|
|
|
|

Aynurə İNCİ
Bir zaman şənimə təriflər deyib,
"Getmə, qal," - deməyən dilindən küsdüm.
Ovcunda duası geriyə dönən,
Qəlbintək buz tutan əlindən küsdüm.
Ömrümün ətirli bahar çağında,
Yaşadım qəlbinin qış otağında.
Adımla bağlanan sevgi bağında
Solan çiçəyindən, gülündən küsdüm.
Başını çən aldı eşq dağımızın,
Sualı çox oldu sınağımızın.
Əbədi qalanan ocağımızın
Külək sovurduğu külündən küsdüm.
Ümid qapısına qıfıl vuruldu,
Vüsalın boynuna hicran sarıldı,
Yolu uzun oldu, yolda yoruldu,
Ünvana çatmayan ölümdən küsdüm.
lll
Qələmlə dost oldum, sirrimi verdim,
Çəkdi hisslərimi vərəqin üstə.
Uçdu xəyallarım keçmişə sarı,
Durna qatarıtək hey dəstə-dəstə.
Ömrümün bağında küləklər əsdi,
Susuz torpaq kimi sərtləşən oldum.
Bezib kədərimin ayaq səsindən,
Qələmlə, vərəqlə dərdləşən oldum.
Gecəyə qələmin gözüylə baxdım,
Gördüm öz zülmətim çöküb qəlbimə.
Aydan uzaqlaşıb sönən ulduzlar,
"Həsrətin rəsmini" çəkib qəlbimə.
Yazarkan ömürdən ötən illəri
Arzumu sovuran əsən yel oldu.
Yağıştək çilənən xoş xatirələr,
Gözümdən könlümə axan sel oldu.
lll
Dərd-sərim yığılıb xəzinə kimi,
Ürəyin görünməz yeddi qatında.
Cismim yol yorğunu, ruhum piyada,
Ömür çapıb gedir zaman atında.
Ömrümdən pay alıb gedən gəncliyin
Ardınca gözümün yaşı boylanır.
Payız xəzanının pıçıltısından
Mənim taleyimin qışı boylanır.
Tanrı dərgahına gedən yolçuyam,
Ovcumda göz yaşım, qəlbimdə kədər.
Bu tale Allahın əmanətidir,
Sonuncu mənzilə çatana qədər.
lll
Bir anlıq sükut eləyək,
Arzularım yad olunur.
Dar ağacı kirpiyimdə
Göz yaşım edam olunur.
Ürəyimdə dəfn edilib,
Gör nə vaxtdır, neçə ildir.
Ağ saçımın hörükləri
Məzarının əklilidir.
Bu həyatın sərt qışında,
Odum ol
dum, közüm oldum.
Arzularım vaxtsız öldü,
Yetim oldum, özüm oldum.



