Günel BALAKİŞİ
Allah hər zaman
sevindirsin səni.
Səndən ötrü axıtdığım
göz yaşlarımın
hər damlası qədər.
Arzuların çiçək açsın.
Səninlə bağlı
qəlbimdə qalan
arzularım qədər.
Mənim qədər sevəsən,
demirəm.
Bu, duadan çox qarğış olardı.
Seviləsən,
məni sevməyini
umduğum qədər.
Çox istədim, azdan oldum.
Gözəl olan hər nə varsa
azı deyil, elə çoxu sənin olsun.
Doyasan sevgidən
mən sənə yarıac qaldığım qədər.
Şirin olsun ömrün.
Mən səni acıladığım qədər,
sən məni acıladığın qədər.
Ehtiyacın olmasın,
heç kimə, heç nəyə.
Mən sənə ehtiyac duyduğum qədər.
Ürəyinin ağrısı mənim,
ürəyimin sağlığı sənin olsun.
Sağlam olasan, ürəyinə qurban.
Mən sənə xəstə olduğum qədər.
Hər gün yaşayasan xoşbəxt, bəxtəvər.
Mən sənsiz hər saat öldüyüm qədər.
Ən böyük peşmanlıq nədir, bilirsən?
Heç bilmə, mən bildim - bildiyim qədər.
lll
Mən gəlin oldum, ana,
Toya gəlməyənlərdən
Elə incik düşmüşəm,
Elə ən başda səndən
Ən çox səndən küsmüşəm.
Anasız gəlin olar?
Qızlar ən çox toyunda
Anasını axtarar
Anasına sığınar,
ağ donlu ürkək quzu.
Bəs mən kimə sığınım?
Mən - "bəxtəvərin qızı"
Qızını ər evinə
Ana yola salar da,
Əlinə xına yaxar
Başına dolanar da
Neyləyirəm xınanı,
Anamı istəyirəm.
Xınasız gəlin olar?
lll
Uşaq bağçasında bir dostum vardı - Rasim.
Qarabəniz, ucaboy, cılız.
Elə sarılırdı boynuma mənim,
Zorla ayırırdı analarımız.
"Cücə", - deyib çağırırdı adımı.
Mən də bapbalaca, sapsarı bir qız.
Uşaq sevgisiylə "böyük" adama,
Üşüyəndə sığınırdı, cücə qız.
Rasim yıxılanda qalxıb gülürdü:
- Cücə, gördün?! Yaralandım, gücləndim.
O gün, bu gün... yıxıldıqca böyüdüm,
Böyüməyi mən, Rasimdən öyrəndim.
Sayıb yaraları bəhsə girirdik,
Kimdə çox idisə, ən güclü oydu.
Biz Rasimlə bir daha görüşmədik.
Bizi ayıran yol məktəb yoluydu.
Ah Rasim, kim bilir, indi hardasan...
Hansımız çox yıxılmışıq, bilmirik.
Hələ də sayırsan? Ya unutmusan?
Görəsən, sən ya mən daha güclüyük?!
lll
Sən heç təktərəfli sevdinmi birini?
Canını istəsə, verməyə hazır olduğun
Yarıcan etdimi səni heç?
Adam həsrətdən darıxar
Heç ürəyin darıxdımı
Bu dünyada o var, deyə.
Sevgidən söhbət düşəndə
"sevgi yoxdur,
mən sevgiyə inanmıram" deyə-deyə,
Öz içində yalanını söyə-söyə,
Yerli-yersiz girdinmi heç mübahisəyə?
Ürəyinlə savaşına yenik düşüb
Savaşdınmı sevənlərlə
Sırf o, səni sevmir deyə.
Ən gözəl libasını geyinib,
Ən bahalı ətrini vurub
Daradınmı yolunmalı saçlarını,
Bayrama gedirmiş kimi
Getdinmi görüşünə?
Yenə də, yenə də gözəl olmayıb
Üsyan etdinmi yaradana?
Sən hamıdan gözəlsən, deyən, anana.
Ona nifrət etməyi bacarmayıb
Özünə nifrət etdinmi,
Aynalara düşmən kəsildinmi, heç?
Sən heç tək tərəfli sevdinmi birini?