Rahil TAHİRLİ
Nənəm deyərdi ki, duaya xatir,
Allah göy üzündə Yeri saxlayır.
Halallıq almağa əldə qabarı,
Bir də ki, alında təri saxlayır.
Bilsəydik, hər sirri açıb gedərdik,
Bir an da durmazdıq, qaçıb gedərdik,
Biz ki, bu bədəndən uçub gedərdik
Bizi bu bədənlə dəri saxlayır.
Fitrətdir, çiçəkdən çiçək doğulur,
İlahi nə varsa, göyçək doğulur,
Hər kəs bu dünyada mələk doğulur,
Hər kəs öz içində pəri saxlayır.
Hamı öz qapısın bağlayıb gedir,
Gedəndə özünə ağlayıb gedir,
Evlər xiffət çəkir, ağnayıb gedir,
Adamlar evləri diri saxlayır.
lll
Keçsə əlli il də, yüz il də, yenə,
Adam bu dünyada lox olur, dədəm.
Pisdisə, çəkilib gen dayanırlar,
Yaxşının yiyəsi çox olur, dədəm.
Varın var dərdi var, yoxunku yoxdur,
Kamanın qəddi var, oxunku yoxdur,
Azın sərhəddi var, çoxunku yoxdur,
Aza qane olan tox olur, dədəm.
Bölməyə tikə var, tox yemədikcə,
Dərd-sər də az olur, çox ye
mədikcə.
Adam bu dünyaya yox demədikcə,
Adam bu dünyada yox olur, dədəm.
lll
Necə görmədin bu damı,
Gələndə bu dam yox idi?!
Pərişan, boynu bükülü
Burda bu adam yox idi?!
Heç bir misram, heç bir sətrim,
Xətrini xoş edən xətrim,
Heç burnuna dəyən ətrim,
Heç səsim, sədam yox idi?!
Nə gözümü oyub getdin,
Nə dərimi soyub getdin...
Məni burda qoyub getdin -
Başqa bir edam yox idi?!
lll
Vardır çoxlu günahım,
Çoxlu savab əməlim.
Bu günüm necədirsə,
Elə idi əvvəlim,
Aç qapını, mən gəlim.
Bir əlimdə çiçəyim,
Bir əlimdə xəzəlim.
Necə döyüm qapını?!
Döyməyə gəlmir əlim,
Aç qapını, mən gəlim.
Yol gəlib yorulmuşam,
Yumulmuşam - dincəlim.
Yaman verib Allahım,
Yaman gəl
ib əcəlim,
Aç qapını, mən gəlim.
lll
Bu qərib dünyada qərib bir adam
Dişini dişinə bərk-bərk sıxardı.
Havayı gələrdi dərdi, məlalı,
Çörəyi bir qara daşdan çıxardı.
Hamı sevgiliydi, hamı yar idi,
İçində bahardı, üstü qar idi,
Dünyada bir quru canı var idi,
Onu da min dəfə oda yaxardı.
Başqa bir boxçanı eşib getməzdi,
Dəydiyi ürəyi deşib getməzdi,
Çayın kənarıyla düşüb getməzdi,
Qarışıb çay ilə birgə axardı.
Elə yapışmışdı söz sinəsinə,
Elə bil yapışıb köz sinəsinə.
Söykənib evinin pəncərəsinə
Özü olmayacaq günə baxardı
Bu qərib dünyada qərib bir adam...
lll
Susub durdum vərəq-vərəq,
Sənmi uzaq, mənmi uzaq,
Mən elə o toppuş uşaq,
Əlindən tutam, hardasan?!
Hardasan, Atam, hardasan?!
Orda qoydum öz xətrimi,
Burnunda qalan ətrimi,
İndi mənim həsrətimi
Hamıdan çox Gülüm çəkər,
Son şəkili ölüm çəkər.
Tənhaydın hər yerdə tənha,
Dayandın hər dərdə tənha,
Bizi heç bir yerdə tənha
Qoymayan Adam, hardasan?!
Hardasan, Atam, hardasan?!
Adam gəlib düşür bəndə...
Tanrıya qayıdır bəndə.
Sən bilməzsən, ruh bədəndə
Ömür boyu zülm çəkər,
Son şəkili ölüm çəkər.
Gül bağının barı lalə,
Yarı nərgiz, yarı lalə,
Gül açıb al-sarı lalə,
Şaftalı, badam, hardasan?!
Hardasan, Atam, hardasan?!