|
|
|
|
ChatGPT-ni inkişaf etdirən OpenAi-nin Baş İcraçı Direktoru (CEO) Samuel Harris Altman ABŞ Senatının Ədliyyə alt komitəsində ifadə verib.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Altman: "Ən böyük qorxum odur ki, biz texnologiya sənayesi olaraq dünyaya ciddi ziyan vura bilərik. Düşünürəm ki, bu, bir çox fərqli şəkildə baş verə bilər", - deyib.
"Bütün texnoloji inqilablarda olduğu kimi, məşğulluğa əhəmiyyətli bir təsir gözləyirəm, lakin bu təsirin necə olacağını dəqiq proqnozlaşdırmaq çox çətindir", - deyən Altman ChatGPT texnologiyasının "çox pis yerlərə gedə biləcəyini" proqnozlaşdırıb və Senata xəbərdarlıq edib.
ChatGPT-nin artan populyarlığı və süni intellektin müsbət və mənfi imkanlarından danışan Samuel Harris Altman hökumətin bu dəyişikliklərin idarə olunmasını təmin etmək üçün addım atmalı olduğunu etiraf edib.
Altman 3 saat davam edən görüşdə ABŞ senatorlarına süni intellekt texnologiyalarının lisenziya yoxlamalarının aparılması üçün müstəqil mexanizm yaratmağı tövsiyə edib və bunun onların təhlükəli imkanlarının qiymətləndirilməsi də daxil olmaqla bir sıra təhlükəsizlik standartlarının yaradılmasına imkan verəcəyini bildirib.
Altmanın dediyinə görə, bu yolla biz modellərin “özünü təkrarlaya və özbaşına hərəkət edə bilməyəcəyinə” əmin ola bilərik.
Qeyd edək ki, komitə iclasında çıxış edən bəzi senatorlar da süni intellekt bazarında korporativ əməkdaşlıq barədə xəbərdarlıq edərək, bu sektorda az sayda texnologiya şirkətinin üstünlük təşkil edəcəyi təqdirdə qarşılaşa bilinəcək problemlərə işarə ediblər.
Qoşqar Bəylərov