradan təbii olaraq bir nəticə çıxarıyordu.
“Siz gediniz, biz gələlim”.
Buna qarşı sosialistlər, əvət, söylənən sözlər həpsi doğrudur, diyordular. Fəqət hökumət getməsin, yerində qalsın. Çünki Qarabəyin hökuməti Fətəli Xanınkindən yaxşı olacağı onlarca bəlli degildir. Çünki “keçəl Həsən, Həsən keçəl ikisi də birdir”.
Buradan nəticə – “parlaman özü demokratik degildir” sözü sosialist mənası ilə anlasaq deməliyiz ki, “sosialist degildir”. Bunun üçün də gözləməlidir ki, Məclisi-Məbusan gəlsin. O vəqtə qədər bu parlaman bir təhqiqat komisyonu seçsin, bu komisyondan əlavə bir də “ali tribunal” təşkil eləsin.
Bu təklifi edən əfəndilərə sormalıdır:
– Nasıl oluyor ki, demokratik olmayan bir parlamanın hökuməti işə yaramıyor da, haman parlamanın seçdigi komisyon “mələk” çıxıyor.
Burada bir məntiqsizlik vardır.
Bu məntiqsizligi sosialist əfəndilər bütün firqələrə qəbul etdirmək istiyorlardı.
Həqiqət bin bir firqə isə heç bir zaman göydə uçmaya ögrənəməz. Bütün siyasətində zaman və məkan daxilində görülə biləcək işlər daxilində fikir eylər və bu fikirlər üzərinə hərəkətdə bulunmayı məsləhət görər.
Bu nöqteyi-nəzərdən olaraq “Müsavat” firqəsi hökuməti nə düşürəməz, nə də kəvşətməz idi. Madam ki, digər bir hökuməti və yaxud komisyonu yenə bu parlaman seçəcək, o halda ya etimad və yaxud ədəmi-etimaddan bəhs etmək olar.
İttihad birinciyi, Müsavat da ikinciyi ixtiyar elədi. Sosialistlər isə üçüncü, qəribə bir şəkil təklif etdilər.
Təbii idi ki, məmləkətin mənafeini bir takım basmaqəlib kəlmələrdən degil, həqiqi qüvvətlərin tənasübündən və bu nisbətlərin ülfətindən hasil olma təbii bir nəzəriyyədən bəkləmək lazım idi.
“Al bayraq” İttihad firqəsinin “hökuməti bacarıqsız olduğuna görə iş başından kənar etdirmək istədiginə” inandığını bildirdikdən sonra “Müsavat”a hücum ilə diyor ki:
“Qoy hökumət özü yaxşı bilər, qoy özü düzəltsin” deməklə “Müsavat” firqəsi və yoldaşları boyunlarına “böyük bir məsuliyyət” götürdülər.
Əvət, “Müsavat” boynuna məsuliyyət götürdü və bununla hasil ola biləcək hökumətsizlik məsuliyyətindən “məsuliyyət” nə olduğunu vazeh bir surətdə görməyib də demaqoqların basmaqəlib sözlərindən qorxan zəif bünyəli sosialist mötəliflərini mənən olmasa da, maddətən qurtarmış oldu.
Bunu imdi degilsə də, sonradan, əlbəttə ki, anlarlar.
Fəqət “Al bayraq”, öylə də “Zarya” qəzetələri “Müsavat” formulundan bəhs edərkən formulun ikinci qismini qəsdən unuduyorlar. “Müsavat” ticarət və sənaye hasilatının yaxşı bir üsul ilə idarəsi və məkulat ilə ərzaq məsələsinin müvafiq bir surətdə yoluna qoyulması üçün lazım gələn tədbirləri görmək qəsdilə məxsusi bir parlaman komisyonunun təşkilini dəxi təklif elədi və təklifini qəbul etdirdi.
Demək ki, sorğu vasitəsilə əfkari-ümumiyyəyi işğal edən məsələlərin yanından keçib də yalnız “hökumət özü bilsin” demədi.
Bu cəhəti örtüb də qarelərinə qərəzkaranə bir məlumat verən qəzetələr səmimi bir üsuli-mübarizədən çox uzaqlaşmış oluyorlar.
Böylələri qoy bizdən degil, yoldaş saydıqları “İskra”dan heç olmasa ögrənsinlər ki, “etilaf ya namuskaranə (çestnı) olmalı və yaxud heç olmamalıdır”.
