
Azərbaycan və Türkiyənin bənzərsiz münasibətləri, dostluğu bütün dünya üçün nümunədir. Bu gün dünyada oxşar münasibətlərə malik başqa dövlətlər tapmaq mümkün deyil. Azərbaycan və Türkiyə hər hansı maraq güdmədən sevincdə də, kədərdə də hər zaman bir-birinin yanında olub. İki dövlət istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada daim həmrəylik nümayiş etdirir. Dövlət başçıları arasındakı qardaşlıq münasibətləri, eyni zamanda xalqlarımızın bir-birinə olan sevgisi bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb, əlaqələrimizi daha da gücləndirib.
44 günlük Vətən müharibəsində qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək heç zaman unudulmayacaq. Ərdoğan birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəklədi. Azərbaycan əlbəttə ki, öz hərbi gücü ilə torpaqlarımızın 30 illik işğalına son qoydu. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi oldu.
Yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi bir daha iki ölkənin sarsılmaz münasibətlərinin göstəricisidir. Azərbaycan- Türkiyə münasibətlərində prezident seçkilərindən sonra ilk qarşılıqlı səfərlərin edilməsi də artıq ənənə halını alıb. Ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi və işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir. Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir.
Cənab Ərdoğanın səfəri həm də Şuşa Bəyannaməsinin imzalandığı tarixə təsadüf edir. Belə ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə birgə Bəyannamənin imzalanması mərasimində Azərbaycan lideri Qars müqaviləsini xatırlatdı. Sitat: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri isə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
"Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır", - sənəddə deyilir.
Hazırda dövlətimiz tərəfindən Qarabağda
aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir.
Bu il qardaş ölkə dəhşətli zəlzələ ilə üz-üzə qaldı. Azərbaycan hər zaman olduğu kimi, dərhal öz qardaşlarının köməyinə çatdı. Dəhşətli zəlzələnin fəasadlarının aradan qaldırılması üçün Azərbaycan dövlətinin Türkiyə ilə bərabər bütün imkanlarını səfərbər etməsi qardaşlığın daha bir nümunəsidir. Azərbaycanın göstərdiyi dəstək yalnız maddi və humanitar sferalarla məhdudlaşmadı, eləcə də siyasi müstəvidə özünü göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
Şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın bu gün apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter almış və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir.
O vurğulayıb ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər: "Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnakların caynağından xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana - Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Ümumiyyətlə, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.
Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq".
C.Məmmədov əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var: "Bu layihənin həyata keçirilməsi bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin, Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq. İqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda, region dövlətlərinin hər birini yüksəlişə aparacaq bu proseslərin kənarında qalaraq məhv olacaqlar.
Əminik ki, Türkiyə Prezidentinin Azərbaycan son səfəri dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır!".



