Zaman dəyişir, texnologiya inkişaf edir. Bu dəyişim artıq insanlığı da öz ağuşuna almağı bacarıb. Nəzərə alsaq ki, sosial şəbəkələr milyonlarla insanın saatlarla vaxt keçirdiyi yerdir, o zaman onu yeni dünya da adlandıra bilərik. Aparılan araşdırmalara görə qlobal cəmiyyətdə əhalinin üçdə ikisi internet bağlantısına sahib, təxminən 60 faizi isə sosial şəbəkələrə üzvdür. Hətta informasiya texnologiyalarından, xüsusən də internetdən beynəlxalq asılılıq davamlı şəkildə artır.
İnsanlar kiberdünya şərtləri ilə nə qədər ayaqlaşa və öz təhlükəsizliklərini qoruya bilirlər?
Bəlkə də bilmirlər. Suallar çoxdur, indi isə cavablarını tapmağa çalışaçağıq. İlk olaraq bilmək lazımdır ki, yaşamaq üçün təhlükəni görmək, onunla mübarizə aparacaq yolları bilmək vacibdir. Amma günümüzdə təhlükəsizlik tədbirlərinə əməl etmədən yeni dünyada yaşamağa çalışan insanların sayı-hesabı yoxdur.
Kibertəhlükəsizlik nədir və bu yeni dünya insanlara nə üçün lazımdır?
Kibertəhlükəsizlik kibercinayətlərdən müdafiə üçün informasiya təhlükəsizliyi üzərində aparılan tədbirlər toplusudur. Məlumdur ki, qurulmuş bir sistem varsa, bu sistemi pozmağa çalışanlar da var. Yeni düyada isə bu kibercinayətkarlıq sayılır. Kibercinayətlərdən qorunmaq isə heç də asan iş deyil. Kiberhücumların vurduğu ziyanın əhatəsi - kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə, “ağıllı” adlanan bütün texnoloji ekosistemə, kritik infrastruktur sistemlərinə və s. qədər kəskin şəkildə genişlənməkdədir. Bəlkə də bu səbəbdən kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir.
Kibercinayətkarlar hədəflərini necə seçirlər və hansı kiberdələduzluq daha sıx yaşanır?
Kibercinayətkarlar hücum hədəflərini şəxsi maraqlarına uyğun olaraq seçirlər. Bu maraqlardan biri də dələduzluq yolu ilə pul əldə etməkdir; səxsi məlumatların oğurlanması, xaricdən pul təklifləri, uduşlar, mükafatlar, lotereyalar. Oxuduqca bəlkə də bu variantlar sizə olduqca tanış gələcək. Bəlkə də nə vaxtsa kibercinayətin qurbanı olmusunuz, bəlkə də son anda vəziyyəti başa düşmüsünüz.
Azərbaycanda bu cinayətlərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Yetəri qədər mütəxəssis varmı?
Bəli, Azərbaycanda kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi var. Çox yox, iki il geriyə qayıtsaq, vətən müharibəsi dövründə mütəxəssislərimizin nələrə qadir olduqlarının şahidi olarıq. Lakin, mütəxəssislərdən öncə hər kəs özünü kiber bəlalardan müdafiə etməyi bacarmalıdır. Ən azından istifadə etdikləri sosial şəbəkələrin təhlükəsizlik tədbirləri ilə yaxından tanış olmalı, şəxsi məlumatlarını vacib olmadığı halda ikinci şəxslərlə bölüşməməlidirlər. Bütün ehtiyat tədbirlərini gördükləri halda əgər yenə də qurbana çevirilirlərsə, müvafiq orqanlara həmin anda şikayət etməkləri məqsədə uyğundur.
Şəbnəm Nəsibova