|
|
|
|

Namiq Həsənov Naxçıvanda doğulub boya-başa çatıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət doğulduğu Babək rayonunun Cəhri kəndində fizika müəllimi işləyib, sonradan komsomol işinə keçib. 1973-77-ci illərdə Naxçıvan şəhər-rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib, şəhər Partiya Komitəsinin büro üzvü olub. Bu yüksək etimad onun üçün əsl sınaq məktəbinə çevrilib. N.Həsənovun gənclərlə bacarıqlı təşkilatçılıq fəaliyyəti, ictimaiyyətin rəğbətini formalaşdıran fərdi keyfiyyətləri o vaxtkı Muxtar Respublika rəhbərliyinin diqqətdən yayınmayıb və o, Vilayət rartiya Komitəsində məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.
N.Həsənov təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də milli bir insandır. Azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm həyatda, həm də çalışdığı bütün kollektivlərdə uca tutan bir şəxsiyyət olub. Bu baxımdan onun 1983-92-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyi sistemindəki fəaliyyəti xüsusilə yaddaqalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, vətəninə, xalqına ləyaqətlə xidmət etmək naminə gəldiyini sübut edə bilib.
Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyev keçmiş SSRİ-nin siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra Moskvanın birbaşa havadarlığından bəhrələnən erməni millətçiləri ölkəmizə qarşı ərazi iddialarına başlamışdılar. Sovet imperiyasının hələ tam süquta uğramadığı, rus qoşunlarının ərazilərimizdə oturduğu, milli ordumuzun isə hələ də yaranmadığı, olmadığı bir vaxtda ermənilərlə həmsərhəd rayonlarımızın, sərhəd kəndlərimizin müdafiəsi, əhalinin təhlükəsizliyi vəzifəsi yalnız daxili işlər orqanlarının öhdəsinə qalmışdı. Həmin ağır vaxtlarda - 1990-92-ci illərdə polis polkovniki Namiq Həsənovun rəhbər polis geyimini hərbi mundirlə əvəz edib səhra komandiri, çox vaxt adi Vətən mücahidi kimi düşmənlə amansız döyüşə girməsini, ilk gündən torpaqlarımızın müdafiəsinə qalxan Naxçıvan polisinin ön sıralarında dayanmasını hər kəs yaxşı xatırlayır. O, Sədərək, Şada, Kərməçataq, Buzqov, Günnüt və digər yaşayış məntəqələrindəki ən ağır döyüşlər zamanı, mən deyərdim əsl fədai kimi nümunə göstərirdi. Həmin dövrdə məhz Daxili İşlər Nazirliyi rəhbərliyinin, o cümlədən N.Həsənovun ətrafında birləşən polis və könüllü özünümüdafiə dəstələri Naxçıvan torpağının bir qarışına da düşmən ayağının dəyməsinə imkan vermədilər. Çağdaş tariximizin ağrılı-acılı, faciəvi səhifələrinin əsasının qoyulduğu o dövrlərdə Namiq müəllimin xalqına, elinə-obasına bağlılığı bütün aydınlığı ilə üzə çıxdı. Təkcə vətənsevər bir rəhbər zabit kimi yox, Silahlı Qüvvələr və Müharibə veteranı kimi ad qazandı.
Onun şəxsi rəhbərliyi ilə daşnak qüvvələrinin Şada və Kərməçataq kəndlərinə güclü basqınlarının qarşısının alınmasını, yəqin ki, Naxçıvan əhalisi heç zaman unutmayacaq. Həmin döyüşlərin birində bir neçə könüllü və ağır yaralanmış milis nəfəri düşmən mövqelərinin nəzarəti altında qalmışdı. Namiq Həsənov çətinliklə də olsa ruslardan döyüş helikopteri əldə edərək və həyatını təhlükəyə ataraq döyüşçülərimizi ağır təhlükədən xilas etmişdi. Məhz bu kimi keyfiyyətlər,onu, o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu kimi parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi ümummilli liderimiz Heydər Əliyevin diqqətindən yayınmadı və N.Həsənov, Naxçıvana gəldiyi ilk günlərdən onun layiqli köməkçisinə çevrildi.