Hər halda arada bir böhran vardı. Bu böhran keçdi. Fəqət Fətəli Xanın hökumətini degil, ələlümum bu məmləkətdə bir hökumət saxlamaq lazım isə süni böhranlı yaratmaqdan çəkinəlim.
M.Ə.
“Azərbaycan”, 9 şubat (fevral) 1919, №109
Mötəlif – ünsiyyətli, müvafiq
Yanlış bir avaz
İstihalə zamanlarında, yəni bir haldan digər bir halə keçmək zamanlarında hökumət başında durmaqdan daha məsul, cəmaət işi görməkdən daha müşkül bir iş təsəvvür olunmasın.
Hər şey yerindən təprənmiş. Hər hal digər gün olmuş. Yalnız hökumət müəssisələri, məmurları, idarələri degil, hər bir şey dəgişmiş, yalnız maddiyyat degil, mənəviyyat da alt-üst olmuşdur.
Əxlaq başqa, nəzəriyyə başqa, hətta namus və eşq məfhumları, məhəbbət və nifrət mənaları da başqalaşmışdır.
Böylə bir zamanda cəmiyyəti razı salmaq, məmnun edə bilmək qədər təhlükəli və müşkül bir iş təsəvvür olunmasın.
İştə böylə müşkül bir vəziyyətdə, böylə məsuliyyətli zamanda Azərbaycan Məclisi-Məbusanı müqəddərati-milləti əlinə almış, cümhuriyyət gəmisini bu qaynar və daşar bir vəziyyətdə olan tarix dəryasında üzdürərək Məclisi-Məbusan kənarına gətirmək yükünü yüklənmişdir.
Fətəli xan Xoyskinin hökuməti təşkil olunduğu zaman, zaman və məkanın iqtizasını ölçərək “Müsavat”, bitərəflərə, sosialistlər və Əhrar fraksiyonları, milli əqəliyyət nümayəndələri hökumətə etimadla tərzi-hərəkətlərini bəyan etdilər. Firqə məqsədi degil, millət və dövlət nəzəriyyəsi xatirinə bir çox nöqsanlara göz örtməyi müvafiq gördülər.
Yalnız “İttihad” firqəsi başqa bir rəydə qaldı. Fətəli xanın təbirincə “daşını cibində” saxladı.
O zamanlar mərkəz firqələri, bilxassə “Müsavat” ilə bərabər sosialistlər də cəhd ediyor, parlamana girmək istəməyən qeyri-müslim sosialistlərə qandırmaq istiyorlardı ki, Azərbaycan parlamanı xaricində bir idarə, bir çarə yoxdur. Bu nöqteyi-nəzər üstündə duran türk sosialistləri həqiqətən də bir dövlət nəzəriyyəsi və iş zehniyyəti göstəriyorlardı. Firqə propaqandasından, firqə məqsədi güdməkdən ziyadə iş və məmləkət xatiri görülüyordu.
Azərbaycan istiqlalı nöqteyi-nəzərində duran demokratik firqələr böylə sabit bir nöqteyi-nəzər təqibi ilə nəhayət bütün müariz firqələrin də Azərbaycan parlamanını tanımasına səbəb oldular.
Əvvəlcə türk sosialistlərinə “müsavatçı” sosialist namı taxan “yoldaşlar” artıq türk sosialistləri ilə birləşmək və anlaşmaqdan bəhs edən məqalələr yazmağa başladılar. Bunun təsiri ilə bizim sosialistlər də məəttəssüf yanlış bir avaz (ton) götürməgə, əgri bir yola sapmağa başladılar.
“Parlaman demokratik görünmək istiyorsa da degildir” – deyə başqalarının nəqəratını təkrarlamaqla zənn etdilər ki, məqsədə müvafiq bir iş görüyorlar. Firqə məqsədi, propaqanda həvəsi, məmləkət mənafei, iş ciddiyyətinə faiq gəlməgə başladı.
Zatən dedilər, biz bu cür Məclisi-Məbusan düzəltmənin tərəfdarı degildik. Bunu “hakim firqələr” yaratdılar – deyə şikayətləndilər. Halbuki Məclisi-Məbusan qanunnaməsini Azərbaycan Şurayi-Millisi onların iştirakı ilə yazmış və onların dəxi təsdiqi ilə nəşr eləmişdir.
