Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
525.az xəbər verir ki, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının təzahürü kimi dəyərləndirilib.
Vurğulanıb ki, ötən dövr ərzində Türkiyə hərtərəfli inkişafa nail olaraq beynəlxalq miqyasda mühüm güc mərkəzinlərindən birinə çevrilmişdir.
Məmnunluqla qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə daha da genişlənmiş, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi nəhəng layihələr təkcə iki ölkənin deyil, ümumən regionda və dünyada qarşılıqlı faydalı əməkdaşlığa, sülhə və inkişafa xidmət edir.
Təbrik məktubunda Baş nazir Əli Əsədov “bir millət iki dövlət” prinsipi ilə müttəfiqlik münasibətlərini daim dərinləşdirən iki qardaş dövlətin ümumi maraqları naminə, eyni zamanda, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində səmərəli əməkaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.