|
|
|
|
Səadət QƏRİB RZAYEVA
Qocalmaz sevilən qızlar
Əlli üç yaşımla vidalaşıram,
Demək, əlli üç il keçdi ömürdən.
Sevgidən yorulan ürəyimlə mən
Qorxmuram - nə yaşdan, nə də ölümdən.
İllər harayımda sükuta dönüb,
Sarsılmış xəyallar qınağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.
Kədərli rəqəmlər yaman boylanır,
Fikirli-fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Həyat səhvlərimi vurur üzümə.
Pələngtək nərəsin çəkəndə ürək,
Qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular hərdən,
Qurtula bilmədim eşq pəncəsindən.
İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyin bitdi.
Bəzən də mənimlə ağladı zaman,
Gözümdə canlanan gəncliyim itdi.
Bu günsə bir başqa kövrək nəğməyəm,
Sözləri bəlkədən, kaşdan ibarət.
Bu nəğmə yarımçıq, kimsə anlamaz,
Nəğmənin xətası olub "nəqarat".
Əlli üç qış, bahar, əlli üç payız ,
Hay vurdu, qıy vurdu fələk önündə.
Hünərlə bu illər çıxdı döyüşdən,
Zəfəri yaşadım mən hər günümdə.
Ürəyim sevgidən səksəkədədi,
Yenə də səngimir dəcəl arzular.
Gəncliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaz sevilən qızlar.
Gözəl deyilmiş
Uşaqkən böyümək istədim hər gün,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm, dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək, ana.
Hər gün gözləyirdim doğum günümü,
Olmazdı kədərim, olmazdı qəmim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.
Kaş yenə oynayıb uşaq oyunu,
Dərdin atəşindən uzaq olaydım.
Qaçıb gizlənəydim qanlı fələkdən,
Dünyadan doyunca ləzzət alaydım.
Gülərüz qız idim, dərdsizdim, ana.
Bilməzdim xoşbəxtlik çox az sürəcək.
Vüsal dəryasında üzdüyüm zaman,
Mən hardan biləydim, hicran gələcək.
Elə bilirdim ki, böyümək gözəl,
Bilməzdim nə imiş qəlb sarsıntısı.
Sanmışdım hər zaman sevinəcəyəm,
Nə qədər ağırmış dərd sıxıntısı.
Uşaqkən yaralar tez sağalardı,
Yeməzdi içindən yara heç kəsi.
Yaranın bircəcik məlhəmi vardı,
O da ana eşqi, ana sevgisi.
Uşaqkən böyümək istədim elə,
Qəlbimdə min arzu, min dilək, ana.
Böyüdüm, dərdim də böyüdü mənlə,
Heç gözəl deyilmiş böyümək, ana.
Ağlayan xatirələr
Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.
Dağların qarıtək soyuyub sinəm,
Donmuşam, bir daha çətin isinəm.
Elə bil bulud da, yağış da mənəm,
Çayların suyutək durulmağım var.
Həyatım küləyə, yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.
Eşqim uca idi, hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.
Bilmirəm həyatda yoxam, ya varam,
Baxdıqca geriyə, sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram,
Ən çox da özümə darılmağım var.
Boş çərçivə
Gələndə özüylə nə gətirdisə,
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini
Artıq çıxarmışam çərçivəsindən.
Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acılar dəyməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə
Yenidən şəklini qoymaram daha.
Bəlkə də könlümün gözü tutulub,
Ya da ki qocalıb, sevməkdən bezir.
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi, ruhun ölüb, səndə nə gəzir?!
A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam, o son məzarim.
Səni özündən çox sevənin varsa...
Sevinc də gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb-gülənin varsa.
Buludtət çağlayıb yağmağa nə var,
Əgər göz yaşını silənin varsa.
Bir könül ağrısın "dərməyə" nə var,
Dərdini gün üstə sərməyə nə var,
Bir canı yar üçün verməyə nə var,
Qədir-qiymətini bilənin varsa.
Ürək sirr otağı, alınmaz qala,
Həsrət sevənlərçün şirin bir bəla,
Həsrətin yanında vüsal da ola,
Hicran da gözəldi - gələnin varsa.
Ömür keşməkəşli, dərdlər ocağı,
Ölüm də bir yandan açır qucağı,
Şirindir hər eşqin son vida çağı,
Sevginə bir ağı deyənin varsa.
Ürək qidasıdır sevgi-məhəbbət,
Bir azca nəvaziş, bir azca şəfqət,
Bax, budur yaşamaq, budur səadət,
Səni özündən çox sevənin varsa!
Gəncliyim uzaqdan baxıb kövrəlir
Əllinin əlindən tutub gedirəm,
Gəncliyim uzaqdan baxıb kövrəlir.
Ömür kiprik-kiprik qəmli gözünü
Saçımın ağına sıxıb kövrəlir.
Götür könül-könül oxşa əllimi,
Qəlbimin səsində, ürək səsimdə.
Gəncliyin istisi gülür üzümə
Bu hicran duyğulu ürkək səsimdə.
Arzular ümüdlə səsləyir məni
Sevginin dilində, eşqin dilində.
Ara ətir-ətir baxışlarımı,
Sevdanın gülündə, sevgi gülündə.
Bir həzin nəğmədi kədər avazlı,
Üzümdən boylanan ömür yoxuşu.
Baxıb qırış-qırış gələn qismətə,
Alnımda kövrəlir ömür naxışı.
Ayların-illərin qözündə qaldı,
O şıltaq çağımın sığallı günü.
Əridi zamanın ac dodağında,
Sevdalı taleyin o ballı günü.