Tutalım ki, parlaman onların istədigi kibi qurula idi. Nəticə nə ola bilərdi.
Vilayətlərdən, komitələrdən, şəhərlərdən adam çağırılmayacaq, 44 adamlıq firqə siyahıları bərfərz iki bərabər artırılacaqdı. O zaman 20 Müsavat əvəzinə 40, 10 bitərəf əvəzinə 20, 4 İttihad əvəzinə 8, 11 sosialist əvəzinə 22 sosialist olacaqdı.
Əcəba, 22 sosialist bu, “həqiqi demokratlar” 120 kişilik bir məclisdə əksəriyyət təşkil edə biləcəklərmiydi.
Yaxud 40 nəfərlik bir müsavat sosialistlər və yaxud bitərəflərlə əqdi-ittifaq etmədən bir mərkəz bu vücudə gətirə biləcəkmi idi? Təbii ki, etməyəcəkdi.
O halda sosialistlər bittəbii kəndilərindən daha mötədil olanlarla bir ittifaq bağlamalı idilər. Bu nöqteyi-nəzərdən ilk ittifaq bağlaya biləcəkləri firqə “Müsavat” olacaqdı.
Halbuki “Müsavat”ı baltalamağa başlamışlardır.
Bu baltalamaq bəlkə də sosialist propaqandası yapmaq üçün işə yarar, fəqət məmləkət işi üçün zənn etməyiz ki, faidəsi olsun.
Əcəba, sosialistlərimiz ümumi intixaba bu qədər ümidvar ikən zənn ediyorlarmı ki, sosialist bir əksəriyyət toplaya bilsinlər? Zənn etməm. Madam ki, bu zənn yoxdur, o halda bugünki, yarınki və ehtimal ki, daha o biri günki ittifaqdaşlarını nahaq yerə tanımamazlığa gəlmiyorlarmı?
Yoxsa bu günün “menşeviki” yarının “bolşeviki” deyə mövcud olan nəzəriyyə bizim sosialistlərimiz həqqindədəmi doğrudur?..
Biz buna inanmaq istəməyiz.
Biz qətiyyən arzu etməriz ki, Əhməd bəyin idarə elədigi “Hümmət” Nəriman bəyin idarə elədigi “Hümmət” kibi tənqidat və mübarizələrində feodal və klerikal bir cərəyan müməssilləri olan sağları unudub, demokratik mərkəz ilə elədigi mübarizəyi zamanın təhəmmül edəmiyəcəgi əndazə xaricinə çıxarsın.
O halda ümid edəlim ki, parlamanımızın sol cinahını təşkil edən sosialistlərimizdə son günlərdə görülən yanlış avaz haman fürsət var ikən təshih olunur.
M.Ə.
“Azərbaycan”, 10 şubat (fevral) 1919, №110
İstihalə – halını dəyişmə, keçid
Müariz – etiraz edən
Bərfərz – fərz edək ki, tutalım ki
M.Ə.Rəsulzadənin 1919-cu il fevralın 5-də Azərbaycan Məclisi-Məbusanının 10-cu iclasındakı çıxışı
Hökumətə verilmiş olan sorğu müzakirəsi öylə bir şəkil aldı ki, adəta Məclisi-Məbusanda büdcə müzakirəsi surətinə düşdü. Qaidədir ümumi siyasət və nəzarətlərin fəaliyyətindən büdcə təsdiqi müzakirəsi əsnasında böylə ətraflı bəhs olunar. Fəqət sorğular üçün məhdud bir dairə var: müəyyən sorğu verilər, hökumət bəyanat verər. Parlaman qane olar və qərar çıxarar. Madam ki, şimdi parlaman qaidəsi pozulmuş, iş cığırdan çıxmışdır, onda ümum siyasət həqqində mütaliətimi bəyan üçün bana da müsaidə verərsiniz zənnindəyəm.
