
Hər bir ölkənin vergi sistemi dövlətin strukturu və iqtisadi siyasətinin xarakteri ilə müəyyənləşir. İnkişaf etmiş Avropa ölkələrində vergi sistemi müxtəlifliyi və çoxşaxəliliyi ilə xarakterizə olunur. Avropa ölkələrində, ABŞ-da olduğu kimi, federal və regional vergi sistemləri, habelə yerli vergi sistemləri fəaliyyət göstərir. Azərbaycanın vergi sistemində son illər əldə edilən uğurlardan biri onun beynəlxalq vergi sisteminə inteqrasiyası və vergi sahəsində islahatçı ölkələr qrupuna daxil olmasıdır.
Azərbaycanda elektron auditin tətbiqilə əlaqədar hazırda bir çox inkişaf etmiş ölkələrin təcrübələri öyrənilir və bu sistemin tətbiqi üçün fəaliyyət planı hazırlanır. Ölkədə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanları arasında qarşılıqlı yardım göstərilməsi üçün əlavə imkanlar yaradır.
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Qeyd edək ki, kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisinin bu fəaliyyətində istifadə etdiyi istənilən əmlakı əmlak vergisindən azaddır. Dövlət başçısı mətbuat orqanlarının vergilərdən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklikləri də təsdiqləyib. Eləcə də prezident Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı fərmana dəyişiklik edib. İmzalanan sənədlərə əsasən, media subyektlərinin informasiyanın dərc olunması və yayımlanması olan fiziki və ya hüquqi şəxslərin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən, reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.
Bəs qarşıdakı dövrdə hansı sahələrin vergilərdən azad olunmasına ehtiyac var?
İqtisadçı-ekspert Eyyub Kərimli "525"ə açıqlamasında gələcəkdə daha çox ixrac yönümlü müəssisələrin vergidən azad olunmasına böyük ehtiyac yaranacağı qənaətindədir: "Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, bəzi fəaliyyət növləri ƏDV və digər vergilərdən azad olunub. Buraya əsasən, istehsal tarixi 3 ildən az olan hibrit avtomobillər, tütünəvəzliyici maddələr və s. aiddir. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək şirkətlər də 10 il vergidən azad edilib. Həmçinin, bəzi texnologiya parklarının rezidentləri, əhali qrupu üzrə alternativ 150KV qədər istehsal olunan enerji vergidən azad olunub. Eyni zamanda, media fəaliyyəti də 3 illik müddətə vergidən azad edilib. Bu illər ərzində xeyli sahələrdə vergi stimullaşdırıcı azad olunmaları tətbiq olunub. Quş yemi istehsalı və idxalı da 3 illik vergidən azad olunanlar siyahısındadır. 2024-cü ilə qədər bu islahat həyata keçiriləcək.
Xarici idxaldan asılılığı azaltmaq üçün dövlət müəyyən sahələrdə vergi güzəştlərini tənzimləyir. Bu baxımdan bəzən quş ətinin qiyməti aşağı düşür, ölkədə daxili istehsal artır. Vergi azad olunmaları iqtisadiyyatın inkişafına müsbət təsir göstərir. Gələcəkdə ölkədə daha çox ixrac yönümlü müəssisələrin vergidən azad olunmasına və vergi güzəştlərinin tətbiq edilməsinə böyük ehtiyac olacaq. Bu da ölkəmizin ixrac potensialına müsbət təsir göstərəcək".
2033-cü ilədək nəzərdə tutulan vergi güzəştləri kifayət qədər təqdirəlayiqdir və bu, işğaldan azad olunan ərazilərimizə sərmayə cəlbini sürətləndirəcək, fərdi sahibkarlığın, eləcə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək.
İqtisadçı Toğrul Maşallı isə düşünür ki, ölkədə bir çox sahələr vergidən azad olunsa da, bu, lazımi effekt vermir: "Azərbaycanda bir çox sahələr var ki, vergidən azaddır. Qeyd edək ki, ölkədə hansısa bir sahə müəyyən vergilərdən azad olunanda bəzi məqamlar izah edilmir deyə bu qərarların hansı səbəbdən verildiyi və nəticəsinin nə olacağı kimi məsələlər qaranlıq qalır. Bu və digər islahatlar konkret fəaliyyət sahələrinin effektivliyinə əsaslanaraq həyata keçirilməlidir. Verginin gəliri və ya xərci haqqında ümumi məlumat verilsə də, bu ancaq rəqəmlərlə göstərir. Məsələn, kənd təsərüfatı sahəsinin vergidən azad olunmağı heç bir effektivlik vermir. Çünki kənd təsərrüfatı subsidiyalardan, kreditlərdən və texniki avadanlıqlardan asılıdır. Eyni zamanda, sənaye sahəsində tətbiq edilən vergidən azad olunmalar da hansısa yeniliyə gətirib çıxarmayacaq. Düşünürəm ki, Gürcüstan və Türkiyə kimi bizdə də geniş vergi islahatı həyata keçirilməlidir".
Vergilər Nazirliyindən "525" ə verilən məlumatda sahibkarlığın dəstəklənməsi istiqamətində ölkəmizdə bir sıra sahələrə çoxsaylı vergi güzəştləri tətbiq olunduğu vurğulanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri mövcuddur. Vergi Məcəlləsinin 106-cı maddəsində kənd təsərrüfatı məhsulu istehsalı ilə, o cümlədən, sənaye üsulu ilə məşğul olan fiziki və hüquqi şəxslər 2014-cü ilin yanvar ayının 1-dən 10 il müddətinə gəlir vergisindən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olan şəxslərın bu sahədə istehsal edib satdığı məhsullar 10 il müddətinə ƏDV-dən azad edilib. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz olaraq azad edilib. Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü ilin yanvarın 1-dən bir il müddətinə mənfəət vergisindən azad edilib. Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bəzi satışdankənar gəlirlər əldə edirlər. Məsələn, dövlət büdcəsindən daxil olan subsidiyalar, müəyyən transferlər, eləcə də satışla bağlı olmayan əvəzsiz verilən vəsaitlər bura daxil edilə bilər. Yeni dəyişikliyə əsasən, fiziki şəxslər müddətsiz, hüquqi şəxslər isə 2024-cü il yanvarın 1-dək subsidiyalara görə gəlir və mənfəət vergisi ödəməyəcəklər. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan resident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilib.
Vergi Məcəlləsində KOB subyektləri üçün bir sıra vergi güzəştləri və azadolmalar nəzərdə tutulur. Gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir və mənfəətin 75 faizi miqdarında vergidən azaddırlar. Mikrosahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib.
Bu ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir, əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib.
Sahibkarlıq sahəsində bir çox subyektlərin, prioritet fəaliyyət sahələrinin, iqtisadi zonaların inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif növ təşviqlər, vergi və digər növ güzəştlər və azadolmalar tətbiq edilir. Bu güzəştlər həmin sahənin canlanmasına, əldə edilən gəlirlərin artımına və iqtisadi fəaliyyətin təşviqinə gətirib çıxarır. Vergi güzəştləri əldə etmiş vergi ödəyicilərinin sərəncamında daha çox vəsait qalır və onlar bu məbləğlə bizneslərini daha da inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, müasir təcrübələrin ölkəmizə gətirilməsi kimi imkanları əldə edirlər.
Havar ŞƏFİYEVA



