|
|
|
|

İnsan mənəviyyatı problemlərinə həsr olunan, dərin psixoloji məqamları, həssas anları ilə diqqət çəkən “Səssiz haray” real hadisələr əsasında ekranlaşdırılmış bədii filmdir.
525.az xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Sədaqət Kərimova, quruluşçu operatoru Elxan Rüstəmov, rəssamı Sevda Məmmədovadır. “Soyuq günəş” və “İtən gündəlik” filmlərində olduğu kimi, bu filmin də bəstəkarı Sədaqət Kərimovadır. Baş rollarda Azərbaycanın tanınmış aktyorları İlhamə Əhmədova, Aygün Fətullayeva, Elşən Rüstəmov, Ədalət Abdulsəməd, Mirzə Ağabəyli, Zemfira Abdulsəməd, Qəmər Məmmədova, Dilarə Fərəcullayeva, Elçin Əfəndi, Zümrüd Qasımova, Fariz İlyas və başqaları çəkilib.
Qusarlı uşaqların yaxından iştirakı filmə xüsusi kolorit qatıb. Onların arasında Arsen Abbasov, Əminə Sadirova, Qasim Aslanov, Əlimurad Əlimuradov, Vadim Kərimov və başqaları da yer alır.
Filmdə həvəskar aktyorlardan Cavid Tahirov, Rasim Bəkərov, Nüşabə Xələfova, Züleyxa Əhmədova, Elmara Hacıkərimova, Mənsurə Xeyirova, Nəzifə Qaflanova, Alimə Novruzova da iştirak edib.
Əksər çəkilişlər Qusar Peşə Liseyində aparılıb. Çəkilişlərdə liseyin kollektivi, o cümlədən müxtəlif yaşlı rayon məktəbliləri yaxından iştirak edib.
“Səssiz haray” bədii filminin qala gecəsi mayın 11-də saat 19:00-da Nizami kinoteatrında keçiriləcək. Filmin nümayişi 12, 13, 14, 15, 16, 17 may tarixlərində baş tutacaq. Biletlər mayın 12-dən etibarən kinoteatrın kassasında satılacaq.
Çıxdığı gündən gündəmdə olan, “Youtube”da izlənmə rekordu qıran “Soyuq günəş” filmi qədər "Səssiz Haray" filminin də tamaşaçı sevgisi qazanacağı düşünülür.
Xatırladaq ki, ilk dəfə Azərbaycan və ləzgi dillərində çəkilmiş “Soyuq günəş” və "İtən gündəlik" bədii filmləri ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirib.
Qeyd olunan hər üç filmin ssenari müəllifi, və bəstəkarı 25 il "Samur" qəzetinin redaktoru kimi fəaliyyət göstərən Sədaqət Kərimovadır. Son iki filmin də rejissoru olan, S.Kərimova həmçinin 35 bədii kitabın və 200-dən çox mahnının müəllifidir.


Havar Şəfiyeva