Əfəndilər! Burada hökumətdən bəhs edilərkən parlamandan əvvəlki halı da nəzərə almalıdır, sonrakını da. Məclisi-Məbusan dəvətindən əvvəlki hökumət dövründə olan halların sorğu-sualını sonrakı hökumətə istinad vermək müvafiq olmaz və ədalətə uymaz. Əgər parlamandan əvvəlki hökumətin siyasətindən xəlqə zərər dəymişsə və şimdi lazım görülüyorsa sabiq nazirləri təhti-məsuliyyətə alalım, mühakiməyə cəlb edəlim. Fəqət onların günahı üçün yeni kabinəyə etimad ya ədəmi-etimad məsələsi qaldırmaq heç də münasib şeylərdən degildir. Keçən natiqlər hökumət siyasətindən çox bəhs etdilər. Ona görə bu xüsusda bir qədər bəyanat verilməzsə zənnimcə məsələ birtərəfli təsvir edilmiş olar ki, o da mətlub degildir. Ağamalı oğlu parlamandan əvvəlki halı və o halın qeyri-təbii olduğunu türklərin buraya gəlmələrilə əlaqədar tutuyor. Zopadan və qatı tədbirlərdən şikayətlə Ağamalı oğlu türklərin buraya gəlmələrinin səbəbini müsavatın siyasətində görüyor və diyor ki, türklər gəldilər və bu fəna bünövrəyi qoydular və şimdi haman hal davam ediyor və bir müddət edəcəkdir də. Digər tərəfdən Ağa Aşurov cənabları diyorlar ki, məmləkətimizdə düz adam yoxdur. Bu iki mətləb biri-birilə sıxı surətdə mərbut və hər ikisi yanlışdır. Zira bunların nitqlərinin ruhundan böylə anlaşılıyor ki, biz özümüzü idarə etməgə, müstəqil olmağa layiq degilmişik. Bən bütün vicdanımla buna protesto ediyorum. Bizim şimdi giriftar olduğumuz hal yalnız Azərbaycan degil, yalnız Ermənistan və Gürcüstan degil, hətta sabiq Rusiya ərazisində təşəkkül etmiş bütün dövlətlərdə degil, əskidən bəri müstəqil yaşayıb özünü idarə etməgə adət eləmiş olan böyük cahan dövlətləri belə aləmşümul müharibə nəticəsi olaraq təbii halını qeyb etmişdir.
Sənələrdən bəri kəndisini idarə etmək nə olduğunu bilmədigimiz, əsarətdə yaşayıb milliyyət hissindən məhrum olduğumuz halda hökuməti əlimizə alıyoruz. Ona görə biz özümüzü idarə etməgə layiq degiliz fikri yanlışdır.
Türklərin buraya gəlməsində bir günah təsəvvür olunuyor. Guya türklər buraya gəlib zopa işlətmişlər.
Onları qeyri-yolsuzluqlar ilə də töhmətləndiriyorlar və bu işdə hər nədənsə natiq əfəndi “Müsavat” firqəsini əlaqədar tutur və buyuruyor ki, türkləri Azərbaycana “Müsavat” gətirmişdir. Qəribədir ki, digər tərəfdən də “Müsavat” türkləri istəmiyor – deyə bizi ittiham ediyorlar. Əvət, həm türkləri gətirdik, həm də gətirmədik. Bunların ikisi də doğrudur.
“Müsavat” türkləri çağırdı. Çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan Şurayi-Millisi müttəfiq idi. Bu nöqteyi-nəzərdə sosialistlər bu gün peşiman olsalar da, o gün bizimlə bərabər idilər. Ağamalıyov da türkləri çağırmışdı. Fəqət onlar bundan təkul etsələr də biz etməyiz. Biz kəmali-cəsarətlə deyiriz: türkləri çağırdıq və bununla iftixar ediyoruz! (Alqışlar).
Çünki türklər gəlməsəydi Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb bütün Azərbaycanı istila edəcəkdi. (Mərkəzdən alqış). İştə bu ali məqsəd üçün türklər buraya dəvət olunmuşlardı. Və burada əgər bəziləri tərəfindən bir takım üsulsuz hərəkət vaqe olmuşsa, o kibi münfəridən icra olunan ədəbsizlikləri bizi xilasə koşmaqdan başqa günahları olmayan fədakar türk ordusuna, Anadolu məhmədciklərinə təhmil etmək olamaz. Böylə bir nəməkbəhəramlığı millət irtikab eləməz. (Mərkəzdən alqış). Əcəba, türk əskərləri tərəfindən görülən bəzi şiddətləri görürkən rus inqilabçı ordusunun cəbhədən qayıdarkən bütün dəmir yol boyu ilə müsəlman füqərayi-kasibəsi üzərinə yapdıqları hədsiz-hesabsız və həqsiz samosudlarını unutduqmu əcəba (Mərkəzdən səslər: doğrudur! Soldan: öylə degildir!)...