Heydər Əliyev şəxsiyyəti Naxçıvan əhalisi üçün nə qədər əzəmətli, nə qədər əziz olsa da, bu fenomeni dərk etməyənlər də var idi. Mühafizəkarlar, mərkəzin tapşırığını cani-dildən yerinə yetirən radikal qüvvələr belə adamlardan istifadə etməyə çalışırdılar. Amma ümummilli lider Heydər Əliyevin təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün xilaskarlıqlıq missiyasını yaxşı başa düşən Namiq Həsənov və onun kimi ziyalı insanlar təxribatlara imkan vermir, bütün qüvvələrin ümummilli lider ətrafında daha sıx birləşməsinə çalışıb xidmət edirdilər.
N.Həsənovun H.Əliyev şəxsiyyətinə, dəsti-xəttinə sonsuz sədaqəti o vaxtkı Azərbaycan iqtidarının, Xalq Cəbhəsi-Müsavat cütlüyünün də diqqətindən yayınmadı. İ.Həmidovun səyləri ilə Naxçıvan DİN-ni H.Əliyevə qarşı çevirmək planlarına qarşı qətiyyətlə dayandığına görəydi ki,1992-ci ildə onu qanunsuz və qərəzli şəkildə həm vəzifədən, həm də orqandan xaric edərək təqaüdə göndərdilər. Lakin həm öz əqidəsi, həmçinin H.Əliyevin tövsiyəsi ilə o, nazirliyi tərk etmədi, iş otağında qalıb nazirliyin parçalanmasına imkan vermədi, hadisələrin gedişinə nəzarət etdi, ulu öndərin dövlətçilik ideyalarının həyata keçirilməsinə axıracan sədaqətlə xidmət göstərdi. O vaxtkı ölkə iqtidarı radikallarının DİN-in, Televiziya və Radio Verilişləri Komitəsinin binasını silahlı yolla ələ keçirərək Naxçıvanda dövlət çevrilişi etmək cəhdinin qarşısının alınmasında H.Əliyevin ən yaxın köməkçilərindən, təşkilatçılarından biri, məhz N.Həsənov idi.
N.Həsənovun xidmətləri, şəxsi keyfiyyətləri ulu öndərin diqqətindən yayınmırdı. Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikasının prezidenti seçildikdən az bir müddət sonra - 1994-cü ilin aprelində Namiq Həsənovu Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə tövsiyyə etdi. Heydər Əliyev kimi fenomenal şəxsiyətin sonra o yenilməz insanın Naxçıvanda başladığı işləri davam etdirmək nə qədər şərəfli idisə, bir o qədər də çətin və məsuliyyətli idi. Namiq Həsənov burada da böyük öndərin siyasi xəttinə sədaqət nümunəsi göstərərək Muxtar Respublika əhalisinə ləyaqətlə xidmət etdi. Qarşıda, Naxçıvanın etibarlı müdafiəsini təmin etmək üçün yenicə yaradılmış nizami ordunun möhkəmləndirilməsi, blokadada olan Naxçıvan əhalisini elektrik enerjisi, yanacaq, çörək və digər zəruri ərzaq məhsulları ilə təmin etmək kimi çətin vəzifələr dururdu. Ən ağır məqamlarda ümummilli liderin diqqət və qayğısına ehtiyac olurdu. Bu dövrdə N.Həsənov ulu öndərdən əxz etdiyi ənənələrə, iş stilinə sadiq qalaraq tez-tez əhali ilə görüşlər keçirir, onları çətinliklərin tezliklə aradan qaldırılacağına inandırırdı. Zaman göstərdi ki, Namiq müəllim qənaətlərində yanılmayıb. Onu el içində nüfuz və hörmət sahibi edən əsas amil də elə budur.
Ölkə prezidentinin sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsi idi. N.Həsənov burada da ona göstərilən etimada sadiq qaldı, yüksək şəxsi keyfiyyətlərini ortaya qoydu, dövlətimizin sosial islahatlar xəttinin uğurla reallaşdırılması yolunda layiqli xidmət göstərdi.
70 illik yubileyiniz mübarək, Namiq müəllim!
Vəfa MƏMMƏDLİ



