|
|
|
|
Bakıda M.C.Pişəvərinin yeni kitabı çıxıb.
525.az xəbər verir ki, yeni kitabdakı əsas məqalələr Pişəvərinin açıq imzası ilə ilk dəfə çap olunur. Onlar 1945-ci ilin sentyabr-dekabr aylarında yazılıb, o, Demokrat Firqəsini və Milli Muxtar Hökuməti yaratmaq planı üzərində çalışırdı. Şeyx Xiyabanının 25 il qabaq Təbrizdə qurduğu Azadistan adlı 5 ay yaşamış Muxtar dövlətin təcrübəsini və səhvlərini öyrənirdi. Təhlükəsizlik mülahizələrinə görə, müxtəlif gizli imzadan istifadə edilirdi. Ən məxfi məsələ - qurulacaq Muxtar Hökumətin sosialist yönümü və Tehranla siyasi münasibətlərin tarixi və bu günü haqda “Novruz” imzası ilə yazırdı.
Bu problemlərin mərkəzi məsələsi isə iyirmi beş il qabaq qurulmuş Azadistan Muxtar Dövlətinin irsinə, Şeyx Məhəmməd Xiyabaniyə münasibətiydi. “Gizli imzalı məqalələr” kitabının əsas məzmunu budur. Buradakı məqalələrin yazıldığı vaxtdan 80 il keçməsinə baxmayaraq, onlar Pişəvərinin Bakıda ərəb əlifbası ilə 1961-də, kirillə 1984-də, latınla 2016-da çıxmış məqalə kitablarına salınmayıb. Bunun səbəbləri haqqında kitabın “Pişəvəri “Azərbaycan” qəzetində” adlı ön sözündə Rəhim Əliyev tərəfindən ətraflı bəhs olunur. Cənubda İran tərkibində Muxtar Azərbaycan Dövləti yaratmaq uğrunda 16 ay davam edən mübarizələr BMT-yə qədər gedib çıxdı, dünya gündəmində önəm qazandı, Bakıda Gənclik arasında görünməmiş milli ovqatlar yaratdı. Moskva bundan qorxuya düşdü, nəticədə hərəkatın milli məzmunu qadağa və məxfilik qrifi altına düşdü.
12 dekabr 1945-də partiyanın, Parlamentin, İran tərkibində Muxtar Hökumətin təşkili tamamlandı. Cənubda tarixdə misli görünməmiş hərəkat yarandı. Lakin 1946-ci il fevralın birinci həftəsində İranın baş naziri Əhməd Qəvvam Moskvaya səfərə gəldi və İ.V.Stalini aldatdı: boyun oldu ki, əgər Moskva Milli Muxtar Hökuməti ləğv etməyə kömək etsə, Qəvvam da bunun ardınca İranın qərbindəki bütün neft yataqlarını həmişəlik Sovetlərə icarəyə vermək haqda İran parlamentinin qərarını çıxaracaq.
Hökumət ləğv edildi, amma Qəvvam İ.Stalinə vəd etdiyi Parlament qərarını çıxarmadı. Üstəlik, şah nökərləri hərəkat iştirakçılarına qarşı tarixdə görünməmiş intiqam əməliyyatları keçirdilər. Moskva Milli Hökumətə kiçik hərbi yardımdan belə imtina etdi və 30 min hərəkat iştirakçısının qanına bais oldu: milli Kommunist partiyalarının açıq qınağından qorunmaq üçün Pişəvərinin rəhbərlik etdiyi hərəkat üzərinə məxfilik möhürü qoyuldu.
Bunlar Pişəvərinin gizli imzalı məqalələrinin çapı üçün yolu bağladı, amma həmişəlik yox. 80 ildən sonra olsa da bu məqalələr Azərbaycan gəncliyinə təqdim edilir. Kitabın ideya müəllifi və tərtibçisi AMEA Cənubi Azərbaycan şöbəsinin müdiri, prof. Rəhim Əliyev, redaktoru şöbənin elmi işçısı Elmira Bağırovadır.
D.Solmaz