Əfəndilər! Bununla bərabər “Müsavat” türklərin əleyhinə idi də. Bu da bir nöqteyi-nəzərdən doğrudur. “Müsavat” firqəsi birinci firqədir ki, Qafqasiyada türklük bayrağını yüksək qaldırıb türklük hissiyyatını oyatmışdır. (Mərkəzdən alqış). Fəqət bununla bərabər “Müsavat” hər zaman türklər ittihadını bir konfederasyon şəklində təsəvvür eləmişdir. Biz bilirdik ki, Şimal istibdadından yeni yaxasını qurtarmış Azərbaycan türkünün yüz sənədən bəri adət eləmiş xüsusi əhvalları vardır. Biz bilirdik ki, İstanbul doğrudan-doğruya Bakıyı idarə etmək istərsə xəlq bu idarəyə təhəmmül eləməz. Bakı İstanbula qarşı üsyan edər. Bunu biz hər zaman bilirdik. Onun üçün də Azərbaycanın kəndi başına idarə olunmasını istiyorduq.
Biz istəmiyorduq ki, Azərbaycanın da ağırlığı zavallı Anadolu türkləri boynuna atılsın və Azərbaycanda bulunacaq türk ordusu əfradından bəzilərinin yolsuzluqları Azərbaycan türkləri nəzərində Osmanlı türklərini ləkələndirsin. İştə bu nöqteyi-nəzərdən biz məsələyə idrakla baxaraq türklərin bizləri xilas üçün buraya gəlmələrinə tərəfdar olduğumuz kibi, bizim və onların nəfinə olaraq burayı qanunən idarə etmələrinə dəxi tərəfdar idik. Buna görə dəxi bu iki məsələ ancaq söylədigim bu tərzdə doğrudur.
Əfəndilər! Bilirsiniz ki, parlamandan əvvəlki üsul və əhval nə qədər fövqəladə idi. O zamanda siyasi firqə və müxtəlif cəmiyyətlərin nə dərəcə və nə qədər idarəyə nüfuz etdiklərini biliyorsunuz. O zaman hökumət ayrı cür idi. Fəqət hal-hazırda parlaman təşkil olunandan sonrakı hökumət qarşısında məsul olduğu üçün əhval hər dürlü həqqi-təshihə daha müsaiddir. Bu səbəblə bizim düşünəcəgimiz bir məsələ var ki, qarşımızda məsul olacaq xan və hökumətə biz idarəyi nə vəqt və nə kibi halda tapşırmış idik. Əvvəl bunu düşünməli, ondan sonra hökuməti təbdil üçün degil, ancaq hökumətə doğru bir yol göstərmək və bu yolda bir faidə bəsləmək qəsdilə bu kürsiyə çıxıb tənqidat yolunda bulunmaq lazımdır. Bir az müddət zərfində imkan daxilində nə ola bildi – olsun. Mümkün olan işlər əcəba olmuşmudur və yaxud olacaqsa nə dərəcə, nə qədər olasıdır – bunları əvvəla salim bir fikrə sahib olaraq tənqid etmək lazımdır. Türklər bir anda, bir dəqiqədə buradan getməli oldular. Siz bir kərə türklərin buradan çıxdıqları vəqti təsəvvür ediniz, o zamandakı hissiyyatınıza əlinizi vicdanınıza qoyaraq müraciət ediniz. Və sonra da xaricdən gələn bir qüvvəni və o qüvvə dolayısilə doğulan və qorxulu fikirləri düşününüz. Tərəziyə qoyaraq çəkiniz, çəkiniz həp böhranlı və nə kibi xof ilə rica arasında idiniz, sizi xarici qüvvələrə qarşı müdafiə edən bir qüvvə dolayısilə haminiz olan türk ordusu bilməcburiyyə gediyor; əvəzində digər bir qüvvət gəliyor ki, sizinlə olan əlaqəsini qətiyyən bilmiyorsunuz, sizə qarşı nə cür hərəkət edəcək və sizi müdafiə edəcək, yoxsa başqa bir cürə hərəkət edəcək, onun vəziyyəti-siyasiyyəsi nə olacaq, Azərbaycan təxti səlamət olacaqmı, yoxsa yox? İştə öylə təhlükəli bir zamanda Azərbaycan Şurayi-Millisi parlamanı dəvət etdi.
