Elvin İNTİQAMOĞLU
ÖZÜN İTİRMƏDİ
Səhərin gözü açılmamış
gözünü itirdi əsgər -
özünü itirmədi,
şükür...
Azərbaycan əsgərini
şəhid etmək istəyən erməninin
bu dəfə də
bəxti gətirmədi,
şükür...
Gözünə göz yumsa da,
canına göz dəymədi -
Atası məmur təsəllisi eşitmədi,
Bayraq götürmədi,
şükür...
GÖY ÖLÜMÜ
Bir deyil, iki deyil,
dəfələrlə
səhərdən axşamacan
boğazı kəndirli halda
ayaq üstə yatıb biri...
İstədiyi baş tutmayıb,
göylərə üz tutub biri...
Bəlkə də
arzulamadığı gündə
arzusuna çatıb biri -
Cinayət xəbərlərində göstərdilər:
dünən saat 03:30-da
birinci mərtəbədən
özünü göyə atıb biri...
QƏM BİZƏ İRSƏN KEÇİB
Sizi deyə bilmərəm,
qəm bizə irsən keçib -
O vaxtı ulu babam,
dərd çəkə-çəkə ölüb...
Külqabının ağzını
tütünlə bağlayarmış -
Ulu nənəm həyətə
kül tökə-tökə ölüb...
Ulu babam oğluna
bircə dərd qoyub gedib -
Babam ağlı kəsəndən
ev tikə-tikə ölüb...
Babam atası kimi
tütünə aldanmayıb -
Nənəm küllü torpağa
gül əkə-əkə ölüb...
Atam babam kimidi,
Mən də ulu babamam...
ADAMLARIN ACIĞINA
Sevib xoşbəxt olmayan
adamların acığına
sevmədiyim qızla
sevdiyim küçədə öləcəm...
Gözündən buz tökülən
adamların acığına
isti Sibir çöllərində
mənfi sıfır dərəcədə öləcəm...
Göydən möcüzə gözləyən
adamların acığına
ölmüş ümidlərimlə
bir gecədə öləcəm...
Dünyada qalmaq istəyən
adamların acığına
necə doğulmuşamsa,
eləcə də öləcəm...
SON ON İL
Yuxumu gerçək eylədi
su səhvi,
çaş-baş saldı ömrümü
arzu səhvi.
Düşmən düşmənə etməzdi
bu səhvi,
mən ağılsız özümə etdim,
heyif...
Dilim, səni olasan
dilim-dilim,
indi kimə nə deyəsisən,
de, bilim.
Dilimin ucundadı
son on ilim,
üç ilim hədər oldu,
yeddim heyif...
Alma axtardım
armud budağında,
qışda başım gəzdi
yay papağında.
Olammadım gözümün
qabağında,
gözlərimdən qabaqda getdim,
heyif...