Parlaman üzvləriiclas günündə nə kibi xof ilə rica arasında toplandılar, bunu da siz özünüz pək əla bilirsiniz. O zaman təsadüfi olaraq İngiltərədən maəda bir çox xarici qüvvətlər gəlmiş idilər. Paytaxtımızda nələr törətdiklərini də unutmamısınız. Bunların hərəkətləri nə tövr idi. Hər saət, hər dəqiqə parlamanımız hücuma məruz olacağını düşünməkdə idik. Paytaxtımız böylə, başqa şəhərlərimizdə, vilayətlərimizdə nələr vaqe olduğunu bilmiyor idiniz. Bir ümidimiz var idi ki, türk qardaşlarımız gedəndən sonra onların yerində bir Azərbaycan qüvvəsi oturacaq və bizləri müdafiə edəcək. Fəqət o fikrin həqiqətə müvafiq olmadığımı görüldü. Təəssüf ki, Azərbaycanda bir qüvvə də qalmamış idi. Bunu siz də bilirsiniz ki, bu xüsuslarda daha fəzlə danışmağa zaman və məkan müsaid degildir. Biliyorsunuz ki, türklər burada ikən nümayəndəlik müəssisəsi olmadığından hökumət nə surətlə idarə ediliyor idi və nə dərəcəyə qədər idarənin namüsaid olduğunu da bilirsiniz. O zaman işlərin bəzi türk zabitləri ilə nə qədər əlaqəsi var idi.
Nəzarətlərin təşkilatları nə surətlə idi. Sabiq nazirlərdən Ağa Aşurov cənabları bu gün buyurmuş xitabında buyurdular ki, nazirlər xırda işlər ilə məşğul oluyorlar. Neft, bez və sairə şeylər ilə ərizələrə baxaraq imza ediyorlar. Sabahdan axşama qədər məşğuliyyətləri ərizəyə baxmaqdır və böyük işlər ilə uğraşmaya vaxtları olmuyor. Fəqət Ağa Aşurov cənabları kəndiləri nazir ikən nəinki bez, neft və sair vəsiqələrə baxmaq, bəlkə də pomidor icazənaməsini də kəndi imza ediyor idi. İştə ümumi nöqteyi-nəzərdən məsələyə ətraflıca baxılaraq vəziyyəti-siyasiyyəmiz göz önünə gətirilərək bitərəfanə mühakimə etməli və məsələyə öyləcə yanaşmalıdır.
Şimdi meydandakı əsl mətləbə gələlim. Meydanda olan yalnız sorğu məsələsidir. Bu sorğu əvvəlcə müəyyən maddələrdən ibarət idi. O maddənin ən əhəmiyyətli məsələsi məmləkətimizin yeganə sərvəti və bütün dünyada məmləkətimizi mümtaz edən neftin müvafiq üsul ilə satılmaması və bəzən xəlqə yaxşıca paylanmaması idi. Bu sorğu əsas etibarilə ticarət və sənaye nəzarətinə aid idi. Fəqət sorğuyu verən əfəndilər əvvəlcə söylədikləri bu oldu ki, onlar heç bir şəxsi müttəhim etmək degil, sistemi əsasən dəgişdirmək istiyorlar və bunun üçün də bir komisyon təşkilini təklif ediyordular. Fəqət sorğu veriləndən sonra gördük natiqlər nəzarətləri büsbütün ayrı tərəfə çəkdilər, ticarət nəzarətinin üsulsuzluğunu düzəltmək qəsdilə neftdən başladıqları halda əsl mətləbin özünü xəfifcə basdıraraq qaradavoylar üzərində dayandılar (alqış). Doğrudur, qaradavoylara əhəmiyyət vermək lazımdır. Çünki onlar cəmaətə daha yaxındırlar. Fəqət bunu bilmək lazımdır ki, hamı məsələlər həqqində birdən danışmaq bir nəticə verməz. Bir məsələ meydanda ikən və həll olunmamışkən digər bir məsələyə keçmək necə ki neft xüsusunda danışan natiq əsl məqsəddən ayrılıb şiddətlə qaradavoy üzərində duruyor doğru degildir (alqış).
(Ardı var)



